Klassik musiqimizdə XƏZAN...

Klassik musiqimizdə XƏZAN...
18:48 20 Sentyabr 2017
103 Digər
Ölkə mətbuatı
A- A+

1885-ci ilin 18 sentyabrında Əbdülhüseyn bəy və Şirinbəyim xanım Hacıbəyovların ailəsində doğulan Üzeyir tək ailəsinin yox, bütün Azərbaycanın fəxri və qüruru oldu.

Böyüyüb yüksək musiqi duyumu və savadı ilə Azərbaycan musiqisini göylərə qaldırdı. Onun sayəsində şərqin ilk operası “Leyli və Məcnun” ərsəyə gəldi.

Onun klassik musiqimizə verdiyi töhfələr danılmazdır. Lakin vəziyyət elə gətirib ki, onun qoyduğu bu yolu davam etdirənlər ölkəni tərk etməyə başlayıb. Onları musiqidən soyudan səbəb isə istər mənəvi, istərsə də maddi dəstəyin yerində olmamasıdır. Çox təəssüf ki, illərini musiqinin dərinliklərinə həsr etmiş bu insanlar, bu günlərdə Şəbnəmlərə, Damlalara, Nurilərə yenilir…

Dünən isə aralarında viyolonçel ustaları üstünlük təşkil etməklə, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında çalışan beş nəfər istefa verib. Onlar ölkəni tərk edib, Çinə və digər ölkələrə üz tutmağı qərar veriblər.

Daha yaxşı maaş və tamaşaçı üçün ölkəni tərk edən musiqiçiləri isə qınamaq düzgün olmaz. Peşəkar musiqiçinin maaşı maksimum 450 manatdırsa, bu müəllim xaricə getməsin, neyləsin? Yaxud 450 manatla bir ailəni necə dolandırsın?

Əvvəllər yenə Əlövsət dayı var idi. Əti kəsib, kilosunu bir şirvan iki məmmədə satırdı. Doyunca ət də, alırdıq yanına kartof da. İndi ətin qiyməti on üç-on beş manat arası dəyişir, üstəlik ərzaqların qiyməti də fəzada tüğyan eləyir. Hələ bunun xeyiri, şəri də var. Di, gəl 450 manatla dolan! Xüsusilə tanınmış və peşəkar musiqiçisənsə, ətrafındakılara sanballı görünmək, yaxşı geyinmək məcburiyyətin var. Repititor yanına gedən övladları, universitetdə oxuyan uşaqların da varsa, deməli sözün əsl mənasında batmısan. Musiqiçilərimiz isə batmağı yox, üzüb, onlar üçün xeyirli gələcək vəd edən sahilə çıxmağı üstün tutublar. Tamaşaçının musiqi keyfiyyətini ayırd edə bildiyi, həm mənəvi, həm də maddi dəyərin verildiyi yerlərlərə...

Bu ölkədə onların bir ay əziyyətlə qazandığı pulu, altı-səkkiz ritmlik mahnılarla “tutuzduran” müğənnilər 15 dəqiqədə qazanırsa, Elton demiş “Çarə getməkdir...”

Bircə onu bilirəm ki, zövqlərimiz payız mövsümünü, klassik musiqimiz isə xəzanı yaşayır. Qış yaxındadır…

Pərviz Hüseyn


Xəbərin orijinal ünvanı: http://publika.az/news/koshe/214052.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR