Onun haqqında oxuyanda monarx olmaq istədim - UNUDULMUŞ AZƏRBAYCANLI ONEGİN - FOTOLAR/VİDEOLAR

Onun haqqında oxuyanda monarx olmaq istədim - UNUDULMUŞ AZƏRBAYCANLI ONEGİN - FOTOLAR/VİDEOLAR
12:33 15 Mart 2017
98 Digər
Ölkə mətbuatı
A- A+

Bu insan haqqında oxuyanda gecə yuxularıma girməyə başladı. Sanki onun simasında özümü görürdüm. Yazdığı məhəbbət şeirləri çəkdiyim əzabları yada salır. Hələ onun əsgərlik dönəmində sevgilisinə ünvanladığı 960 məktubu ürəyimi dağlayırdı. Yaraşıqlı və yaradıcı insan idi. 4 dəfə ailə həyatı qurub. Moskvada yaşayan tanınmış jurnalistimiz Rüstəm Arifcanovdan onun haqqında soruşanda, “Krasavçik Onegin” deyərək xatırlamışdı. Qadınlar və sevgi məfhumları Oneginin həyatını əhatə edib. Sonda bütün bunlara “əlvida” deyərək sonuncu həyat yoldaşını tərk edir.

Onegin 1985-ci ildə yaşadığı “Samokatnaya”nı tərk edərkən həyat yoldaşı, daha dəqiqi dördüncü arvadı Tatyanaya belə deyir:

- Mən gedirəm. Narahat olmayın. Peşman olmayacam, mən onun hüzuruna gedirəm. Amma bilin, siz peşman olacaqsınız.

Həmin gün, elə qarlı mart axşamı 49 yaşlı Onegin Moskvanın “Kiyev” vağzalına gəlir. Oradan isə elektrik qatarıyla Kaluqaya üz tutur...

İlk dəfə yuxu görməyə başlayanda içimdə elə bir ilham və həvəs yarandı ki, yuxudan ayılmaq və onları qaralamaya köçürmək üçün yerimdə vurnuxurdum. Alınmadı, bütün şeirlərimi yuxuda qələmə almalı oldum. Daha sonra böyüdüm, insanların mənə rəğbəti artdı, şeirlərimə musiqilər bəstələndi, oxundu. Mahnılardan ibarət 16 milyon “plastinka” satıldı. Polad Bulbüloğlu, İosif Kobzon, Alla Puqaçova, Yuri Antonov, Sofiya Rotaru, Müslüm Maqomayev, Rəşid Behbudov, "Qaya" Vokal Kvarteti, Valeri Obodzinski, Aida Vedişşeva, "Vesyolıye rebyata" qrupu... Sovet estradasının nəhəngləri “məni” ifa etməyə başladılar. Artıq yuxudan ayılmaq istəmirdim.

Dəfələrlə şahidi olmuşam ki, ədəbiyyata maraq və yazıçı istedadı anadan övlada ötürülür. Hacıqasımovların ailəsi bir tərəfdən ədəbiyyat təmayüllü idi. Anası Mehtəban Hacıqasımova (1905-1980) ana dili və ədəbiyyat müəlliməsi olub. 37-ci ildə Bakıda qatı dindarlıq ənənələrinin seyrəkləşdiyi ərəfələrdə övladlara verilən adlarla bağlı inanclar da getdikcə assimilyasiyaya uğrayırdı. Rus ədəbiyyatının da bu assimilyasiyada təsiri olub. Məhz Oneginin adı görkəmli rus şairi Aleksandr Puşkinin tanınmış əsərindəki Yevgeni Oneginin adından götürülmüşdü. Anası bu adı dahi şairin ölümünün 100 illiyində doğulan Hacıqasımova qoydu. Atası Yusif Hacıqasımov (1892-1960) 40-cı illərədək NKVD-nin işçisi idi. Ailənin əvvəllər 3 övladı dünyaya gəlsə də, hamısı bir aylığında tələf olmuşdular. Daha sonra 4-cü övladları dünyaya gəlir. O çox arıq və zəif idi. Yaşayacağına ümid yox idi. Atası Yusif Hacıqasımov onun adını Mircəfər qoymaq istəyirmiş. Bu əslində onun işi ilə bağlı deyildi, sadəcə dini inanclarından doğurdu. Lakin Anası Mehtəban xanım israrla övladına Onegin adı qoyulmasını istəyir. Belə də olur. Yusif Hacıqasımov da buna etiraz etmir. Hətta 7 il sonra dünyaya gələcək körpələrinin adını Nizami qoyacaqdılar. Onegin məktəbli illərində evlərində olan bütün kitabları oxumuşdu.

Oneginin məndə təəssürat yaratdığı həyat hekayəsi onu Kafkaya bənzətməyimlə başa çatdı - Milenaya məktublar, həyatındakı qadınlar, bir də romantik həyat hekayələri. Hər ikisində də fəlsəfə var. Tək fərqləri odur ki, ata tərəfdən birinin bəxti gətirməmişdi. Kafkanın “Atama məktub”unu yada salsaq, kifayət edər...

- Onegin başqa adamdıye, atambalası!

Qardaşım otağımın qapısında dayanmışdı, məni dinləyirdi. Adətən yazılarımı yüksək səslə oxuyuram. Çox güman ki, onu bura gətirən səbəb də bu idi. Daha sonra Oqtay Ağayevin ifasında sözləri Onegin Hacıqasımova məxsus olan “Kimsən sən”i zümzümə edə-edə oradan uzaqlaşdı.

Onegin Hacıqasımov məhz o dövrün ən məşhur ifalarının sözlərinin müəllifi olub. O, Polad Bülbüloğlunun ifasında “Всё прошло”, o cümlədən “Край Любимый”(Sevimli diyar), “Sevincim Bakı”, “Xalidə” kimi əsərlərin memarıdır.

Az yaşamadı, bununla bərabər az işlər görməyib. Yaşadığı ömürdən daha çox uğurlara imza atıb. Dövrünün bəstəkar mahnılarının bəziləri hazırda dillər əzbəri olsa da, təəssüf ki, indinin özündə belə, söz və musiqi müəlliflərini sadəcə ifaçılar tanıyır.

“İerosximonax Simon” və ya “Puşkin”…

Şairin şöhrəti el-aləmi bürüdü. Mahnıları Sovet məkanında dillər əzbəri olan nəğməkar şair bu dünyanı özünə nicat bilmədi. Eyş-işrəti buraxmışdı, qazandığı milyonlarla ölçülən şöhrəti ona insanları tanıtdı. Beləliklə 1985-ci ildə 48 yaşında pravoslavlığı qəbul edir və 1988-ci ildə Moskva vilayətindəki Optina pustın monastırında ierosximonax Simon adını daşıyır. Lyamsino kəndinin yerləşdiyi Domodedovo rayonunda Onegin dəfn edilən qəbiristanlıqda şairin qəbrinin üstündə belə yazılıb: “İerosximonax Simon (4.06.1937 – 30.08.2002)”

Ona Puşkin ayamasının verilməsi də təsadüf deyildi. Rus şairinin əsərinin qəhrəmanına çevrilən Onegin o zamanlar hələ sadə vətəndaş idi. Daha sonra onu şeirləri ucaltdı və və əsərin qəhrəmanı müəllifin adını daşımağa başladı. Şair, şeir sənətinin zirvəsinə çıxmağı bacardı. Bu onun üstünlüyü idi. Rus ədəbiyyatını ruslardan daha mükəmməl bilən bir azərbaycanlının salnaməsi səssizcə yaddaşlarda həkk olunub. Bəli səssizcə. Oğlu Yusifin onunla görüşən yerli müxbirimizi görəndə dediyi kimi: “Hardan yadınıza düşmüşük?”

Vallah, nə deyim, bəzən çağdaş cəmiyyətin yaddaşını yeniləmək biz jurnalistlərin üzərinə düşür. Bu hər zaman belə olub, tarixin dərin qaranlıqlarında qalan dahilər hələ çoxdur. Gələcəkdə bir-bir onlara da kəndir atıb yuxarı dartmağa çalışacağıq.

Rüfət Soltan


Xəbərin orijinal ünvanı: http://publika.az/projects/bitmislayiheler/191432.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR