Azərbaycan Milli Təhlükəsizlik Nazirliyində yeni təyinat olub. ANS PRESS-in məlumatına görə, bu barədə lent.az məlumat yayıb. Azərbaycan milli təhlükəsizlik nazirinin birinci müavini, general-leytenant Mədət Quliyevin əmri ilə nazirliyin Hərbi Əks-kəşfiyyat Baş İdarəsinin rəisi vəzifəsi general-mayor Hafiz Musayevə həvalə olunub. H.Musayev bu təyinata qədər həmin idarənin rəis müavini olub.

MTN-nin mətbuat xidmətinin rəhbəri Arif Babayev ANS PRESS-ə açıqlamasında bu barədə hər hansı məlumatı verməkdən boyun qaçırıb. "Mənim bu haqda məlumatım yoxdur".

Xatırladaq ki, adıçəkilən idarənin rəisi Nizami Şirinov ötən gün M.Quliyevin əmri ilə tutduğu vəzifədən azad olunmuşdu.

Nizami Şirinov bu vəzifəyə təyin olunana qədər Prezident yanında Xüsusi İdarənin əməkdaşı olub.

“MTN işi” ilə əlaqədar demək olar ki, gər gün həbslər həyata keçirlir. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparat rəhbəri Vidadi Zeynalov da həbs olunub. V.Zeynalovun həbsi Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin bir neçə gün öncə işdən çıxarılan rəhbəri Beytulla Hüseynovla əlaqəlidir.

Vidadi Zeynalov nazirlikdən öncə, 2000-2004-cü illərdə İqtisad Universitetinin inzibati - təsərrüfat işləri üzrə prorektor vəzifəsində çalışıb. Daha sonra iş yerini Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə dəyişib.

Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin eks-rəisi Beytulla Hüseynov sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun yaxın qohumudur.

Prezident İlham Əliyev oktyabrın 17-də Eldar Mahmudovun milli təhlükəsizlik naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Eldar Mahmudov vəzifəsindən azad edildikdən sonra Milli Təhlükəsizlik Nazirliyində həbslər başladı. Xüsusi Dövlət Mühafizə Xidmətinin və Baş Prokurorluğun birgə əməliyyat qurupu MTN-də bir neçə yüksək rütbəli şəxsləri saxlayıb.

Sabiq MTN şefi hətta xarici kəşfiyyatla əlaqədə də ittiham edilir. Keçmiş təhlükəsizlik nazirinin İsrail kəşfiyyatı ilə şəxsi və təşkilatı vasitəsilə münasibətlər yaratdığı və bu münasibətlərin çox dərin olduğu bildirilir.