Bakı, 18 yanvar, AZƏRTAC
Polşadakı səfirliyimizin təşəbbüsü ilə Varşavada yerləşən Karol Şımanovski adına musiqi məktəbində Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert təşkil olunub.
Konsertdə Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov, səfirlik əməkdaşları, K.Şımanovski adına musiqi məktəbinin direktoru Stanislav Halat, musiqi məktəbinin müəllim və şagird heyəti, diaspora üzvləri və polşalı qonaqlar iştirak ediblər.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, konsert proqramından əvvəl çıxış edən Stanislav Halat qonaqları salamlamış və konsertin ərsəyə gəlməsində göstərilən dəstək və köməyə, həmçinin məktəbin kitabxanasına hədiyyə olunan Azərbaycan bəstəkarlarının əsərlərinə görə diplomatik nümayəndəliyimzə minnətdarlığını bildirib.
Saat yarım davam edən konsertdə Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Fikrət Əmirov, Qara Qarayev, Arif Məlikov, Sevda İbrahimova, Azər Dadaşov, Cavanşir Quliyev və Ceyhun Allahverdiyevin əsərləri musiqi məktəbinin şagirdləri tərəfindən böyük məharətlə ifa olunub.
Sonda K.Şımanovski adına musiqi məktəbinin rəhbərliyinə, müəllim və şagirdlərinə Azərbaycan musiqisinin təbliğində göstərdikləri dəstəyə görə təşəkkürünü bildirən Həsən Həsənov gələcəkdə də onların repertuarlarında bəstəkarlarımızın əsərlərinin yer alacağına inamını ifadə edib.