Müğənni Murad Arif "Dondurma" mahnısına çəkdirdiyi klipinə təqdimat edib.

Axşam.az-ın məlumatına görə, bəstənin sözləri və musiqisi ifaçının özünə məxsusdur. Ekran işinin rejissorluğu Fərid Yusifoğluna həvalə edilib.

M.Arif ekran işinə aparıcılar Kəmalə Piriyeva ilə İslam Mehrəliyevi çəkmək istəsə də, sonradan fikrindən daşındığını deyib.

O, ekran işinin 40 günə hazır olduğunu bildirib:

"Hətta məkan da danışmışdıq. Amma sonradan fikrimdən daşındım. Ssenarili klip çəkmək istəmədim. 2010-cu ilə qədər bu tip kliplər bəyənilirdi, indi - yox. İnsanlar süjetlə yüklənməyi xoşlamırlar. Mənim kliplərimdə süjet olmur, sevmirəm".

Yeniliklərindən danışan M.Arif sentyabrda iki klip təqdim edəcəyini söyləyib:

"Payızda iki mahnımı təqdim edəcəm. Sənət dostlarımla duet oxumaq istəyirəm, bir neçəsindən təklif də almışam. İlk addımı Flora Kərimova ilə atmaq istəyirdim, bir ildir müzakirə də gedir. Bunun üçün mahnı yazdım, Flora Kərimovaya təqdim etdim. Flora xanım mahnını bəyəndi, insanın duyğularını oyadacaq bir musiqi əsəri olduğunu söylədi.

Onu da qeyd edim ki, daha kişi müğənnilərə mahnı verməyəcəyəm. Bu barədə qəti qərara gəlmişəm. O qədər də məhsuldar bəstəkar deyiləm, artıq özüm də mahnılar ifa etməyə başlamışam. İl ərzində 3 mahnı yazıram. Nisə Qasımova və Brilliant Dadaşova ilə əməkdaşlıq etməyi çox istəyirəm. "Bu şəhər ikimizə dar" mahnısını da Brilliant Dadaşova üçün yazmışdım. Lakin birinci arajmanı bəyənmədi, ikincidə isə başqa bir aranjmançının kompüteri yandı. Mahnını isə Lalə Məmmədova oxudu".

M.Arif klip kanalının olmamasından şikayətlənib:

"Azərbaycanda klip kanalı yoxdur, bu olmadığı üçün də musiqi sahəsi get-gedə geriləyir. Telekanallarımız isə seriallara üstünlük verirlər. 2000-ci illərdə ABA kanalı var idi. Müğənnilər - Zülfiyyə Xanbabayeva, Aygün Kazımova bir-birinin ardınca kliplər təqdim edirdi. Rəqabət və maraq varıydı. İndi pop musiqisi də çöküb artıq. Şükür ki, müğənnilərimiz rəqabəti sevəndirlər, amma bu özünü hələ sənətdə yox, geyimdə, avtomobildə büruzə verir".

Milli.Az