3 ildir ki, “Hepatit” xəstəliyindən əziyyət çəkən, mərhum Aşıq Xanların oğlu, 33 yaşlı aşıq Azərin səhhəti pisləşib.
Axşam.az xəbər verir ki, bu haqda Musavat.com-a aşığın özü məlumat verib. O bildirib ki, qızdırması yüksəlib və özünü pis hiss edir:
“Qızdırmam 39-a qalxıb, yenə bir torba dərman alıb gətiriblər, həyatda qalmaq üçün içirəm. Təbii ki, dərmanlar da keçicidir, son günlər qızdırmam tez-tez qalxır. Mən ictimai insanam, yataqda olmağı artıq özümə sığışdırmıram. Evin tək oğluyam, ailəmi dolandırmaq, uşaqlarımı böyütmək istəyirəm. Çalışıb ailəmə çörək pulu gətirmək istəyirəm. Keçən dəfə millət vəkili Qənirə Paşayeva bildirdi ki, deputatlar mənimlə bağlı prezidentə müraciət ünvanlayacaq. Amma hələ ki, xəbər yoxdur. Artıq dözə bilmirəm, ayağımı amputasiya etdirmək istəyirəm. Başqa çarəm yoxdur. Tək ümidim cənab prezident İlham Əliyev və xanımı Mehriban Əliyevadır. Ancaq onlar mənə kömək edə bilər. Bu pul bir-iki adamın verməsi ilə yığılan deyil”.
A. Xanlaroğlu Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlının “Axı mən niyə Azərə görə prezidentə müraciət edim? Azər istedadlı aşıqdı. Amma indiki halda o statusa sahib deyil ki, onun üçün prezidentə müraciət edim.
Azər Xanlaroğlu nə Alim Qasımov, nə də Ədalət Nəsibovdur ki, ona görə müraciət ünvanlayaq” sözlərinə də münasibət bildirib:
“Məhərrəm müəllimlə danışdım, o sözləri dediyini boynuna almır. Hazırda öz canımla əlləşirəm. Məhərrəm müəllim Aşıqlar Birliyinin sədridir, Allah ona can sağlığı versin, mənimlə də dəfələrlə maraqlanıb, evimə gəlib. Mənim 33 yaşım var, Ədalət Nəsibov, Alim Qasımov deyiləm deyə ölməliyəm? Onların olduğu zirvəyə çatmaq üçün yaşayıb yaratmalıyam. 34 yaşımda ölsəm, gələcəkdə onlar səviyyəsinə çatıb-çatmayacağımı nə biləcəklər? Hər bir vətəndaşın prezidentə müraciət etmə haqqı var. Mənim azdan-çoxdan sənətim var, bir sənət adamı kimi də prezidentimizə müraciət edə bilərəm. mənə qarşı belə laqeydlik olduğunu bilsəydim, bu sənətə gəlməzdim”.
Qeyd edək ki, Aşıq Azər müsahibədən sonra Bank Respublikada hesab nömrəsi açdırıb. Aşığa yardım etmək istəyən şəxslər üçün həmin nömrəni təqdim edirik:
Bank Respublika kod - 380194401151751001
Şəxsiyyətin seriya nömrəsi - 14040620
Onu da bildiririk ki, hesaba MİLLİ ÖN terminalları vasitəsilə istənilən yerdə ödəniş etmək mümkündür.