"Radikal, ekstremist mövqe nümayiş etdirərək öz iradəsini cəmiyyətə sırımaq, diktə etmək kimi yanaşmalar kökündən səhvdir. Bu cür addımlara qarşı Azərbaycan xalqı öz iradəsini həmişə ortaya qoyub, bu gün də qoyacaq. Azərbaycan xalqı heç zaman dini radikalizmə meyl etməyib, əksinə, tolerant olub, dini inanclara təmkinlə yanaşıb. Ona görə də Azərbaycanda radikal və ekstremist cərəyanların yeri yoxdur. Çünki Azərbaycan xalqının sosial sifarişi heç zaman belə radikal meyllərə köklənməyib".
Bunu Milli.Az-a açıqlamasında Milli Məclisin üzvü Fəzail Ağamalı bəzi radikal dini qrupların Azərbaycanda qarışıqlıq yaratmaq cəhdlərinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Bakının Sabunçu rayonunda dövlət qeydiyyatından keçməyən dini icmanın nümayəndələrinin qarışıqlığa yönəlmiş hərəkətlər yolverilməzdir: "Dövlət qeydiyyatından keçməyən icmanın nümayəndələri unutmamalıdırlar ki, Azərbaycan hüquqi, dünyəvi dövlətdir. Burada vicdan azadlığına kifayət qədər imkanlar yaradılıb. Azərbaycanda onlarla dini icma qanunlar çərçivəsində fəaliyyət göstərir və onların fəaliyyətinə heç bir məhdudiyyət qoyulmur. Lakin qeydiyyata alınmayan və xarici dövlətlər tərəfindən idarə olunan və zamanı gələndə hərəkətə gətirilən bu cür din pərdəsi altında fəaliyyət göstərən icmalar, qruplar başa düşməlidirlər ki, onlar Azərbaycan dövləti ilə mütləq hesablaşmalı, öz fəaliyyətlərini dövlətimizin qanunları çərçivəsində qurmalıdırlar. Əks halda onlara qarşı qanunlar sərt şəkildə tətbiq olunmalıdır. Ona görə də bu cür halları qətiyyətlə pisləyirəm".
F.Ağamalı qeyd edib ki, dini inanc hər bir insanın seçimidir və hər kəs buna hörmətlə yanaşmalıdır. Lakin onlar unutmamalıdırlar ki, vicdan azadlığı, din azadlığı özbaşınalığa, xaosa gətirib çıxarmamalıdır: "Bu azadlıqların verilməsi o demək deyil ki, kimsə hansısa əməlinə görə saxlanılanda və ya haqqında cinayət işi açılanda çıxıb küçələrdə ictimai asayiş pozula, polis orqanlarına hücum edilə, dövlət orqanlarına qarşı sərt mövqe və təzyiqlər nümayiş etdirilə bilər. Bu cür düşüncə ilə yanaşanlar, şübhəsiz ki, qarşılarında Azərbaycan dövlətinin və dövlətin arxasında duran xalqın iradəsi ilə üz-üzə dayanmalı olacaqlar. Bunun başqa alternativi yoxdur".
Millət vəkili eyni zamanda din pərdəsi adı altında gizlənən qrupların qanunazidd əməllərinin bütün dindarlara şamil edilməsinin, "dindarlar belə etdi, elə etdi" kimi təqdim olunmasının da əleyhinədir: "Əvvəla, hamını dindar adlandırmaq olmaz. Eyni zamanda, bütün dindarlar da radikal və ekstremist deyillər. Azərbaycanda dindarların lideri şeyx Allahşükür Paşazadədir. Sadəcə olaraq şeyx həzrətlərinin davranışlarından, dünyagörüşündən nümunə götürmək lazımdır. Çünki Azərbaycanda ondan böyük və nüfuzlu din xadimi yoxdur. O isə hər zaman insanları radikalizmdən, ekstremizmdən çəkindirən, təriqətlər arasında mübarizəyə, qarşıdurmaya heç zaman imkan verməyən, Azərbaycanda və bütün Qafqazda bütün müsəlmanların şeyxi, lideri kimi nüfuz qazanıb. Ona görə də ortalıqda nümunə var və qoy buyurub ondan nümunə götürsünlər".
Pünhan
Milli.Az