Banka kredit borcu olan azərbaycanlı siyasətçilər - SİYAHI

Son zamanlar banka borcu olmayanlar demək olar ki, barmaqla sayılası qədərdir.

Metbuat.az siyasətçilər arasında banka borcu olub-olmadıqları ilə bağlı sorğu keçirib. Sözügedən sorğunu təqdim edirik:

Azərbaycan Mətbuat Şurasının Sədri, millət vəkili Əflatun Amaşov

“Bankdan heç vaxt kredit götürməmişəm. Götürmək barədə də düşünməmişəm. Hər insan öz işini planlaşdırır, geniş planlar həyata keçirmək istəyir, maliyyə olmadıqda banklara üz tutur. Bəziləri uğur qazanır, bəziləri isə uğur qazanmır. Bu, insanların öz seçimidir. Ancaq kifayət qədər ehtiyatlı olmaq lazımdır. Məsuliyyəti axıra qədər yerinə yetirə biləcəksənmi, gücün çatacaqmı banklardan götürdüyün pulu qaytara biləsən? Bəzi insanlar var ki, maksimal düşüncə tərzinə malikdirlər. Müəyyən iş qurmaq istəyəndə yalnız müsbət tərəflərini fikirləşirlər. Yalnız gəliri fikirləşirlər. Banklara üz tutmaq, banklardan aldığı maliyyə, kredit hesabına çoxlu gəlir, qazanc əldə etmək istəyirlər. Belə insanlar var, çoxdur. Onların hazırda banklara kifayət qədər borcları var. Bir işi görmək üçün yüz ölçüb, bir biçmək lazımdır, bütün imkanları, işin müsbət, mənfi tərəflərini nəzərə alıb, plan hazırlamaq lazımdır. Avropada və digər ölkələrdə insanlar bir iş qururlarsa, kifayət qədər təhlillər aparırlar, mütəxəssislərlə məsləhətləşirlər. Özlərinə uyğun bank tapırlar”.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev

“Mən ömür boyu kreditlə yaşayan insan olmuşam. Elə bu gün də kreditlərin içində yaşayırıq. Adicə telefonuma qədər kreditlə almışam. Bəzən baxırıq ki, evdə çörək pulu yoxdur, gedib kreditə giririk. Tədricən, asta-asta ödəyirik. Yəni, bizim həyatımız budur. Çox çətin bir həyat yaşayırıq. Bir maşınım var, 5 ildir almışam (17 min manata). Bu günə qədər hələ kreditini verib qurtara bilməmişəm. Zəif, çox acınacaqlı bir həyat yaşayırıq. Amma nə etmək olar?! Taleyimiz belədir. Azərbaycanın müstəqilliyini qoruyan biz, indiki hakimiyyətin düşmənlərini qoruyan mən, acından ölən də mən. Dövlətə xəyanət edənlər yaxşı yaşayır. Hafiz Hacıyev o bankı yoxdur ki, ordan kredit götürməsın. Kreditləri ödəyəndə gecikmələr olur, vaxtında çatdıra bilmirik. Çətinliklərimiz olur, dosta-yoldaşa ağız açırıq ki, bizə kömək etsinlər".

Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı


“Banka borcum yoxdur, heç vaxt da olmayıb”.

Ümid Partiyasının sədri İqbal Ağazadə

“Banka borcum olub, hazırda da var. Məsələn, maşınla bağlı borcum olub. Ödəmədə bəzən problem olur, gecikmələr olur. Kredit kartım var”.

Millət vəkili Fazil Mustafa

"Bankdan borc götürmək kimi əməliyyata indiyədək girməmişəm. Kredit götürməyə, faiz ödəməyə yaxşı baxmıram. Bu baxımdan da çevrəmdəki insanlara da tövsiyyə eləmirəm. Bəziləri eşitməyərək, bu addımı atıblar, amma sonra bunun nə qədər böyük fəsadlarının ortaya çıxdığını görüblər. Çünki maliyyə prosesləri barədə bilgisi olmayan insanlar çox vaxt borcun sıxıntılarını yaşayırlar. Ona görə də heç vaxt kredit götürməmişəm".

Millət vəkili, siyasi elmlər doktoru Elman Nəsirov

“Mən hələ indiyə qədər nə bankdan pul götürmüşəm, nə kredit götürmüşəm, heç bir zaman da borcum olmayıb. Mən iş adamı deyiləm, biznes adamı deyiləm ki, bankdan böyük pullar götürüm. Nəsə bir şey almaq istəyəndə də öz maaşım, gücüm, imkanım daxilində nəğd pulla almışam. Həyatda hər şey ola bilər. Baxır görüləcək işlərə. İstisna deyil ki, nə zamansa banka müraciət edim və nə iləsə bağlı pul götürüm. Burda qəbahət bir şey yoxdur. Amma indiyə qədər buna ehtiyacım olmayıb. Əgər olarsa, banka müraciət edərəm”.

Millət vəkili Aydın Mirzəzadə

“Banklara həmişə borcum olub, almışam, qaytarmışam, hazırda da var. Nə səbəblə kredit götürdüyümi isə açıqlamaq istəməzdim. Ödəmə ilə bağlı gecikmələrim olur. Bu zaman kredit götürdüyüm filialla əlaqə saxlayıb səbəbini izah etməyə çalışıram. Ümumilikdə götürdükdə, anlaşma olur. Hesab edirəm ki, bazar iqtisadiyyatlı ölkələrdə əhalinin bankla sıx təmasda olması normal bir prosesdir. Bankın əsas funksiyası əhaliyə müəyyən bir situasiyada dəstək vermək, eyni zamanada yaranmış maddi vəziyyətdən çıxmağa kömək etməkdən ibarətdir. Bank maarifçiliyinə çox böyük ehtiyac var ki, insanlar bankdan qaytara biləcəkləri qədər kredit götürə bilsin. Hesab edirəm ki, bizim banklarımız əhalinin maraqlarına uyğun işləməyə çalışırlar. Faizlər azalır, müxtəlif xidmətlər təklif edirlər. Çətinliyə düşdükdə, onların problemini həll etməyə çalışırlar. Bütün İnkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da bankla münasibətlərdə müəyyən problemlər var”.

Aytən Novruzova / Metbuat.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR