Bakı, 12 yanvar, AZƏRTAC
Yanvarın 16-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində Hüseyn Cavidin “Topal Teymur” əsəri əsasında səhnələşdirilən “Əmir Teymur” tamaşası nümayiş olunacaq.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, dram janrında olan iki hissəli səhnə əsəri Əməkdar İncəsənət Xadimi Mehriban Ələkbərzadənin quruluşunda hazırlanıb. Tamaşanın quruluşçu rəssamı İlham Elxanoğlu, musiqi tərtibatçısı isə Aygün Səmədzadədir. Rəqs və döyüş səhnələrini Əməkdar Artist Pərviz Məmmədrzayev qurub.
Səhnə əsərində əsas rolları Xalq artistləri Nurəddin Mehdixanlı, Rafiq Əzimov, Əməkdar artistlər Mətanət Atakişiyeva, Kazım Həsənquliyev, Münəvvər Əliyeva, Elşən Rüstəmov, Kazım Abdullayev, aktyorlar Rövşən Kərimduxt, Anar Heybətov, Şəhla Əliqızı və İlahə Həsənova ifa edəcəklər.
Qeyd edək ki, Hüseyn Cavidin “Topal Teymur” beşpərdəli dramı 1925-ci ildə yazılaraq 1926-cı ildə çap edilib. Elə çap olunduğu ildə də tamaşaya qoyulan dram əsəri həmişə ədəbiyyat və incəsənət xadimləri, eləcə də teatrsevərlər tərəfindən böyük maraqla qarşılanıb.