Aşıq Telli: "Kiməsə deyə bilməzsən ki, məni sev..."

Aşıq Telli: "Kiməsə deyə bilməzsən ki, məni  sev..."
20:32 11 Yanvar 2016
1902 Şou
Ölkə mətbuatı
A- A+

"Bu həyatda kiməsə deyə bilməzsən ki, pul verirəm məni sev... Bunu nə madiyyatla almaq olar, nə də başqa bir yolla. Amma bu cür sevgini, istəyi Zəlimxan qazana bilmişdi. Ölümünün üçüncü günündə karvan tək gələn insan izdihamı ilə...". Bu sözləri ANS PRESS-ə Aşıq Telli Borçalı deyib. Aşıq Xalq şairi haqqında danışdıqca gözlərindəki yaşı, səsindəki titrəyişi gizlədə bilmirdi. Zəlimxan Yaqubun ölümündən sarsılan aşıq yeganə təsəllisinin belə bir saz, söz, şer adamı ilə bir əsri paylaşması olduğunu deyib.


Aşıq Telli Borçalı


Aşığın həmkarı Zülfiyyə də bu gün Fəxri Xiyabanda şairi son mənzilə yola salmağa gələnlərdən idi. Aşığın sözlərinə görə, Z.yaqub zəçmanəmizin "Aşıq Ələsgəri" idi və bu həyatdan vaxtsız köçüb.

"Uzun müddət idi xəstə idi. Səhhətində tez-tez problemlər yaranırdı, lakin sonra yenidən gümrahlaşırdı. Amma bu dəfə ola bilmədi, Aşıq Ələsgər səviyyəsində olan bir şəxs ölümə təslim oldu. Amma bu ölüm də formaldır. Çünki nə qədər ki şeir, şair, saz-söz var Zəlimxan Yaqub da illər boyu var olacaq".


Aşıq Zülfiyyə


Xalq şairinin dəfninə nəinki Azərbaycandan, eləcə də Gürcüstandan,Türkiyədən, İrandan, Rusiyadan, hətta Qazaxıstandan belə gələnlər var idi. Şairin Güney Azərbaycandan olan, vaxtı ilə "Dalğa " musiqi qrupunu təsis edən dostu aşıq, şair Çingiz Mehdipur da dəfndə iştirak edib. O, Aşıq Zəlimxan Yaqubun ölümü ilə qətiyyən barışmadığını deyir.

"Zaman ona imkan tanımadı, yoxsa yenə yazar, yaradardı. Bu cür insanlar ölmürlər, ürəklərdə, beyinlərdə, yaddaşlarda yaşayırlar. O, aşıq musiqisini şah sənəti adlandırırdı. Mən düşünürəm ki onun yaradıcılığından, yolundan gənc nəsil layiqincə istifadə edə biləcək. Beləcə onun da ruhu şad olar".


Şair Çingiz Mehdipur

Xalq şairi yanvar ayının 9-da vəfat edib. Bu gün səhər saatlarında Təzə Pir məscidində şairlə vida mərasimi keçirilib. Mərasimdə ölkə başçısı İlham Əliyev, hökumət nümayəndələri də da iştirak edib. Zəlimxan Yaqub Birinci Fəxri Xiyabanda torpağa tapşırılıb.

Dəfn mərasiminə Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov, Milli Məclisin deputatı,Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, Daxili işlər naziri Ramil Usubov, Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və digərləri qatılıblar.






Dəfn mərasimindən görüntülər

Xalq şairi böyrək çatışmazlığından əziyyət çəkirdi. Hər iki böyrəyi olmayan ictimai xadim son vaxtlar dializ qəbul etməklə yaşayırdı.

Zəlimxan Yaqub 1950-ci il yanvarın 21-də Borçalının Bolnisi rayonunda anadan olub. 2005-ci ildə "Azərbaycanın xalq şairi" fəxri adına layiq görülən Zəlimxan Yaqub Məmməd Araz ədəbi mükafatı, "Şöhrət" ordeni və Gürcüstan Respublikasının "Şərəf" ordeni kimi bir sıra yüksək mükafatlara layiq görülüb.

2008-ci il avqust ayının 29-da Azərbaycan Aşıqlar Birliyinin sədri, 1994-cü ildən Azərbaycan Respublikası Prezidenti yanında Əfv Komissiyasının üzvü idi.

Zəlimxan Yaqubun ictimai fəaliyyəti də səmərəli olub. O, 1995-2005-ci illərdə iki çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. Aşıqlar Birliyinin sədri kimi Zəlimxan Yaqub aşıq sənətinin inkişafında və təbliğində böyük əmək sərf edib. Şairin ədəbi-ictimai fəaliyyəti daim yüksək qiymətləndirilib. O, bir çox mükafatlara, o cümlədən Azərbaycan Respublikasının ali dövlət təltifləri “Şöhrət” və “Şərəf” ordenlərinə layiq görülüb.

Allah rəhmət eləsin!


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=369409

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR