[ 02 Fevral 2015 12:19 ]
Bakı – APA. ADA Universiteti İxtisasartırma Proqramı 5 may – 28 noyabr 2014-cü il tarixlərində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 53 əməkdaşı üçün təşkil etdiyi “İdarəetmə və Kommunikasiya Bacarıqları” təlim proqramını uğurla başa vurub.
ADA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, məzun buraxılışı günündə ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev, Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev və ADA Universiteti İxtisasartırma proqramının rəhbəri Aygün Haciyeva çıxış ediblər.
H. Paşayev gənc peşəkarlara uğurlar arzulayıb, məzunları ADA Universitetinin sosial həyatında yaxından iştirak etməyə çağırıb.
E. Mehdiyev isə təlim proqramının həyata keçirilməsində göstərdiyi dəstəyə görə DSMF-in kollektivi adından ADA Universitetinə təşəkkürünü bildirib. Dövlət qulluğunun ən vacib şərtlərindən biri olan kadr potensialı və insan kapitalının inkişafı, o cümlədən gənclərin davamlı inkişaf tələbləri ilə ayaqlaşmaq istəyinə cavab olaraq bu təlimlərin DSMF-in gənc əməkdaşlarının peşəkar inkişafında və gündəlik fəlayyətlərində əvəzsiz rol oynadığını bildirib.
Sonra A. Hacıyeva DSMF üçün təşkil olunmuş “İdarəetmə və Kommunikasiya Bacarıqları” təlim proqramının yekunları üzrə təqdimat keçirib. “Şəxsi idarəetmə bacarıqları və şəxsi səmərəlilik”, “Komandanın idarə edilməsi və motivasiya”, “Menecment və səmərəli idarəçilik bacarıqları”, “Səmərəli kommunikasiya bacarıqları”, “Təqdimat bacarıqları” və “İctimai nitq bacarıqları” kimi 6 moduldan, o cümlədən rəhbərlər üçün təşkil olunmuş “Danışıqların aparılması bacarıqları” kimi dərslərdən ibarət təlim proqramının əsas məqsədi gənc peşəkarlara öz güclu və zəif tərəflərini daha yaxşı anlamaq, səmərəli iş üslublarını tapmaq, başqa insanlarla effektiv ünsiyyət qurmaq və onları idarə etməkdə yardım etməkdir.
Sonda iştirakçılar sertifikatlarla təltif olunub.