Milli.Az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (146-cı say) təqdim edir.

Nihandan gözəl xanımlar, "Bəxt üzüyü"nü zay eləmək, Telliyə görə meqabayt korlamaq - HƏFTƏBECƏR

Şühbəsiz ki, geridə qalan həftənin əsas mövzusu müğənni Fədayə Laçındır. O Fədayə Laçın ki, Zeynəb Xanlarova boyda sənətkar bəyənirdi, xüsusi ifaçılıq tərziylə seçilirdi və ən nəhayət, özü sənətinə lazımi qiyməti vermirdi. Bəlkə elə buna görədir ki, 5-6 il əvvələ qədər heç kimin tanımadığı Nigar Camal jurnalistə "Fədayə Laçına nə olub ki" deyə sual edir. Doğrudur, janrlar fərqlidir. Amma gəlin görək Fədayənin öz janrındakı ifaçılığının 5 faizini Nigar öz janrında bacarırmı? Ümumiyyətlə, Nigarın hansı janrda oxuduğunu bilən varmı? O ki qaldı Fədayənin adının kriminal olaylarda hallanmasına, bu, ilk belə hadisə deyil. Şübhəsiz ki, qanun qarşısında hər kəsin məsuliyyəti var və heç bir cinayət cəzasız qalmamalıdır. Ancaq indiki halda sənətçini qəhrəman kimi təqdim etmək də yanlışdır, baltalamaq da. Ən yaxşısı necə deyərlər, suların durulmasını gözləmək lazımdır. Çünki Fədayəni bu işə təhrik edənlər də ola bilər. Yaxud mümkündür ki, onun başqa cinayət əməllərinin də üstü açılacaq. Sabir demişkən, çay gəlməmiş çırmanmayaq. Olurmu?

Yadımdadır, ötən il Burak Özcivit Bakıya gələndə bəzi qızlar əyinlərində əyinləri qaçmışdılar onu qarşılamağa. O da yanındakı xanımla baş verənlərə baxıb gülmüşdü. Yəni, gülüşlərdəki məna bu idi ki, məgər ölkədə kişi qıtlığıdır? Yoxsa Bakıda Burakdan daha yaraşıqlı oğlanlar yoxdur? Təbii ki, istər Bakıda, istər bölgələrdə elə yaraşıqlı insanlarımız var ki, Burak filmdə ən yaxşı halda onun köməkçisi obrazını canlandıra bilər. İki gün əvvəl Burakla eyni serialda tərəf müqabili olmuş Neslihan Atagül ("Kara Sevda"nın Nihanı) da Bakıdaydı. Amma təcrübə göstərdi ki, oğlanlarımız bayaq haqqında bəhs etdiyim həmin qızlardan daha sanballı və ağıllıdırlar. Çünki onlar bilirlər ki, Bakının hər küçəsində Neslihandan min dəfə gözəl xanımlar var. Bəlkə elə deyil?

Hər şeyə barmaq eləmişdik, qalmışdı köhnə filmlərimizi qurdalamaq. Deyəsən, onu da bacarırıq. Bu dəfə kinoçıxardanlarımız pul qazanmağın xatirinə "Bəxt üzüyü" filminin davamını çəkiblər. Filmin çəkilişlərini də "Planet Parni iz Baku" komandası həyata keçirib. Mənim işimə-gücümə bax da. Qardaş, get, KVN-ni oyna da. Sənin "Bəxt üzüyü" ilə nə işin var axı? Sabah da durub deyəcəksiniz ki, "Axırıncı aşırım"ın ikinci hissəsini çəkirik. Mənə maraqlıdır ki, "Bəxt üzüyü"ndə çəkilmiş sənətkarlar "Bəxt üzüyü 2"yə çəkilməyə necə və hansı adla razılıq veriblər?

Şəbnəm Tapdığı tanımamış olmazsınız. Məşhur şair İlyas Tapdığın qızıdır, illərin sənətçisidir, oxuyanda da saçlarıyla oynamağı var. Deyib ki, təmiz ad bu sənətdə irəli getməyə qoymur. Tam haqlıdır. Yeri gəlmişkən, tam məsuliyyətimlə deyirəm ki, indiyədək Şəbnəm xanımla bağlı heç bir xoşagəlməz sözün şahidi olmamışam. Görünür, elə bu səbəbdəndir ki, sənətçi özündə cəsarət taparaq belə bir açıqlama verib. Yoxsa sponsorun arvadının döydüyü sənətçi olsaydı, söhbəti başqa yerə fırladardı.

Şühbəsiz ki, həftənin ən üzücü xəbəri məşhur diktor, xalq artisti Rafiq Hüseynovun vəfatıydı. O Rafiq Hüseynovun ki, onlarla diktorun yetişməsində böyük əməyi olmuşdu. Amma izlədiyim qədəriylə onunla vida mərasimində həmin diktorlardan bəziləri iştirak etmirdilər.

Müğənni Xuraman Şuşalı deyib ki, evində yeməyi başqa xanım bişirir:

"Mətbəxi heç sevmirəm. Ev işlərini görürəm, amma mətbəx mənlik deyil. Evdə yeməklərimizi bişirən başqa xanımlar var. Sağ olsun, qayınanam da hərdən kömək edir".

Ay Allah, bu hansı nazirin qızıymış belə?! Buna görə Elnarə Abdullayeva deyir ki, oğluma müğənni qız almaram. Nə dəxli var ki, baş bağlıdır, yoxsa açıq? "Mətbəx mənlik deyil" nə demək olur? Hansı beynəlxalq konfrans, elmi simpoziumda iştirakdan sonra yorulurlar ki bunlar, ev işlərinə vaxtları qalmır? Bunun el dilində bir adı var - harınlıq.

"Arsenal"ın baş məşqçisi Arsen Venger illər öncə qazandığı çempionluqdan danışdı, söhbət bağlandı. "Neftçi"nin 1966-cı ildə qazandığı bürünc medal söhbəti də çoxdan "ölüb". Məşhur filmdə deyildiyi kimi, Seneqal da Amerikaya borclarını ödədi qurtardı. Amma Tellinin ərə getmək məsələsi hələ də aktuallığını saxlayır. Bu yaxınlarda aparıcı soruşub ki, ay səni yanasan, niyə ailə qurmaq istəmirsən? O da cavab verib:

"Mən bunu çox yerdə demişəm. Əgər sən sevirsənsə, mənim sənətimi də qəbul etməlisən. Yox, sən sənətini qoy kənara, getmə toya filan, bu mümkün olan deyil. Kim sənətimə icazə verəcəksə, onunla ailə quracam. Belə deyəndə bir də görürəm mesaj yazırlar ki, "Telli xanım, mən qoyacam sənətinizə davam edəsiniz". Amma o insanı yaxından tanımaq lazımdır ki, biləsən o, həqiqətən, sənətini davam etdirməyə qoyacaqmı?! Elə qızlar tanıyıram, elə aşıq qız da var. Deyir ki, toydan sonra sənətimi davam etdirməyə icazə vermədi. Çoxu alana qədər o sözü deyir. Yetər ki, ailə qurasan onunla. Gedəndən sonra deyir ki, yox e..."

O mesajı yazan qardaş əgər internetə vay-fayla girirsə heç, amma meqabaytla girirsə, ona sözüm yoxdur. Rəhmətliyin nəvəsi, adam da boş yerə meqabayt korlayar? Sən bilmirsən ki, kimə yazırsan? Özü demişkən, adamı çay aşağı axıdar, çay yuxarı axtarar.

Milli.Az