Müğənni Rüfət Mehdiyevin ölümündən beş il ötür.
Axşam.az-ın məlumatına görə, mərhum ifaçının ölümünün ildönümü ilə bağlı xalq artisti Azərin paylaşım edərək yazıb:
"Tam beş il bundan öncə Rüfət əbədi dünyaya köç etdi. Heç yadımdan çıxmır, son dəfə onu görəndə əhval-ruhiyəsi çox gözəl idi. "Namaza gəlmişəm" dedi. Çox sevincli idi. Sonra qəfildən o sarsıdıcı xəbər. Ölüm haqdır. Hamımız Allahın əmrindəyik. Əziz qardaşım, Allah məkanını cənnət, ruhunu şad eləsin. Sən "Darıxdım" deyirdin. Sevənlərin də sənin üçün darıxır, bundan əminəm".
Qeyd edək ki, Rüfət Mehdiyev fevralın 1-i 2011-ci ildə 42 yaşında qəflətən dünyasını dəyişib. Müğənninin ölümünə səbəb insult olub və o, Nizami rayon qəbiristanlığında dəfn edilib.
İfaçı “Həyatı sevirəm”, “Darıxdım”, “İl keçdi”, “Druzya”, “Odlar yurdum” kimi mahnılar səsləndirib.
Mərhumun üç qızı, bir oğlu var.
Xatırladaq ki, Rüfət Sabir oğlu Mehdiyev 7 iyul 1969-cu ildə Bakıda anadan olub. 26 Bakı Komissarı adına Mədəniyyət sarayının piano sinfində (1976-1986), Azərbaycan Dövlət Universitetinin geoloji coğrafiya fakültəsində təhsil alıb (1986-1992). 1989-cu ildən musiqi ilə məşğul idi. 1992-ci ildən müğənnilik edirdi.