Elektron məlumat bazasının təqdimatı - FOTOLAR

Azərbaycan Milli Kitabxanasında “Əziz Əliyev. Biblioqrafiya” kitabı və “Əziz Əliyev” elektron məlumat bazasının təqdimat mərasimi keçirilib.

Metbuat.az xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Milli Kitabxana tərəfindən hazırlanan və “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından çap olunan kitab görkəmli dövlət və elm xadimi, tibb elmləri doktoru, professor Əziz Əliyevin anadan olmasının 120 illik yubileyinə həsr edilib.

Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq Prezident İlham Əliyevin 18 noyabr 2016-cı il tarixli Əziz Əliyevin anadan olmasının 120 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzaladığını bildirib. Qeyd edib ki, Əziz Əliyevin yubileyi respublikamızda silsilə tədbirlərlə qeyd olunur. Görkəmli alimin vətən və xalq qarşısında misilsiz xidmətlərindən danışan direktor təqdim edilən kitabın Əziz Əliyevin xatirəsinə hədiyyə olduğunu diqqətə çatdırıb.

Daha sonra Milli Kitabxana tərəfindən hazırlanmış Əziz Əliyev haqqında qısa film nümayiş olunub.

Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Əziz Əliyevin dövlət idarəçiliyinin təkmilləşdirilməsində səmərəli fəaliyyətindən, respublikada səhiyyə sisteminin və tibb təhsilinin formalaşdırılmasında xüsusi xidmətlərindən söz açıb. Bildirib ki, tariximiz və cəmiyyətimiz üçün töhfə verən insanların həyat və fəaliyyətləri dəyərli nəşrlərdə tarixə köçür. Bu gün görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 120 illik yubileyi ərəfəsində nazirlik bu biblioqrafik göstəricini nəşr etməklə xalqımıza xidmət etmiş övladına öz töhfəsini vermiş olur. Qeyd olunub ki, Əziz Əliyevin həyat və fəaliyyəti Azərbaycan tarixinin mühüm bir mərhələsini təşkil edir: “O, yüksək təşkilatçılıq bacarığını təkcə Azərbaycanda nümayiş etdirməyib. Qonşu ölkələrdə də ona etimad edilən hər bir işi uğurla yerinə yetirib. Qərbi Azərbaycanda dünyaya gələn alim orada baş verən qanlı hadisələrin də şahidi olub. Əziz Əliyev uşaqlıq illərindən həkim olmağı arzulayır və buna nail olur. Lakin o, insanlara yalnız sağlamlıq bəxş etməklə qalmır, həm də böyük səhiyyə təşkilatçısı kimi tarixdə iz qoyur”.

Əbülfəs Qarayev Əziz Əliyevin ailəsinin mədəniyyətə və sənətə yaxın olduğunu diqqətə çatdırıb. Bildirib ki, bu ənənə bu gün də davam edir: “Ailənin özülü savad və yaradıcılıq üzərində qurulub. Məşhur nəslin davamçıları daim ölkəmiz üçün daim çalışaraq onun rifahına xidmət edirlər. Dağıstanın da tarixində silinməz izlər qoyan Əziz Əliyevin xatirəsi orada da daim hörmət və ehtiramla yad olunur. Azərbaycan öz ləyaqətli övladlarını heç vaxt unutmur”.

Mərasimdə çıxış edən millət vəkili, akademik Nizami Cəfərov, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun direktoru, professor Nazim Qasımov, Milli Məclisin üzvü Aydın Mirzəzadə, publisist-politoloq Reyhan Mirzəzadə çıxış edərək görkəmli alimin nümunəvi həyat yolundan söz açıblar. Qeyd olunub ki, ömrünü tibb elminin inkişafına həsr edən Əziz Əliyev Azərbaycan və Dağıstan xalqlarının əbədi dostluğunun simvoludur. Onun gördüyü işlər tarixi hadisə kimi dəyərləndirilməlidir. Görkəmli alimin II Dünya müharibəsi dövründə həyata keçirdiyi işlər mühüm hərbi-siyasi əhəmiyyətə malik idi.

Bakı Dövlət Universiteti Biblioqrafiyaşünaslıq kafedrasının müdiri, dosent Nadir İsmayılov Əziz Əliyev haqqında tərtib olunmuş fundamental kitab haqqında məlumat verib. Bildirib ki, yeni nəşr 1933-cü ildən 2017-ci ilədək olan dövrü əhatə edir. Azərbaycan və rus dillərində tərtib olunan kitabda görkəmli alimin əsərləri, həyat və yaradıcılığına dair materiallar xronoloji prinsiplə əksini tapıb. “Əziz Əliyev. Biblioqrafiya” kitabı tədqiqatçılar üçün maraqlı mənbədir.

Sonda Milli Kitabxananın şöbə müdiri Rübabə Səfərova “Əziz Əliyev” elektron məlumat bazasını tədbir iştirakçılarına təqdim edib. Təqdimat çərçivəsində qonaqlar görkəmli alimin zəngin həyat yolunu özündə əks etdirən “Əziz Əliyev -120” adlı kitab sərgisi ilə tanış olublar.

Aytən Novruzova / Metbuat.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR