Nə deyirsiniz - Samiraldo, yoxsa Naz?..

Son günlər saytlarda ən çox oxunan xəbərlər sırasına baxan zaman təəssüf hissi keçirirəm. Ona görə ki, oxucu kütləsi artıq cəmiyyətə neqativ örnək olan bəzi şəxslər barəsində yayılan “informasiya”lara üstünlük verir. Onlardan biri Türkiyədə evlilik proqramına qatılan Naz adlı azərbaycanlı qız, digəri də stilist olduğu deyilən, Samiraldo ləqəbli Samir Əliyevdir.

Etiraf edək. Oxucuların əksəriyyəti siyasi xəbərlərdən daha çox Nazın kimisə təhqir etməsi ilə bağlı yazılan məlumata tıklayır. Yaxud da, Samiraldonun sosial şəbəkədə paylaşılan son görüntüsünə. Bu tipli xəbərlər oxunaqlı olduğu üçün bəzi saytlar sözügedən şəxsləri qarabaqara izləyir, adi bir sözdən sensasiya yaradacaq başlıq çıxararaq oxutdururlar. Təqdim etmirlər, oxutdururlar. Kimliyinin, işinin, hansı məqsədə qulluq etməsinin, cəmiyyətə necə təsir etməsindən asılı olmayaraq. Sırf İP xətrinə, sayta daha çox şəxsin daxil olması üçün bu cür xəbərləri yazmaqda davam edirlər. Hətta, bəzi müxbirlər bu xəbərləri yazdıqdan sonra mərifətmiş kimi sonda imzalarını da qeyd edirlər.

Tənqid etmək asandır, əsas müsbətləri göstərə bilməkdir. Amma bu məsələni tənqid etməyin vaxtı keçir. Biz saytlar, özümüz də istəmədən insanlarda həmin şəxslərə qarşı rəğbət formalaşdırırıq. “O bunu etdi bu qədər qazandısa, mən də edib qazana bilərəm” – deyib dəyərlərimizi məhv edən artıq bir kütlə formalaşır. Bunu bəlkə də indi hiss etmirik, amma bir müddətdən sonra çox gec olacaq.

Kiməsə ağıl öyrətmək fikrim yoxdur. Buna nə təcrübəm, nə də yaşım kifayət etmir. Sadəcə bu məsələni gec olmadan ictimailəşdirsək, gənclərimizi düşmək istədikləri bu bataqlıqdan xilas etmiş olarıq. Nə deyirsiniz?...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı