Naxçıvan, 5 noyabr, AZƏRTAC
Ali təhsil müddətində qazanılan nəzəri bilikləri təcrübədə möhkəmləndirmək, peşə vərdişlərinə yiyələnmək baxımından pedaqoji təcrübənin əhəmiyyəti böyükdür.
“Naxçıvan” Universitetinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ali təhsil ocağında pedaqoji və xarici dillər fakültələrinin əyani şöbə üzrə IV kurs tələbələrinin 2015-2016-cı tədris ilinin birinci yarısında keçdikləri pedaqoji təcrübəyə həsr edilmiş yekun konfransda bu barədə danışılıb.
Konfransı ali təhsil ocağının tədris işləri üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent İbrahim Kazımbəyli açaraq bildirib ki, 2015-2016-cı tədris ilinin birinci yarısında universitetin 102 tələbəsi Naxçıvan şəhərindəki Heydər Əliyev adına tam orta məktəbdə, 8 nömrəli və 15 nömrəli tam orta məktəblərdə pedaqoji təcrübə keçiblər. Pedaqoji təcrübə müddətində tələbələrin muxtar respublikanın tam orta məktəblərində pedaqoji prosesi əyani şəkildə öyrənmələri, bilik və peşə vərdişlərinə yiyələnmələri üçün hər cür şərait yaradılıb.
İbrahim Kazımbəyli, həmçinin pedaqoji təcrübə zamanı dərslərin informasiya-kommunikasiya texnologiyaları vasitəsilə keçirilməsinin, tələbələrin hazırladığı tərbiyəvi tədbirlərin təşkilinin əhəmiyyətindən də bəhs edib.
Pedaqoji təcrübənin qrup rəhbərləri Arifə Zeynalova, Vaqif Hüseynov, Elnarə Seyidova, Rəcəb Cəfərli, riyaziyyat-informatika kafedrasının müdiri Məftun Əliyev və metodist Elbrus Vəliyev çıxışlarında bildiriblər ki, tələbələr təcrübə müddətində yeni metodlardan istifadə edib, dərslərinin əksəriyyətini informasiya-kommunikasiya texnologiyaları vasitəsilə keçib və VII-VIII siniflərdə keçirilən dərslərdə kurrikulum üsulunu müvəffəqiyyətlə tətbiq ediblər.
Tələbələr təcrübə zamanı onlar üçün yaradılmış şəraitdən, göstərilən qayğıdan danışıblar.
Sonda təcrübədə fərqlənən tələbələrə fəxri fərmanlar təqdim olunub.