ANS PRESS-in məlumatına görə, Əli Həsənov bu barədə bu gün bir sıra müxalifət partiyasının rəhbərləri ilə görüşün nəticələrini şərh edərkən deyib.
Görüşdə ADP sədri Sərdar Cəlaloğlu, AXP sədri Pənah Hüseyn, Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu, Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa, BAXCP sədri Qüdrət Həsənquliyev, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə, Vəhdət Partiyasının sədri Tahir Kərimli, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadə və Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev qatılıb.
Əli Həsənov dəvətnamə göndərilmiş, amma görüşə gəlməmiş müxalifət partiyaları, yəni AXCP, Müsavat və s. partiyalar barədə də danışıb: “Onlara da dəvət göndərilmişdi. Yəqin bəlli səbəblərdən bu dəfə qatıla bilməyiblər, gələcəkdə qatılacaqlar. Qapılarımız onlara da açıqdır. Ümumilikdə, bu görüşlərdə partiyaların sayı 16-20 arasında dəyişir”,- deyə Prezident Adminstrasiyasının şöbə müdiri vurğulayıb.
Onun sözlərinə görə, müxalifət partiyaları ilə iki aydan bir belə görüşlər keçiriləcək: “Xalqı, hakimiyyəti, daxili və xarici institutları narahat edən məsələləri əvvəldən razılaşdırılmış şəkildə müzakirə edəcəyik”.
Əli Həsənov görüşlərdə müzakirə olunacaq mövzular barədə də razılıq əldə edildiyini bildirib: "Bütün siyasi partiyaların, ayrı-ayrı mətbuat orqanlarının, o cümlədən dövlət qurumlarının ictimai əhəmiyyətli hesab etdiyi məsələlər siyahıya alınacaq, bütün siyasi partiyalara göndəriləcək və onların seçimi ilə həmin məsələlərdən biri növbəti görüşün müzakirəsinə çıxarılacaq".
Mənbə
ANS PRESS