"Söhbətim rəisə qədər gedib çıxmışdı" - Ramal - FOTO

"Söhbətim rəisə qədər gedib çıxmışdı" - Ramal - FOTO
16:37 12 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Milli.Az müğənni Ramal İsrafilovun "Qafqazinfo"ya müsahibəsini təqdim edir.

- Sonuncu dəfə "Gizli aşiqlər" mahnısını təqdim etdiniz. Deyəsən, klip də çəkdirmisiniz. Amma çoxdandır ki, təqdim olunmur. Səbəbi nədir?

- Mahnının sözləri Arzu Yəhyayevaya, musiqisi mənə məxsusdur. Belə düşündüm ki, klipdə tanınmış model və aktyorlar rol almasın. Sadə insanlar çəkilsə, daha yaxşı olar. Bundan sonra İnstagram səhifəmdə elan paylaşdım. Rejissor Cəlal Kəngərli ilə yaraşıqlı oğlanlar və qızları seçdik. Amma klipin çəkilişini dayandırmışıq. Çəkim artdığı üçün uzadırıq, əvvəlcə çəkim qaydasına düşsün, sonra yenidən başlayacağıq.

- Niyə "Gizli aşiqlər"? Rəsmi Youtube səhifənizdə paylaşdığınız mahnıda maraqlı görüntülərdən istifadə olunub. Məsələn: orada iki xanımın bir-birinə sevgisi göstərilib. Bu mövzuya bir qədər aydınlıq gətirərdiniz.

- Bu hissləri yaşayan çox insan var. Ancaq İnstagram-da paylaşdığım şəkillərin altına çox şərhlər gəldi. Yazmışdılar ki, bu, düzgün deyil. Allahın işinə qarışmaq olmaz. Ancaq bəziləri də yazmışdı ki, hələ də öz aşiqimi sevirəm. Ərə getmişəm, amma içimdə o sevgini yaşadıram. Yəni, belə insanlarımız var. Bu, bir mahnıdır, mən bu hissləri yaşamıram. Sadəcə olaraq ifa etmişəm. Bir ifaçı kimi həmin mahnını canlandırmışam.

Mənə çox sual verdilər, dedilər ki, niyə bu mahnını oxumusan. Ailədə də problem oldu, söylədilər ki, gərək oxumazdın. Mən onlara başa saldım ki, insanların həyatından qaynaqlanaraq yazılıb. Biz bir şey oxuyan kimi üstümüzə heç nə yazmasınlar, deməsinlər ki, həmin hissləri yaşadığın üçün oxumusan. Bir musiqi kimi oxumuşam, insanlara həsr etmişəm. Mənə heç bir aidiyyatı yoxdur.

Youtube-də yer alan görüntüləri mən hazırlamışam. 4-5 klipdən görüntüləri götürüb miks eləmişəm. Bu, klip deyil, klip daha sonra təqdim olunacaq. İnsanların əksəriyyəti elə başa düşür ki, biz çəkmişik. Şərh yazırlar ki, biz bu görüntüləri hardasa görmüşük, götürmüsünüz və s.

- Ququşun klipindəki görüntülərdən daha çox istifadə olunub. Həmin görüntülər yetərincə müzakirələrə səbəb olmuşdu. Çünki layihə iki xanımın sevgisindən bəhs edirdi.

- Demək olar ki, bu mahnını yazandan sonra həmin kliplə tanış oldum. Yaradıcı insan bəhrələnməlidir. Ancaq mən bəhrələnmək üçün həmin klipə baxmamışdım. Təsadüfən qarşıma çıxdı və qızların göz-gözə baxması səhnəsində mövzunu tutdum. Yəni, dünyada belə janrlı mahnılar və təbliğat var. Mən də həmin görüntüləri əlavə etdim.

- Dediniz ki, çəkiniz xeyli artıb. İntensiv olaraq idmanla məşğul olursunuz. Hədəfiniz nədir?

- Çəkim xeyli artıb, hədəfim 60-62 kq çəkiyə sahib olmaqdır. Bu səbəbdən idmanla məşğul oluram.

- Mediaya bir qədər qapalı müğənnisiniz. Müsahibə vermirsiniz, bir çox hallarda suallardan yayınırsınız. Bunun səbəbi nədir?

- Heç vaxt belə olmamışam. Hər zaman çalışmışam ki, səmimi və düzgün cavablar verim. Ürəyimin təmizliyindən bir çox sənətçilər məni hədəf götürdülər və "vurdu"lar. İstəmədən qalmaqallara salındım. Evdə maqazin verilişlərinə baxanda, məqalələri oxuyanda çox əsəb keçirirdim. Hansısa bir müğənninin sanbalı yaxşı olsun deyə məni niyə vurursuz ki? Mənim də təmiz söylədiyim fikirləri deyərdiz. İstər Aygün Kazımova, istər Röya və başqaları... Bu səbəbdən məni çox incitdilər. Özümə söz verdim ki, daha mediaya açıqlama verməyəcəm. Ancaq alınmır, jurnalist mənə yaxınlaşanda indi birinci mənə nə sual verəcəyini soruşuram. Mən çox təbii insanam, düşünməyə vaxtım olmur. Sual verilən ki, anında cavab verirəm. Hələ də media nümayəndələrindən inciyəm. Çalışıram ki, düzgün mətbuat üzvləri ilə danışım, açıqlama verim. Çox vaxt alınmır. Mənə sual verirlər, daha sonra müğənninin sifarişinə uyğun yazını təqdim edirlər. Ortada mən "vuruluram". Olduğum kimi danışmaqdan qorxduğum üçün mediadan qaçıram. Bu səbəbdən kənarda olmağımı istəyirəm.

- Adını sadaladığınız müğənnilərlə münasibətləriniz qaydasına düşüb?

- Mən olduğum kimi insanam. Bəstələrimi yazıram, mahnılarımı oxuyuram. Aygün Kazımova körpəliyimizin Aygünüdür, ölkənin xalq artistidir. Mən də indiki zəmanənin bəstəkarıyam, hit mahnıların müəllifiyəm. Nə mən onlardan, nə də onlar məndən qaçır. Müəyyən anlaşılmazlıq oldu ki, aramıza xırda müğənniciklər girdilər və aradan çıxdılar. Bir qədər uzaq qaldıq, soyuduq. İndi görürük ki, biz bir-birimizə lazımıq. Məni "vurmaq" olmaz. Hamısına böyük hörmətim olar.

- Elə mətbuatda xəbər çıxdı ki, guya, sizə hücum olunub.  Bıçaqlı şəxslər qarşınızı kəsərək toydan qazandığınız pulu əlinizdən alıb. Belə bir şey olubmu?

-  Ətrafımda sanballı mediaya bağlı dostlarım var, hər kəslə münasibətim əladır. Mənim heç kəslə işim yoxdur ki, kimsə mənə yaxınlaşıb hücum etsin. Belə bir şey olmayıb. Toydan çıxanda yanımda adamlar olur, pul məndə olmur ki, əlimdən alsınlar. Özü də pul toy sahibindən qabaqcadan alınır. Xırda söz-söhbət olmuşdu. Həvəskar jurnalistlərin qondarma xəbərləri idi. İki-üç nəfər idi, qulaq burması verildi. Mənim 4-5 dəfə maşınımın şüşəsi sındırılıb. Bu haqda heç kəsin məlumatı olmayıb. Hər sahədə çox böyük dostlarım var. Söhbətim həmin ərazinin rəisinə gedib çıxmışdı. Yəni, eşitmişdi ki, maşınıma əl atıblar, şüşəsini sındırıblar. Ona görə də, məni yəqin ki, görüblər. Elə biliblər ki, pulumu filan alıblar. İndi maşınımı kameraların altında saxlamağa üstünlük verirəm ki, həmin insanların kimliyini öyrənək. Hər zaman boş vermişəm, üstünə düşməmişəm. Dünya dərəbəylik deyil, hər yanda kamera var. 

- Vergilər Nazirliyi məlumat yaymışdı ki, iki məşhurun ölkədən çıxışına qadağa qoyulub. Biri siz, digəri isə Aygün Bəylərdir. İndi vəziyyət necədir? Ölkədən rahat çıxa bilirsiniz?

- Mənim də qulağıma çatdı, evdə oturub xəbərlərə baxanda xəbərim oldu. Aygün Bəylər, Abbas və mənim ölkədən çıxışıma qadağa qoyulub. Ömür boyu VÖEN-im olub. Tanınmamışdan qabaq da məşğul olduğum işlərdə vergimi ödəmişəm. Mənə gülməli gəldi və müəmmalı bir məsələyə çevrildi. Çünki qazancımın yarısını vergiyə verirəm. Yenidən araşdırıldı, yanlışlıq olduğu məlum oldu. Şükürlər olsun. Məndən də 30 minə yaxın pul tələb etmişdilər. Sonra araşdırma zamanı hər şey aydın oldu. Bütün qəbzləri topladıq, vəkilimlə nazirliyə apardıq. Ümumi 1000-2000 cəriməm oldu. Bu da normal bir şeydir. 4-5 dəfə də Azərbaycandan kənara çıxmışam. Şükürlər olsun ki, belə bir qadağa yoxdur.  

- Abbas Bağırov demişdi ki, mən nazirlik işçisinin toyuna getmədiyim üçün çox cərimə yazıblar. Sizdə də belə bir hadisə baş verib?

- Biz vergimizi ödəyiriksə, onlar da qonorarımızı verməlidir. Hörmət ola bilər ki, qiymətdə aşağı gedəsən. Qarşılıqlı hörmət başqa yerdir. Dostlarımdırsa, dəvət olunan yerlərə çalışıram ki, gedəm.

- Tanışlarınız, dostlarınız, media nümayəndələri sizin telefona cavab verməməyinizdən şikayətlənir.

- Dostlarım məndən inciyir, küsür. Ona görə də, onlardan xahiş etmişəm ki, nə oldusa, votsapa yazın. Telefona cavab verməklə bağlı psixoloji problem yaşayıram. Atam, anam və başqa adları yazılan şəxslərə cavab verirəm. "Kontaktım"da olmayanlara özümdən asılı olmayaraq cavab vermirəm. Bu səbəbdən gərək həkim, və ya psixoloq yanına gedəm (Gülür). Zəngləri görürəm, danışmaq istəmirəm. Telefonda danışmağı sevmirəm.

- Mən deyim ki, sarı rəng sizə çox yaraşırdı. Sosial şəbəkədə paylaşdız, daha sonra saçınızın rəngini dəyişdiniz. Səbəb nə idi? Çox tənqid olundunuz?

- Sarı saçlarımı özümə yaraşdırmışdım. Mən güzgüyə baxanda özümü fərqli və maraqlı gördüm. Düşünmədim ki, mənə nəsə deyərlər. İstanbulda idim, fotonu instaqramda paylaşdım. Vay dədə, üstündən 2-3 saat keçməmiş media xəbər yazdı, insanlar tənqidi rəylər yazdı. İnsanlar da öz işləri ilə məşğul olmur. Bu da yaxşı bir şeydir. Sənəti olan haqda danışarlar. Zeynəb Xanlarovanın yaxşı bir sözü var: "O insanlar haqqında danışmırlar, deməli, onlar ölüb". Yaxşı mənada... Məni də qınadılar. İnsanı evdən dəstəkləyərlər, fikir bildirərlər. Bizimkilər də hamı kimi bəyənmədi. Biz Azərbaycanda yaşayırıq. Faiq Ağayev illərdir saçına, imicinə görə tənqid olunur. Bəlkə də, buna görə inkişaf edə bilmirik, kompleks içərisində yaşayırıq. Səhnədə sol ayağını atanda sağı saxlayırsan. Düşünürsən ki, səhv bir addım atarsan. İnsanlarımız sənətçilərə mənfi enerji verirlər. Sənətçini kompleksə salırlar. Nə alıqşlayan, nə də dəstək olan var. Ömür boyu saçım sarı qalmayacaqdı ki? İndi vecimə heç nəyi almıram. Nə etsəm də, heç kimdən çəkinmirəm. Allahın yanında yaxşı olum. Saçımı rənglətməyim, cırıq şalvar geyinməyim mənə aid bir şeydir. Dostlarım da söylədi ki, mənə hər şey yaraşır. Artıq rahatlıqla səhnə üçün hər şey edəcəm. Düşünmək, seçim arasında qalmaq məni geri atır. Vaxt gedir, bəs bunları kim edəcək? Sənətçi fərqli geyim və saç düzümləri ilə səhnəyə çıxmalıdır. Qarşıma sərhəd qoymayacam, insanları şoka salacaq geyimlərdən istifadə edəcəm. Təbii ki, bu geyimlər mahnılara görə dəyişəcək.

- Bir vaxtlar Mələkxanım Əyyubova sizə incik idi. Hətta M. Əyyubova verilişdə ad gününü qeyd etmişdi. O, həmin proqramda iştirak etməyən sizdən və Mirkamil Kamilovdan incidiyini söyləmişdi. Tez-tez küsür sizdən?

- Biz sevgi dolu bir ailədə böyümüşük. Bibimdir, Kamilin xalasıdır. Ana-atam kimi doğmadır, xalq artistimizdir. Bəzən insan ərkindən çağırılan harasa getmir. Başqasına etmək olmur. Bir balaca səhv oldu, yatıb qalmışdım. Bibim də  nə oldu atama zəng vurur. Deyir ki, bunlar niyə belə oldu? Axşam atam söylədi ki, bibinə zəng vur. Mən də "Bibi, bibi can" mahnısını oxudum, vəssalam, buzlar əridi. Bizim aramızda kin olmur. Bizdə xainlik, paxıllıq yoxdur. Babam aşıq olub, atam musiqiçidir. Biz bir-birimizlə qidalanırıq. Başqa nə ola bilər?

- Bir neçə il əvvəl ailə qurmusunuz. Qızınız da dünyaya gəlib, adı Liyadır. Niyə Liya qoymusunuz?

- Yoldaşım iki universitet bitirib, tərcüməçidir. Doğma xalamın qızıdır, indi müvəqqəti olaraq işləmir. Adı xanımım qoyub. Mən də adı eşidəndə təəccübləndim. Düzdü, evdəki ağsaqqalar söylədi ki, bu nə addır? Biz fikir vermədik, onu dəstəklədim. "Səbr" mənasını daşıyır. İndi də adına yaraşır. Çox istedadlı baladır. Məni çox şoka salır. İki yaşı var, amma bəlkə də, 15 mahnı bilir. Düşünürəm ki, nəsildə bibimdən sonra qız ifaçısı doğulub. Bunu zaman göstərəcək, qarşısını da kəsməyəcəm. Ancaq istərdim ki, balet ifaçısı olsun. Müğənni də ola bilər. Təsəvvür edin ki, balet ifa edərək mahnı oxuyur (gülür). Təki ailəsinə xeyirli bir övlad olsun.

 - Siz qızınız olmamışdan qabaq açıqlama vermişdiniz ki, oğlan yox, qızınızın olmağını istəyirsiniz. Söyləmişdiniz ki, qız övladı anaya həyandır, həyat yoldaşıma kömək, dayaq olsun deyə qızım olmasını istəyirəm. Adətən bizim cəmiyyətdə kişilər oğlan övladlarının dünyaya gəlməyini istəyirlər.

- Mənim cəmi 1 bacım olub. Anam və o, evdar xanımlardır. 3 qardaş, bir bacıyıq. Hamımız anamıza kömək etmişik, ailədə, nəsildə qız az olub. Hər zaman xalalar, bibilər istəyiblər ki, qız dünyaya gəlsin. Elə bil o niyyətlə böyümüşük. Cavanlıq vaxtında dəcəllik edirdik, həmişə bacımızı misal çəkirdilər. Deyirdilər ki, siz dəcəlsiz, o isə evlərdə ananıza kömək edir. Bu səbəbdən hər zaman qız atası olmaq istəmişik. Mənim arzum çoxuşaqlı bir ailə başçısı olmağımdır. Allah mənə bir qız verdi, çox sevindim. Amma fikrim dəyişdi. Əkizlər bürcüyəm, tez-tez dəyişik düşünürəm. Görək nə olur, Allah nə versə, min şükür deyəcəyik. Belə bir şayiə yayılıb ki, Ramalın oğlu olacaq. Yalandır, belə bir şey yoxdur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/534441.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR