Deputatdan xəstəxanaların özəlləşdirilməsinə ETİRAZ

Deputatdan xəstəxanaların özəlləşdirilməsinə ETİRAZ
18:18 2 Dekabr 2016
Ölkə mətbuatı
A- A+

Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı Dövlət Dəmir Yolu və Mərkəzi Dənizçilər (“Kaspar”) xəstəxanalarının özəlləşdirilməsinə etiraz edib.

Publika.az xəbər verir ki, F.Ağamalı bu gün Milli Məclisdə Azərbaycanın 2017-ci il üzrə dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib ki, sözügedən səhiyyə müəssisələri özəlləşdirilərsə, bu, ciddi problemlər yarada bilər:

“Azərbaycan Prezidentinin müəyyən etdiyi siyasi xətt və onun icrasında hansısa problem yoxdur. Bu proses bu gün uğurla həyata keçirilir. Ancaq son vaxtlar bir sıra tibb müəssisələrinin özəlləşdirilməsi ilə bağlı yayılan məlumatlar cəmiyyətdə, xüsusilə də bu sahədə çalışan insanlarda müəyyən narahatlıq doğurur. Burada söhbət Dövlət Dəmir Yolu və Mərkəzi Dənizçilər xəstəxanalarının özəlləşdirilməsindən gedir. Məlum olduğu kimi, bu müəssisələr uzun illərdən bəri peşəkar tibbi xidmətlərlə xəstələrin xidmətində dayanır. Bu gün Azərbaycanda tibbi sığorta həyata keçirilmir. Əgər bu tibb müəssisələrinin özəlləşdirilməsi ilə bağlı da müvafiq qərar verilərsə, o zaman iki ciddi problem ortaya çıxa bilər. Bunlardan biri həmin müəssisələrdə çalışan insanların işsiz qalması, digəri isə dəmiryolu və gəmiçilik sahələrində çalışan minlərlə insanın pulsuz olaraq tibbi xidmətdən kənarda qalmış olması ilə bağlıdır. Ona görə də mən Dövlət Dəmir Yolu və Mərkəzi Dənizçilər xəstəxanalarının özəlləşdirilməsini məqbul çıxış yolu hesab etmirəm”.

Deputat qeyd edib ki, indi ortada yaxşı nümunələr də var:

“Mərkəzi Gömrük Hospitalı və Mərkəzi Neftçilər Xəstəxanası mənsub olduqları sahələrdə çalışan insanlara tibbi xidməti göstərməkdə davam edir. Hətta, digər sahələrdə çalışan vətəndaşlarımız da onların tibbi xidmətindən yararlana bilirlər. Bu baxımdan da minlərlə insanın sağlamlığına xidmət edən Dövlət Dəmir Yolu və Mərkəzi Dənizçilər xəstəxanaları özəlləşdirilməli deyil. Yaxşı olar ki, bu müəssisələr təsərrüfat hesabına keçirilsin. Belə olan təqdirdə dövlətdən bu müəssisələrə vəsait ayrılmasına da ehtiyac olmayacaq, özlərini təmin edə biləcəklər. Hətta, digər sahələrdə çalışan vətəndaşlarımızın da xidmətində dayanacaq”.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sehiyye/178299.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR