Zəhmət olmasa, kayutalarda bütün işıqları söndürün! Dəniz quldurlarının aktiv olduqları yerdən keçirik!

"Sea Princess" laynerinin sərnişinləri bu xəbərdarlığı eşidəndə təəccübləniblər.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, "Sea Princess"də 2 min avstraliyalı sərnişin var. Onların hər biri Avstraliyanın Sidney şəhərindən Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinədək 104 günlük kruiz üçün 55 min dollar ödəyib.

Sərnişinlərin dediklərinə görə, bu xəbərdarlıqdan sonra 10 gün ərzində şər qarışan kimi gəmidə bütün işıqlar söndürülürdü.

"Sea Princess" Hind Okeanından, Ərəbistan dənizindən, Ədən körfəzindən və Süveyş kanalından keçəndə də işıqları söndürmüşdü.

Gəminin kapitanı Cennaro Arma bunun təhlükəsizliyin təminatı məqsədilə edildiyini vurğulayıb: "Təhlükə real idi və gəmi də dəniz quldurlarının hücumuna hazır olmalı idi".

Milli.Az