Yay fəslində istirahət haqqında düşünənlərin sayı istər-istəməz artır.

Metbuat.az siyasətçilərə yay istirahətinizi necə planlaşdırırsınız deyə müraciət etdiyi sorğunu təqdim edir:

Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov

Bizim siyasətçilər yayda harada istirahət edəcək?

“İstirahət planım ola bilər. Olsa, avqust və ya sentyabr aylarında ola bilər. Amma hələ ki, görüləcək işlər çoxdur. Tədbirlər keçirilir, müəyyən işlərin görülməsi plandadır. Hələ ki, bilmirəm istirahətlə bağlı nə edəcəm. Mən jurnalist olduğum üçün demək olar ki, dünyanın əksər ölkələrində olmuşam. ABŞ-dan tutmuş Cənubi Amerikaya qədər, Asiya, Avropa ölkələrində olmuşam. Azərbaycanın hər yeri maraqlıdır. Ötən istirahətim zamanı Lahıcda oldum, çox maraqlıdır. Ümumiyyətlə, ölkəmiz maraqlıdır. Bəzi insanlar var ki, çox səyahətdə olur, dünyanı gəzir. Digərləri isə Azərbaycanda olmağı çox sevir. Hər halda gəzmək, görmək maraqlıdır. Nə qədər çox görsən, bir o qədər də məlumat yığırsan”.

Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı

Bizim siyasətçilər yayda harada istirahət edəcək?

“Mənim istirahətlə bağlı planım yoxdur. İstirahətim elə Bakıdan 3 km kənara çıxanda, təbiətə qarışan, qovuşan kimi başlayır. Yazı yazmağa gen-bol vaxtım olanda burda da istirahət edirəm. Ona görə də xüsusi bir planım yoxdur”.

Millət vəkili Zahid Oruc

Bizim siyasətçilər yayda harada istirahət edəcək?

“Müəyyən yaş dövründən sonra siyasi fəaliyyətin qurulması mümkün deyil. Birinci ona görə ki, mövzu dəyişir və aktiv proseslər bir qədər arxa plana keçir. İkinci tərəfdən isə insanın fiziologiyası, hətta ruhu da konkret bir limit üzərində verilib. Onu tükədərək öz fəaliyyətini qurmaq o qədər də asan deyil. O üzdən də istirahətimiz olacaq, lakin bunu ölkə daxilində, bəzən sadəcə bağ şəraitində həyata keçirəcəm. Xarici səyahət planlarım yoxdur. Hələ ki, sessiya zamanıdır. Ondan sonrakı mərhələdə yaxın bir çevrəmizlə bu işləri reallaşdıracağıq”.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev

Bizim siyasətçilər yayda harada istirahət edəcək?

“Mənim imkanım olmadığına görə heç yerə getməyəcəm. Sizə deyim ki, heç bu dəqiqə yeməyə çörək pulu tapa bilmirik. Bizə istirahət üçün pul lazımdır. O pul da bizdə yoxdur. Hər halda, partiya işləriylə məşğuluq, xaricə çıxmağa, və yaxud da Azərbaycanın daxilindəki görkəmli yerlərə getməyin hamısına pul lazımdır. Pul da bizdə yoxdur. Bizim bəxtimiz gətirməyib ki, hansısa istirahət ocağında dincələk. Siyasi işlərimiz, partiyanın işləri çox olduğuna, qarşıdan prezident seçkiləri gəlir, ona hazırlaşmağımıza və maddi imkanım yetərli olmadığına görə Bakıdayam. Heç yerə çıxa bilməyəcəm, pul lazımdır, pulumuz da yoxdur”.

Millət vəkili Fazil Mustafa

Bizim siyasətçilər yayda harada istirahət edəcək?

“Ancaq Bakıda olacam, bir də Naxçıvanda. Yəqin ora gedəcəm. Hələ ki, gedəcəyim dəqiq vaxtı bilmirəm, amma gedəcəm. Xarici ölkələrə istirahətə getmək fikrim isə yoxdur”.

Aytən Novruzova / Metbuat.az