Sayt rəhbərləri bilməmiş olmazlar, online mediada ən çox oxunan xəbərlər sırasında ölüm xəbərləri ilk sıralarda yer alır. Xəbər gəldiyi zaman saytlar sanki bir-biri ilə yarışa girirlər. Daha oxunaqlı, kreativ başlıqla İP yığmağa çalışılır. Kiminsə bədbəxtçiliyindən pul qazanılır.

Metbuat.az saytının baş redaktoru Bahadur Seyidov bir neçə gün öncə köşə yazısında bu məsələni yenidən gündəmə getirib. Belə ki, sözügedən yazıda “Saytlar intihar xəbərlərini necə verməlidir?" başlığı ilə ilə problem qaldırılıb, həlli yolları göstərilib.

Maraqlıdır, bu məsələ ilə bağlı Azərbaycanın tanınmış ziyalıları nə düşünür?

Bununla bağlı Metbuat.az-a açıqlama verən millət vəkili Aydın Mirzəzadə bildirib ki, ölüm, kriminal, mənəviyyatımıza düz gəlməyən xəbərlər bu gün çox təəssüf ki, birinci yeri tuturlar:

“Hesab edirəm ki, bu məsələdə bir intizam yaradılmalı, burada bir qayda tətbiq olunmalıdır. Mətbuat xəbər seçimi və yayımında azaddır. Lakın onların yaydığı xəbərlər gənc nəsildə, ümumiyyətlə, cəmiyyətdə əks-səda yaradır. Bu, Azərbaycan haqqında beynəlxalq ölkələrdə neqativ fikrin formalaşmasına gətirib çıxara bilər. Düzdür, bu məsələ ilə bağlı vaxtaşırı ziyalılarımız çağırış edirlər. Amma çox təəssüf, hələ ki, istənilən nəticə yoxdur. Görünür, bununla bağlı qanunvericilikdə qərar qəbul etməyin vaxtı gəlib çatıb”.

Məsələ ilə bağlı Metbuat.az-a münasibət bildirən politoloq Arzu Nağıyev bidlirib ki, intihar hadisələrini verən KİV özlərinə reytinq qazanmaq üçün məlumatlar yayan qurumlardır:

İntihara böyük bir məna vermək düzgün məsələ deyil. Özünə hörmət edən media qurumları bu hadisələri bəzənmiş formada vermirlər. Bu tipli xəbərlər, əsasən hüquq mühafizə orqanılarının apardıqları istintaqa uyğun şəkildə verilir. Heç bir ciddi sayt, KİV vasitələri öz səhifələrində bunlara böyük diqqət yaratmırlar. İntihardan istifadə edən yalnız öz iqtisadi, siyasi problemlərini çözmək istəyən şəxslərdir”.

Mövzu ilə bağlı Metbuat.az-a münasibət bildirən jurnalist, filologiya elmləri doktoru Qulu Məhərrəmli bildirib ki, ciddi sosial səbəblər olmadan, ictimaiyyətə hər hansı rezonans doğurmayan, hər hansı bir intihar xəbərinin verilməsi doğru deyil:

“İnanıram ki, bu məsələ peşəkarlıqla bağlıdır. Yaxşı redaktor, sayt rəhbəri bilməlidir ki, bu xəbəri verməyin mənası var, ya yox? Görkəmli kimsə rəhmətə gedibsə, bunu vermək olar. Amma flankəsin xalası oğlunun qohumunu maşın vurub, rəhmətə gedib. Burada qeyri-adi nə var ki? Peşəkarlıq aşağı səviyyədə olanda xəbər siyasəti bu cür olur. Bu gün mətbuatda ehtiyac olmayan xəbərlər çox yayılır. Bunların hamısı qeyd etdiyim kimi peşəkarlıqla bağlıdır”.

Xəyalə Məmmədova / Metbuat.az