Müsavat Partiyasının daha bir tanınmış üzvü istefa verib. Partiyanın Məclis üzvü Nəsibə Şuşalı partiyadan getdiyini bildirib. Partiyanın daha bir üzvü Əlikram Əhmədli də partiya sıralarından istefa verdiyini bəyan edib. Bundan öncə tanınmış üzvlərdən Məmməd Zeynalov partiya sıralarından çıxmış, digər tanınmışlar isə Qubad İbadoğlunun Müsavatdan çıxarılmasına etiraz etmişdilər. Qubad İbadoğlunun Müsavatdan çıxarılmasına etiraz edənlər arasında ünlü isimlər: Mehman Cavadoğlu, Əlövsət Talışxanlı, Novella Cəfəroğlu, İbrahim İbrahimli də var. Onlar partiyada başlanmış avtoritarizmə etiraz edirlər. Yaydıqları bəyanatda qeyd ediblər ki, Arif Hacılı diktaturaya meyllənir, bolşevikcəsinə davranaraq adamları onunla bir düşünmədiyinə görə partiyadan çıxarır.Hamı batan gəmini tərk etməyə bəhanə axtarır
Belə görünür ki, yaxın günlərdə Novella Cəfəroğlu, Almaz Əliqızı, Mehman Cavadoğlu, Vurğun Əyyub da partiyadan istefa verəcək. İşin Arif Hacılı üçün pis tərəfi odur ki, artıq partiyadan çıxarılanlar “əzabkeş” kimi təqdim oluna biliblər. Qubad İbadoğlu və tərəfdarları cəmiyyətdə “haqqı tapdalanan şəxslər” kimi qəbul olunurlar. Müsavatdan getməyə bəhanə axtaranlar üçün də göydəndüşmə bəhanə var. Onlar çoxdan idi ki, cəmiyyətdə nüfuzunu itirmiş Müsavat Partiyasından getmək istəyirdilər. İndi ələ fürsət düşüb.
Maraqlıdır ki, Müsavatın dağılmasında Arif Hacılını günahlandırmaq da doğru deyil. Hazırda Müsavatın möhürü, təbliğat ruporu, qərargahı onun əlindədir. O, zalım, qəddar, bolşevik, mühafizəkar kimi təqdim olunur, hamı onu suçlandırır. Sanki, Müsavat partiyasının başqanı başqa adam seçilsəydi, durum fərqli olacaqdı. Əsla belə deyil! Müsavat başqanı Arif Hacılı seçilib, əsas dəstəkçiləri qardaşları Mustafa və Vaqif, yerlisi Elman Fəttahdır. Qubad İbadoğlu Hacılını tayfabazlıqda, partiyada ailə hakimiyyəti qurmaqda suçlandırır. Əgər Qubad İbadoğlu seçilsəydi, partiyanı Arif Hacılı dağıdacaqdı. Qubad İbadoğlu, İsa Qəmbər regionçuluqda suçlanacaqdı. 2003-üc ildə kabinetinə girib İsa Qəmbəri təhqir edən çılğın Mustafa Hacılbəyli facebookda, mediada sabiq başqanı, Qubad İbadoğlunu söyəcəkdi. Partiyanın bütün strukturlarını gözəl tanıyan Arif Hacılı Müsavatın bütün strukturlarını dağıdacaqdı.
Bu baxımdan baş verənlər təəccüblü deyil. Müsavat Partiyası bütövlüyünü, xarimzasını itirib. Hətta İsa Qəmbər belə başqan olsaydı, partiya dağılacaqdı. Sülhəddin Əkbər, Qabil Hüseynli, İbrahim İbrahimli kimi fiqurlar hələ İsa Qəmbərin zamanında partiyadan çıxıblar. Müsavatın əvvəlki gücü yoxdur. Partiya insanlar üçün cəlbedici deyil. Hətta ana müxalifət AXCP belə cəlbedici deyil. İnsanlar müxalifətə, müxalifətçilikıə uğur qazanmağa inanmırlar. Əski hərəkatçılar indiyə qədər üzv olduqları partiyalardan çıxmağa abır-həya ediblər. İndi ələ fürsət düşüb. Özü də təkcə Müsavat deyil, AXCP-də də bu proseslər yaşanır. İbrahim Vəliyev, Mənsum Bayramov səssizcə partiyanı tərk ediblər. AMİP, AXCP-nin 6-7 il bundan öncə yaşadığı prosesləri Müsavat indi yaşayır. Ünlülərin hamısı Müsavatı tərk edəcək. Arif Hacılının partiyasında Elman Fəttah, Gülağa Aslanlı çapında adamlar qalacaq. Müsavatdakı qopmalarda Arif Hacılının suçu 40 faizdi. Qalanı Müsavatın, ümumilikdə müxalifətin düşdüyü durumla bağlıdır. Kəsəsi, insanlar batan gəmini tərk etməyə bəhanə axtarırlar.
Olaylar.az