İzolyasiyalı otaq. Mikrofon. Dalğalar. Və dinləyicilər.
Lent.az-da yeni layihəyə başlayırıq. Burada siz gündəlik dinlədiyinizi radio verilişlərin pərdə arxasını görəcəksiniz. Bəli, bəli. Göstərəcəyik. Ramilin çəkdiyi fotolarla.
Azad Azərbaycan 106.3 FM radiosunun, daha doğrusu Kazım Sübhanın qonağıyıq.
Studiyada Kazımdı, bir də mən və fotoqrafımız. Günorta saat 4-ə kimi birlikdəyik.
Efir vaxtına 25 saniyə qala Kazım qulaqlığını taxır və mikrofonun qarşısına keçir. Əvvəldən bizə başa saldığı kimi mikrofon açıq olanda danışmırıq. Kazımın qarşısında 6 səs kanalı var. “Dorojka” deyilən. Birinci kanal Kazımın mikrofonunun səsini tənzimləyir, o biri xəbərlər keçid almaq üçün, digəri isə fon musiqisi. Digərləri isə qonaqlar üçün nəzərdə tutulmuş mikrofon “dorojka”larıdır. Hələ ki, bizə iki kanal lazım olacaq. Kazımın mikrofonu və fon musiqisi. Bir də saatın tamamımda xəbərlərə bağlanmaq üçün.
Sonra saniyələr ...3, 2, 1 və efir!
“Salam, günortanız xeyir olsun. Azad Azərbaycan 106.3 FM radiosu və “Arxiv” verilişi öz işinə başlayır”.
Sakit, təmkinli səsi var Kazımın. Düzü, ilk dəfə eşidirdim. İstər-istəməz qulaq kəsirsən səsinə.
Ötən ilin dekabr ayından efirə çıxan veriliş 2 saatdan ibarətdir. Birinci saatda retro estrada. İkinci saatda isə müasir estrada. Həftədə bir dəfə də muğam. Bu gün həftənin dördüncü gün olduğundan ikinci saatda bizi, sizi canlı muğam gözləyir. Qonağımızın kimliyini isə hələlik bilmirik. Kazımın ikinci saatı Qoçaq Əsgərovla birgə aparacaq. Qonağını da özüylə gətirəcək. Gözləyirik...
Hər günün də öz mövzusu olur. Təqvimə uyğun. Məsələn, ogünkü veriliş Polad Bülbüloğuna həsr edilibmiş. Bugünkü isə Qara Qarayevə.
Musiqi fasiləsindən sonra Kazım dahi bəstəkar haqqında qısa məlumatı oxuyur. Deyir, dinləyicini çox yormaq olmaz. Onlar bizdən musiqi gözləyir. Və növbəti musiqi səslənir.
Verilişdə səslənəcək musiqiləri verilişin redaktoru Aynur Hüseynova əvvəlcədən toplayıb. Bəzən bunu Kazım özü də edir.
Verilişin “Kinoya gedək” rubrikası var. Hər dəfə bir kino haqqında məlumat verilir, filmdən fraqmentlər səsləndirilir. Bu gün məşhur filmlərdən olan “Gün keçdi” dən danışacayıq.
Musiqi fasiləsindən sonra Kazım gözlərini qıyaraq Aynurun hazırladığı mətni üzündən oxuyur. Belə başa düşürəm ki, “dj” həm də sürətli oxumağı bacarmalıdır. Sizinlə bərabər film haqqında bilmədiklərimizi öyrənirik.
14:19:29
Bu da o deməkdir ki, reklamların vaxtıdır. Reklamlar saatda 2 dəfə olur. Saatın əvvəlində və sonuna yaxın. Reklam fasiləsində söhbətləşmək imkanımız olur.
Radioda 2006-cı ildən başlayıb. İctimai radionun təzə açıldığı vaxtlardan. Beş il orda işləyəndən sonra Azad Azərbaycan 106.3 FM radiosuna gəlib.
Radioda səsləndirilən mahnılardan danışırıq. Son aylar 106.3 radiosunda ciddi nəzarət olduğunu, deyir. İstər xalq artisti, istərsə də xalqın sevimlisi, bir nömrəli müğənni olsun, fərqi yoxdu.
- Toy mahnıları olmaz?
- Olar. Ancaq yaxşı 6-8 ritmli mahnılar.
- Elə müğənni var ki, konkret adı “qara siyahı”ya düşüb?
- Hər bir radioda olduğu kimi, bizdə də var. Adları yadıma da gəlmir.
- Birdən dinləyici istəsə?
- Verməyəcəyik (Gülür).
Fasilə bitir. Növbəti musiqi səslənir. Zərif qadın səsi gəlir. Monitora baxıram: “İlhamə Quliyeva “Gəlmirsən gəlmə”.
Film haqqında məlumatı oxumağa davam edir. Deyir, filmin ssenarisində mühüm dəyişiklik edilibmiş. Onlardan biri Həsən Məmmədovun sevgililərin Oqtaygildə görüşü zaman nəzərdə tutulan sevgi səhnəsinə etiraz etməsi olub. Filmin ssenarisində Oqtayla Əsmərin son görüşü erotik səpkidə olmalıydı. Lakin Həsən Məmmədov “o kadr çəkilərsə, çəkilişdən çıxacağını” bildirib.
Yeri gəlmişkən, filmdə Oqtayın iş yeri indiki Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir. Oqtaygilin iş yerinin təsvir olunduğu Tikinti İdarəsinin binası hazırda qarşısında “Azad qadın” heykəlinin olduğu binadır.
Və filmdən növbəti fraqment səslənir. Ardınca musiqi nömrəsi.
“Oxuyur, Gülağa Məmmədov”.
Musiqinin ilk notları səslənən kimi yerindən sıçradı. Redaktor yanına. “Səhv getdi” deyərək.
- Aynur, Gülağa? Oqtay Ağayev deyildi?
Aynur Kazımı sakitləşdirir.
- İkisi də oxuyub. Bu, Gülağa Məmmədovdu.
Müğənninin ifası səslənən kimi, türklər demiş, zatən Kazım da anlamışdı. Oqtay Ağayev olmadığını.
Diksiyadan danışırıq. Bəzi “dj”lərin ləhcəylə danışdıqlarını deyir.
- Bəs səndə?
- Hələ belə bir irad tutmayıblar mənə.
- Bəs elə sözlər var ki, deməmək üçün dilini dişləyirsən?
- Var. Dilimizə oturuşmuş rus sözlərini. “Ni çeqo”, “vsyo”, “prosto”. Adi vaxtı da çalışıram ki, bunlardan istifadə etməyim. Mikrofon qarşısına keçəndə möcüzə yaranır. İstifadə etmirəm. Rəhbərlik sənə etibar edib, iki saatlıq canlı efir tapşırıb. Etibarı doğrultmaq gərək. Mütaliə edirəm.
- İki saatlıq efirdə təbii ehtiyaclarınızı necə ödəyirsiniz? Su, çayı studiyaya gətirmək olur. Bəs tualet?
-(Gülür) Biz həbsxanada deyilik. Mahnı fasiləsində çıxmaq olur. Həm Aynur da var. O nəzarət edir. Mahnı bitəndə.
- Efir vaxtı asqırmaq, gülmək?
- İctimai radioda işləyəndə, ya 20 Yanvarın, ya da Xocalı faciəsinin il dönümü ilə bağlı veriliş vardı. Duet aparırdıq verilişi. Sən demə, qızın yadından çıxıb mobil telefonunun səsini almayıb. Birdən efir vaxtında qıza zəng gəldi. Bilmədi nə etsin, telefonun üstündə oturdu. Məni gic gülmək tutdu. Onunla da mənim gülməyim başladı. Dayandıra bilmirdim. Yaxşı ki, efirdə hiss olunmadı. Ən azından rəhbərlik heç nə demədi.
- Efirdə pərt olmusan?
- Bir dəfə İctimai radioda veriliş aparırdım. Nərgiz Nəzərliylə birgə. Təcrübəsiz vaxtlarım idi. Mikrofonu dartdım ki, danışım. Kökündən çıxdı. Qaldı əlimdə. Mən Nərgizə baxıram, o mənə baxır. Pis olmuşdum. İndi olsaydı, vecimə də olmazdı, danışardım.
Saatın sonuna yaxınlaşırıq. Vaxtın necə keçdiyini hiss etmədən. Film haqqında məlumat bitir. Oxuyur Flora Kərimova və Mirzə Babayev: “Düşürsən yadıma”. “Arxiv” isə davam edir. Ardınca da reklamlar.
Kazım şüşə arxasında kiməsə əl edir. Arada Aynurla da əllə-qolla danışır. Səssiz necə anlaşırlarsa... Sən demə, qonağı gəlib. Onları salamlayırmış. Qoçaq Əsgərov və qonağı İlkin Əhmədov.
14:50:42
Fasilədən istifadə edib səs rejissoru Mehdi İsgəndərov studiyaya girir. Qonaqların mikrofonunu hazırlayır. Radioda isə Əbülfət Əliyevin “Sənin eşqin edibdir” mahnısı səslənir.
14:55:35
Beləliklə, birinci saat yekunlaşır. Çalğıçılar studiyadadırlar artıq. Kamança ifaçısı Araz Ağaverdiyev və tarzən Altay Niftəliyev. Muğam İfaçısı İlkin Əhmədovu müşayiət edəcəklər. Studiyanın sağında çalğıçılar, solunda isə ifaçılar əyləşir.
Kazım yenə mikrofon qarşısına keçir. Məşqləri bir dəqiqəlik dayandırmaqlarını xahiş edir. Çünki dinləyicilərlə növbəti saatda görüşmək üzrə sağollaşacaq. Ardınca da xəbərlərə bağlanacaq.
15:07:27
“Arxiv” verilişinin növbəti saatı başlayır. Bir saatlıq canlı muğam dinləyəcəksiniz. Verilişin bu saatının anonsu gedir. Ardınca Qoçaq Əsgərovun səsi gəlir. Dinləyicilərini salamlayır.
Və dalınca “Mahur” təsnifi səslənir.
Xoş dəqiqələr arzusuyla...












