İslam alimləri dünyaya nələr bəxş ediblər?

İslam alimləri dünyaya nələr bəxş ediblər?

1. Qəhvə 

Əfsanəyə görə, Xalid adlı bir ərəb Həbəşistanın (indiki Efiopiya) cənub bölgəsi olan Kaffada qoyun sürüsü otarırmış. O müşahidə edir ki, heyvanlar müəyyən giləmeyvələri yeyəndən sonra daha enerjili olur. Xalid onları toplayıb dünyada ilk qəhvəni dəmləyir. Qəhvə dənələrinin Həbəşistandan Yəmənə ixracı onun daşınması haqqında ilk məlumatdır. XV əsrdə qəhvə dənələri Məkkəyə və Türkiyəyə, 1645-ci ildə isə Türkiyədən Venesiyaya gətirilib. İngiltərəyə qəhvəni 1650-ci ildə türk mənşəli Paskua Rosi gətirib və Londonun Lombard küçəsində ilk qəhvəxana açıb. “Qəhvə” sözü uzun yol qət edib: ərəb dilindəki “qahva” sözü türk dilindəki “kahve” sözünə çevrilib. İtalyanlar bu sözü “caff” kimi qəbul ediblər, ingilislərdə “coffee”, ruslarda isə “kofe” şəklinə düşüb. Biz isə onu “qəhvə” kimi işlədirik.

  2. Kamera 

Qədim yunanlar hesab edirdilər ki, gözlər işıq saçır və bunun sayəsində insanlar görür. Əslində isə işığın gözlərə nüfuz etməsini X əsrdə yaşamış müsəlman riyaziyyatçı, astronom və fizik Əbu Əli əl-Həsən ibn əl-Haytəm başa düşüb. İşığın pəncərə taxtasından necə süzüldüyünü müşahidə edən alim görüb ki, yarıq nə qədər kiçikdirsə, mənzərə bir o qədər aydın görünür. Alim ilk obskur kamerasını kəşf edir. Ərəb mənşəli “qamara” sözü “qaranlıq və ya ayrıca otaq” mənasını verir. Hesab olunur ki, fizikanın fəlsəfi elmdən təcrübi elmə çevrilməsi də əl-Haytəmim adı ilə bağlıdır.

  3. Şahmat 

Şahmatı hələ qədim hindlilər oynayıblar. Lakin həmin oyun bu gün tanıdığımız şahmat oyunundan çox fərqlənib. Şahmatın müasir variantı İranda yaranıb və oradan qərbə - Avropaya yayılıb. X əsrdə bərbərlər bu oyunu İspaniyaya gətiriblər.

  4. Paraşüt  

Uçuş aparatı yaratmaq ideyası Rayt qardaşlarından min il əvvəl müsəlman şairi, astronomu və mühəndisi Abbas ibn Firnasın ağlına gəlib. 0, 852-ci ildə taxta parçaları bərkidilmiş, geniş açılan bürüncəklə məscidin damından tullanıb. Firnas ümid edirmiş ki, quş kimi pərvaz edəcək, lakin alınmayıb. Bürüncək enməni yavaşıdıb və bir növ ilk paraşütə çevrilib. Alim cüzi xəsarət və yüngül qorxu ilə canını qurtarıb. Aparatını təkmilləşdirən Firnas 70 yaşında uçmağa daha bir cəhd edib. Bu dəfə o, dağdan tullanıb. O, havada 10 dəqiqə süzdükdən sonra yerə çırpılıb. Məsələ bundadır ki, alim öz aparatına quyruq düzəltməyib.

  5. Sabun və şampun 

Hər gün çimmək İslamın tələblərindən biridir. Ola bilsin, məhz buna görə müsəlmanlar sabun bişirmə üsulunu təkmilləşdirməyə çalışıblar. Məlumdur ki, qədim misirlilər də, romalılar da sabundan istifadə ediblər, lakin bitki tərkibli yağları natrium-hidroksid və ətirli birləşmələrlə qarışdırmaq ideyası məhz ərəblərin ağlına gəlib. İngiltərədə şampundan ilk dəfə 1759-cu ildə - bir müsəlman Braytonda hamam açanda istifadə olunub.

  6. Müasir kimya 

Əlkimyanı kimyaya Yabir ibn Hayyan adlı alim çevirib. O, IX əsrdə elə kimyəvi prosesləri kəşf edib ki, müasir elmdə indiyədək onlardan istifadə olunur: distillə, kristallaşma, ərimə, rafinə, oksidləşmə, buxarlanma və süzmə. Yabir ibn Hayyan kükürd və azot turşularını kəşf edib. Onun ixtira etdiyi distillə aparatı ilə alkoqollu içkilər, habelə ətriyyatda istifadə olunan ətirlər istehsal edilib.

  7. Dirsəkli val 

Rotasiya hərəkətini xətti hərəkətə çevirən dirsəkli valı müsəlman mühəndis əl-Cəziri ixtira edib. Mexanikanın ən mühüm ixtiralarından biri sayılan dirsəkli val hələ də müasir maşınların əsas tərkib hissələrindəndir. Mühəndisin kitabından görünür ki, o, ventil və qapaqlar ixtira edib, yaxud təkmilləşdirib, ilk dəfə mexaniki saat yaradıb. Əl-Cəzirini robototexnikanın atası saymaq olar. Kodlu qıfıl da onun ixtirasıdır.

  8. Çatma tağ 

Çatma tağ Avropanın qotika üslubunda inşa edilən kilsələrinə xasdır. Bu tağ romalıların və normanların istifadə etdikləri yarımdairəvi tağdan daha möhkəmdir və deməli, daha hündür və mürəkkəb konstruksiyalı binalar inşa etməyə imkan verir. Avropalılar tilli qübbə və dəyirmi xonça pəncərələrin konstruksiyaları ideyasını da müsəlmanlardan götürüblər. Avropa qəsrləri öz hasarları, bürcləri, istehkamları və kvadrat şəkilli qüllələri ilə eynən müsəlman qəsrlərinə bənzəməyə başlayıb. Məsələn, V Henrixin qəsrini inşa edən memar müsəlman olub.

9. Cərrah alətləri 

Müasir cərrah alətlərinin çoxu, o cümlədən cərrah bıçaqları, tibbi mişarlar, kəlbətinlər, nazik qayçılar müsəlman cərrahı əl-Zəhrəvinin hazırladığı şəkildə qalıb. Daxili tikişlər üçün istifadə olunan ketqutun orqanizmdə təbii şəkildə əriyib getdiyini və onun tibbi kapsulların hazırlanmasında da yararlı olduğunu məhz o aşkar edib. Qan dövranı prosesini Uilyam Qarveydən 300 il əvvəl - XII əsrdə müsəlman həkimi İbn Nəfis təsvir edib. Keyidiciləri və kataraktanın kənar edilməsi üçün iynəni də müsəlman həkimlər ixtira ediblər.

  10. Yel dəyirmanı  

Yel dəyirmanını 634-cü ildə ərəblər ixtira ediblər. Onlar bu dəyirmandan qarğıdalının üyüdülməsində və su təchizatında istifadə ediblər. Uzun aylar eyni istiqamətdə əsən külək Ərəbistan səhralarında yeganə enerji mənbəyi olub. Ərəblər bu mənbədən tam miqyasda istifadə ediblər. Dəyirmanların 6 və ya 12 qanadı olub. Bu qanadlar parça və palma yarpaqları ilə örtülüb. Avropada ilk yel dəyirmanları yalnız 500 il sonra peyda olub.

  11. Peyvənd 

Peyvənd ideyasını ilk dəfə Cenner və Paster deyil, müsəlmanlar təklif ediblər. Avropaya bu texnika 1724-cü ildə Türkiyədən gəlib. İngiltərinin Türkiyədəki səfirinin xanımı İstanbulda həmin prosedura diqqət yetirib. Vaksinasiya avropalılar tərəfindən kəşf olunandan 50 il əvvəl Türkiyədə uşaqları çiçəyə qarşı peyvənd edirmişlər.

  12. Avtoqələm 

İlk avtoqələmi 953-cü ildə sultan üçün ixtira ediblər: hökmdar onun libasını və əllərini çirkləndirməyən qələm tələb edib. Mürəkkəbin qələmin ucuna axması prosesi o vaxt da eynən indiki kimi olub.

  13. Nömrələmə sistemi 

Ehtimala görə, bütün dünyada istifadə olunan nömrələmə sisteminin vətəni Hindistandır. Lakin ədədlərin forması ərəblərə məxsusdur. Bu ədədlər çap şəklində ilk dəfə 825-ci ildə müsəlman riyaziyyatçıları Məhəmməd İbn Musa əl Xarizmi və Miqdad ibn Əsvəd əl-Kindinin əsərlərində yer alıb. “Cəbr” sözü Əl-Xarizminin “Al-Jabr wa-al-Muqabilah” kitabının adından götürülüb. Özü də bu kitabda təsvir olunan prinsiplər hələ də istifadə olunur. Müsəlman riyaziyyatçıların əsərlərinin nəticələri, o cümlədən alqoritmlər və triqonometriyanın bəzi nəzəriyyələri Avropaya yalnız 300 il sonra gəlib çıxıb. Əl-Kindinin tezlik analizi müasir kriptoqrafiyanın inkişafına təkan verib.

  14. Üç xörəkdən ibarət nahar  

Üç yeməkdən ibarət nahar konsepsiyası IX əsrdə Əli ibn Nəıfi tərəfindən İraqdan Kordovaya gətirilib. Həmin konsepsiyaya görə, əvvəlcə şorba, daha sonra ət və ya balıq yeməyi, sonda isə meyvə, qoz-fındıq verilir. Büllur stəkanları da ilk dəfə o tətbiq edib. Yeri gəlmişkən, belə stəkanları yuxarıda adı çəkilən Abbas ibn Firnas ixtira edib.

  15. Xalça 

Orta əsrlərdə müsəlmanlar xalçaya cənnətin bir parçası kimi baxıblar. O dövrdə xalça toxuma texnologiyası çox inkişaf edib, çeşidbəçeşid boyalar yaradılıb, toxuculuq sənəti isə ən gözəl sənətlərdən biri sayılıb. Avropada isə evlərə həsir döşəyiblər. Ev təmiz yığışdırılmayanda zir-zibil onun altına yığılırmış. Ona görə də ərəb, İran, xüsusən Azərbaycan xalçaları yüksək qiymətləndirilirmiş.

  16. Çek  

Müsəlmanlar olmasaydı, bu gün çek anlayışı da olmazdı. “Çek” sözü ərəb dilindəki “saqq” sözündən əmələ gəlib malın haqqının ödənilməsi barədə yazılı iltizam mənasını verir. O dövrdə böyük məsafələrə pul daşımaq çox təhlükəli olduğuna görə çeklərə tələbat yaranıb. Artıq IX əsrdə müsəlman tacirlər Bağdad banklarının çeklərini Çində nağd pula çevirirmişlər.

  17. Yer planeti kürə şəklindədir 

IX əsrdə müsəlman alimlərinin çoxu hesab edirdi ki, Yer planeti kürə formasındadır. Astronom İbn Həzmin fikrincə, Günəşin daim Yer kürəsində müəyyən nöqtədə şaquli vəziyyətdə yerləşməsi bu faktı təsdiq edir. Bu hadisə Qalileo Qaliley Yerin kürə formasında olduğunu başa düşəndən 500 il əvvəl baş verib. Müsəlman astronomlarının hesablamaları o dərəcədə dəqiq olub ki, onlar ekvatorun uzunluğunu müəyyən edərkən 200 kilometrdən az yanlışlığa yol veriblər və onun uzunluğunun 40253,4 kilometr olduğunu təxmin ediblər.

  18. Torpeda və raketlər 

Barıtı çinlilər ixtira edib atəşfəşanlıq üçün istifadə etsələr də, onu kaliumlu şora ilə təmizləyib hərbi məqsədlərlə istifadə etmək məhz ərəblərin ağlına gəlib. Müsəlmanlar bu silah ilə səlibçiləri qorxudublar. XV əsrdə onlar raket ixtira ediblər və ibtidai raketi “özüyeriyən və od tutub yanan yumurta” adlandırıblar. Bundan əlavə, torpeda ixtira ediblər. Ucunda oxu olan, özüyeriyən armudvari bombadan düşmən gəmilərini partlatmaq üçün istifadə olunurmuş.

  19. Bağ 

Orta əsrlər Avropasında bostanlar olub. Ərəblər istirahət guşəsi kimi bağ salıblar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR