Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla Əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Nigar Camalın yol polisi haqqında işlətdiyi açıqlama verib.
Metbuat.az-a danışan Vaqif Əsədov bildirib ki, Nigar Camalın yol polisləri haqqında belə ifadələr işlətməyə heç bir haqqı yoxdur:
“Biz Nigar Camala bununla əlaqədar müraciət edirik. Xahiş edirik, müxtəlif saytlarda arxamızca danışmasın. Üzə çıxsın, informasiya versin və konkret olaraq bildirsin ki, bunu kim, nə zaman və harada edib. Biz də araşdırma aparaq. Hörmətli xanım ola bilsin ki gözəl müğənnidir, istedadlı, tanınmış bir şəxsdir. Amma ən azından vediyi informasiyanın arxasında dayansın. Kim olur-olsun, informasiya verirsə, bu informasiya haqda geniş məlumat veriməlidir. Bundan başqa, yol polisinin vəzifəsi avtomobili saxlamaq və sürücünün sənədlərini yoxlamaqdır. Bu gün Nigar Camalın yol polisləri haqqında belə ifadələr işlətməyə heç bir haqqı yoxdur.
Nigar Camal bu ölkəyə yalnız əmək haqqı almaq üçün gəlir
Baxmayaraq ki, o, bir neçə il əvvəl xidmətləri ilə bağlı BMT tərəfindən təhlükəsizlik məsələləri ilə bağlı “Xoşməramlı səfir” seçildi. Bundan sonra nə iş gördü? Dəfələrlə onu təbliğat xarakterli tədbirlərə dəvət etsək də, Nigar Camal bundan imtina etdi. Amma Eldar Qasımov bizim keçirdiyimiz tədbirlərin hər birində başda olub. İndi Nigar Camal kimi tanınan hörmətli xanımın yol hərəkəti təhlükəsizliyi ilə bağlı bu cür ifadələr işlətməsi düzgündürmü? Özünü avropasayağı aparmaq, xaricdə yaşamaq bu cür hikkəli ifadələrlə çıxış etməyə əsas verir? İstəyirəm cəmiyyət reallığa qiymət versin. Ola bilsin gözəl müğənnidir, gözəl anadır, gözəll vətəndaşdır, amma gözəl və nümunəvi sürücü olmaq üçün ən azı çalışmaldır. Mən üç gündür ona “Facebook” səhifəsində yazıram ki, sizinlə əlaqə saxlamaq istəyirəm. Yəni, bu nə dərəcədə düzdür?!
KİV bu məsələdə birtərəfli mövqedən çıxış edir
KİV sensassiya yaratmaq xətrinə, bilərəkdən, informasiya qıtlığı olduğundan bitərfli, Nigar xanımın dili ilə informasiya verirlər. Bu da düzgün deyil. Hər halda, cəmiyyət çox gözəl, düzgün qərar qəbul edir. Xalqın gözü tərəzidir.
Hər kəs öz hərəkətinə görə cavab verməlidir
Kimin kim olmasından asılı olmayaraq, hər kəs öz hərəkətinə görə cavab verməlidir. Londonda yaşayan bir xanım, londonsayağı, avropasayağı geyinməklə, özünü aparmaqla buradakı hərəkətlərinə hansı formada haqq qazandırır? O, bağlı qapılar arxasında gizlənə-gizlənə informasiya verirsə, onun hərəkətləri mənfi obraz yaratmaq deməkdir. Özü televiziyada deyib ki, "Məni polislər axtarır". Biz onu axtarmırıq. Deyirik ki, üzə çıx. Gəl idarəyə, ya da biz gələk, görüşək. Sizin xətrinizə kim, harada, necə dəyib? Söz deyirsən, biz də onu araşdıraq.
Artıq onlar fakt kimi bizdədir
Nigar Camalın bütün o kliplərinə baxın, “Selfie” çəkir. Diqqəti yayındıra biləcək hərəkətlər edir. Bu, artıq onun cəzalandırılmasına əsas verən şərtlərdir. Yəqin ki, o, bunları siləcək. Artıq onlar fakt kimi bizdədir. “Selfie” çəkdirən zaman görünür ki, təhlükəsizlik kəməri bağlamır. Yol boyu diqqtəti yayınır, nəzəri telefondadır, yoldan xəbəri yoxdur. Qanunda da deyilir ki, texniki vasitələrin göstəriciləri əsasında lentə alınan xətalar KİV ilə yayılırsa, bu, artıq inzibati xəta tərkibi yaradır və bunu edənlər məsuliyyətə cəlb olunur. Londonda avropasayağı yaşamaqla, Bakıda bu cür ifadələr işlətmək uyuşmur”.
Nigar Camalı həbs oluna bilərmi?
Təbii ki, vaxt, zaman özü sözünü deyəcək. Hər halda, Nigar Camal xanım olaraq özünü düz hesab edirsə, dediklərinin sübuta yetirilməsi və araşdırılması üçün bizə kömək etmək üçün üzə çıxsın. Nə telefonu var, nə ünvanı. Unutmasın ki, onun təhqiramiz ifadələr işlətdiyi insanlar vaxtilə onun seçilməsi üçün səs verib”.
Qeyd edək ki, Azərbaycanlı müğənni Nigar Camal sosial şəbəkədə Dövlət Yol Polisinin əməkdaşları barəsində belə bir ifadə yazıb:
“DYP – axır zamanlar çox qudurub! Daha susmaq istəmirəm. İdeal olmasa da, mən həmişə qaydalara əməl etməyə çalışıram. Qaydanı da pozanda deyirəm ki, cəriməmi yazın. Sənədlərim də həmişə qaydasında olur. Amma bütün bunlara bizim DYP əhəmiyyət vermir. Onlar yollarda təhlükəsizliyi təmin etmək əvəzinə, özləri qaydaları pozurlar. Düz getdiyin yolda səni səbəbsiz yerə saxlayırlar. Xüsusilə axşam saatlarında, ümumiyyətlə, maşın sürmək mümkün deyil. Yolda “inomarka” görən kimi arxasınca sürüb, saxlatdırırlar. İlk olaraq, kobud tonda kəmərə ilişir. Sonra da alkoqola. Əmin edirsən ki, alkoqol qəbul etməmisən, sənədlərin də qaydasındadır. Belə olanda da deyirlər ki, sizin bir cəriməniz var, maşınınızı cərimə meydançasına götürməliyik. “Cərimənizi ödəyin” demək əvəzinə, maşını aparmaq, sürücülük vəsiqəsini almaq istəyirlər. Mənim sürücülük vəsiqəm Böyük Britaniyaya aiddir, alsan, nə olacaq ki? Sadəcə, 20 dəqiqə yolda vaxt itirirsən.
Səhər yenə saxlayırlar. Düşündük ki, yenə kəmərə ilişəcəklər. Amma bu dəfə qəsdən deyir ki, telefonla danışırdız. Soruşuram ki, siz telefonu harda gördüz? Deyir ki, əlinizdə tutmusuz. Telefonun arxa oturacaqda çantamda olduğunu göstərirəm. Çarəsiz qalanda da deyir ki bəs siz polisin “saxla” əmrinə vaxtında əməl etməmisiz. Kəmər, telefon, indi də sizin “müqəddəs taxta”nız? İzah edirəm ki, yolda maşın, onsuz da, çoxdu, mən diqqətimi sizin sifətinizə yox, yola yönəltməyə çalışıram. 100 manat cərimə yazmaq istəyəndə də deyirəm ki, bayaqdan sizi kamera çəkirdi. Bunu eşidən kimi dərhal danışıq tonu dəyişdi, üzündə gülüş, zarafat. Məni də xoşluqla buraxdılar”.
Xəyalə Məmmədova / Metbuat.az