Bəs Azərbaycan şou-məkanının daimi sakinləri manatın məzənnəsinin dəyişəcəyi xəbərini necə qarşılayıb?
Milli.Az xəbər verir ki, aznews.az bununla bağlı sənət adamları arasında sorğu keçirib. Həmin sorğunu təqdim edirik.
Bəstəkar-müğənni, əməkdar artist Elza Seyidcahan: “Bankım yoxdur ki, narahat olam. Sənətkar adamam. Sənətkarı da xalq saxlayır. Qapımızı döyüb girirlər içəri, ruzi özü gəlir. Mən pul yığmıram. Məni xalq saxlayır. Manatın qalxıb-düşməyində də bir dəlalətim yoxdur. Kurs-zad bilmirəm. 100 dollar cibimdə pul olur, gedib dünyanı firlanıram. Bakıya qayıdanda yenə o 100 dollarla geri gəlirəm. Konsertimizi veririk, üstəlik hədiyyələrimizi də qazanırıq”.
Müğənni Abbas Bağırov: “Mən Azərbaycan manatını hər şeydən üstün tutmuşam və həmişə də üstün tutacam. Manat həmişə bütün pullardan, dollardan, hətta avrodan da üstün olub. Bunlar müvəqqəti şeylərdir. Dollar həmişə manatdan aşağı olub. Bu, Amerkanın müəyyən təzyiqləridir. Az vaxt keçəndən sonra manat yenə əvvəlki dəyərinə qayıdacaq”.
Əməkdar artist Baloğlan Əşrəfov: “Nə baş verib axı? Belə şeydən qorxmaq lazım deyil. Bir balaca şey olan kimi əhali panikaya düşür. Elə də ciddi dəyişiklik yoxdur. Hərdən belə şeylər olur. Panikaya düşməyə dəyməz. Pul dəyişməyə də ehtiyac duymuram. Bəyəm mənim pulum aşıb-daşır? Müvəqqəti şey üçün dəyməz”.
Əməkdar artist Cavan Zeynallı: “Nə dollarım var, nə də avrom. Milli valyutaya qurban olum. Manatdır, qazanıram, bala-bala da xərcləyirəm. Heç də düşünmürəm, narahat da olmuram. Qoy dolları olanlar narahat olsun. Dünyada ən böyük xoşbəxtlik qazandığını xərcləməkdir. Buna görə də çox rahatam”.
Milli.Az