Millət vəkilləri Musa Urud, Fəzail Ağamalı və Vətəndaş
Həmrəyliyi Partiyasının (VHP) sədri, sabiq millət vəkili Sabir
Rüstəmxanlı qlobal platforma olan “Change.org” saytında “Zəngəzuru
Azərbaycana qaytarın!” başlığı altında petisiyanın
yerləşdirilməsinə münasibət bildiriblər.
S.Rüstəmxanlı Publika.az-a açıqlamasında deyib ki, bu
hadisə Azərbaycana qarşı olan haqsızlığın və ədalətsizliyin bir
daha xatırlanmasıdır:
“Çünki 19-cu əsrin 20-30-cu illərində Zəngəzur və digər
Azərbaycan torpaqlarının qeyd şərtsiz olaraq ermənilərə verilməsi
həyata keçirilib. Bunu sübut edən yüzlərlə dəlillər, sənədlər
mövcuddur. Hətta, rus mütəxəssislər də etiraf edir ki, Zəngəzur
tarixi Azərbaycan torpağıdır. Ona görə də biz həmin tarixi
unutmamışıq. Nədənsə, bir növ adət etmişik ki, hər hansı bir hadisə
baş verən kimi, ondan əvvəlkini tez unuduruq. Göyçəni, Zəngəzuru,
Qarabağı unutmaq olmaz”.
S.Rüstəmxanlı qeyd edib ki, Zəngəzurun, İrəvanın
Ermənistana verilməsi tarixi faktdır:
“Zəngəzur, İrəvan Azərbaycanın tarixi torpaqlarıdır. Bunu
Ermənistan gizlədə bilər. Ancaq Azərbaycan tərəfi əsla
unutmamalıdır. Ona görə də biz Qarabağla yanaşı, Zəngəzur və
İrəvanın da geri qaytarılması məsələsini qaldırmalıyıq”.
Ruslar Zəngəzurun Azərbaycana qaytarılması ilə bağlı imza toplamağa başladılar - PETİSİYA
“Zəngəzuru Azərbaycana qaytarın!”
“Mən Azərbaycanı sevən bütün sosial şəbəkə istifadəçilərini və
qeyri-hökumət təşkilatı nümayəndələrini sözügedən petisiyaya
qoşulmağa dəvət edirəm. Bu petisiyanın yerləşdirilməsinin ən
əhəmiyyətli məqamı Ermənistanın Azərbaycana qarşı ərazi
iddialarının Rusiya cəmiyyətinə mesaj olacağıdır. Bu bir daha onu
göstərir ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları təkcə
Qarabağla bitməyib. Tarixən ermənilər Azərbaycanın tarixi
ərazilərinə göz dikərək, ona sahiblənməyə çalışıblar. Bəzi
dövrlərdə isə Rusiyanın yardımı ilə ermənilər məsələləri öz
xeyirlərinə həll etməyə nail olublar. Hələ 1828-ci ildə Rusiya ilə
İran arasında imzalanan Türkmənçay müqaviləsindən sonra ermənilərin
İrəvan və Naxçıvan vilayətləri ərazilərinə köçürülməsi başladılıb.
Doğrudur, 1840-cı ildə həmin vilayət ləğv olunsa da, ermənilərin
Azərbaycana qarşı iddiaları hələ o zamandan olub. 1918-ci ildə isə
İrəvan və onun ətrafında olan Azərbaycan ərazilərini ermənilərə
paytaxt kimi bağışlayıblar. Bundan sonra isə Göyçə, Dərələyəz,
Zəngəzur ermənilərə verilərək, Ermənistanın indiki ərazisi
formalaşdırılıb. Ermənilər ötən əsrin ortalarında isə Qarabağ
iddialarını qabardıblar”.
“Cənab Prezident də dəfələrlə bəyan edib ki, Zəngəzur və İrəvan
da Azərbaycanın tarixi torpaqlarıdır. Mən bu petisiyaya qoşulan
insanları alqışlayıram”.
“Bir neçə gün əvvəl görkəmli alimimiz Yaqub Mahmudov bir
məsələyə xüsusi diqqət ayırdı. Söhbət Batumidə imzalanan
müqavilədən gedir. Bu müqavilədə qoyulan öhdəliklər yerinə
yetirilməyib. Ermənilər bir an belə dayanmayıblar. Bizə qarşı ərazi
iddiaları irəli sürülüb, İrəvanda Azərbaycan məktəbləri mövcud
deyil, ərazilərimizin 20 faizi işğal edilib. Bu proses indi də
davam edir”.
“Fikrimcə, biz bu məsələlər haqqında ciddi düşünməli, bunu
qaldırmalı və ilk olaraq hüququ baza yaratmalıyıq. Təklif edirəm
ki, XİN-də xüsusi qrup yaradılsın və bizim qaldırdığımız olan bu
məsələ ilə bağlı addım atılsın”.