Azərbaycan Rusiyaya 1 milyarddan çox investisiya qoyub

Azərbaycan Rusiyaya 1 milyarddan çox investisiya qoyub
18:33 24 Noyabr 2016
94 Digər
Ölkə mətbuatı
A- A+

Milli Məclisin Sədri Oqtay Əsədovun başçılıq etdiyi parlament nümayəndə heyəti Rusiyaya səfərə gedib.

Publika.az xəbər verir ki, səfərin məqsədi Sankt-Peterburqda keçirilən MDB Parlament Aassambleyasının Şura, 45-ci plenar və təşkilatın daimi komissiyalarının iclaslarında iştirak etməkdir.

Nümayəndə heyətinin tərkibinə Milli Məclisin komitə sədrləri - Əli Hüseynli, Arif Rəhimzadə, deputatlardan - Kamilə Əliyeva, Rasim Musabəyov, Malik Həsənov, Fəzail Ağamalı, Mirkazım Kazımov, Adil Əliyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.

Milli Məclisin Sədri Oqtay Əsədov artıq Sankt-Peterburqda Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodin ilə görüşüb.

Görüş zamanı Rusiya və Azərbaycan parlamentlərinə seçkilər keçirildiyini qeyd edən Dövlət Dumasının sədri beynəlxalq müşahidəçilər missiyasında fəal iştirakına görə azərbaycanlı tərəfdaşlara minnətdarlığını bildirib. Ölkələrimizin parlamentləri arasında münasibətlərə toxunan Vyaçeslav Volodin Rusiya və Azərbaycan qanunvericilik hakimiyyətlərinin nümayəndələrinin intensiv dialoqu barədə deyib:

“Noyabrın 24-də MDB Parlamentlərarası Assambleya Şurasının sessiyası çərçivəsində dialoq davam edəcək. Ölkələrimizin sıx münasibətləri var, müxtəlif səviyyələrdə əlaqələr inkişaf edir. Biz konstruktiv münasibətlərin inkişafı istiqamətində səylərimizi davam etdirəcəyik”.

Milli Məclisin Sədri Oqtay Əsədov Rusiya Dövlət Dumasının sədri vəzifəsinə seçilməsi münasibətilə Vyaçeslav Volodini təbrik edib və onun böyük təcrübəsinin ölkə parlamentinə yeni töhfə, yeni ruh verəcəyinə əminliyini söyləyib.

Azərbaycan ilə Rusiya arasında münasibətlərin çox yüksək səviyyədə olduğunu vurğulayan O.Əsədov deyib ki, əlaqələrimizin inkişafında dövlətlərimizin başçılarının qarşılıqlı rəsmi səfərlərinin böyük rolu olub:

“Prezidentlərin siyasi dialoqu sayəsində əlaqələrimiz strateji xarakter alıb. Parlament nümayəndə heyətlərimiz beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq edirlər. Biz vahid xətt yürüdürük, bir-birimizi dəstəkləyirik. Parlamentlərimizdə dostluq qrupları fəaliyyət göstərir. Rusiya Federasiyasının yeni parlamentində yeni qrup təşkil ediləcək. Əminəm ki, bu qrup ilə də səmərəli əməkdaşlıq davam edəcək”.

O.Əsədov ölkələrimiz arasında 200-dən çox ikitərəfli sənədin imzalandığını xatırladıb:

“Bu onu göstərir ki, güclü hüquqi bazamız var. İqtisadi münasibətlərimiz sürətlə inkişaf edir. Azərbaycanda Rusiya kapitalı ilə 600-dən çox şirkət fəaliyyət göstərir. Rusiya Azərbaycan iqtisadiyyatına 3 milyard dollardan çox sərmayə yatırıb. Azərbaycanın Rusiyadakı investisiyaları 1 milyard dollardan artıqdır”.

Oqtay Əsədov hər iki ölkə xalqlarının rifahı naminə Rusiya parlamentinin yeni heyəti ilə əlaqələrin daha sürətlə inkişaf edəcəyinə əminliyini ifadə edib.

Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, MDB Parlamentlərarası Assambleya Şurasının baş katibinin müavini Aydın Cəfərov, Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutski, Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası və həmvətənlərin işləri üzrə komitəsinin sədri Leonid Kalaşnikov və başqaları iştirak ediblər.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/177221.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR