"O, ruhi xəstəxanaya gedib müalicə alsın"

Metbuat.az-ın müsahibi Azərbaycanın əməkdar artisti Baloğlan Əşrəfovdur:

- Baloğlan müəllim, yeni konsert planlaşdırırsınızmı?

- Bununla bağlı bir neçə yerdən təklif gəlib, müəyyən səbəblərdən hələ ki, bu məsələni dayandırmışam. Ancaq bir neçə müğənni ilə bərabər, İranın Tehran şəhərində təxminən 4 minlik salonda konsert verdik. Güneyli qardaşlarımız bizi çox gözəl qarşıladılar.

- Repertuarınızda yeni mahnılar varmı?

- Bu günə kimi gündəmdə qalmağımın əsas səbəbi odur ki, tamaşaçılarla hər görüşüm üçün yeni mahnı hazırlamışam. Yeni mahnılarım olmasaydı, mən də yaşıdlarım kimi unudulub gedərdim.

- İrana hansı yeni mahnıları aparmışdınız?

- Ora müqavilə əsasında getmişik. Mənim köhnə mahnılarım həmişə sevilib. Onları aparmışdım. Çünki həmin mahnıları o tayda yaşayan soydaşlarımız burdakı pərəstişkarlarımdan da çox sevirlər. Məni nəinki iranlı, hətta türkiyəli qardaşlarımız da sevir. Çünki mən ikinci dəfə dünyaya Türkiyədə gəlmişəm. Buna görə Türkiyəni də öz vətənim bilirəm.

- Bəzən deyirlər ki, özünüzdən başqa heç kimi bəyənmirsiniz...

- Onu hansı axmaq deyər? Heç vaxt özümü tərifləməmişəm və özünü tərifləyən müğənnilərdən də zəndeyi-zəhləm gedir. Hansı müğənni deyir ki, mən yaxşıyam, məndən başqa yaxşı oxuyan yoxdur, o, ruhi xəstəxanaya gedib müalicə alsın. İnsanda axmaqlıq, dəlilik əlaməti o zaman başlayır ki, özünü tərifləyir. Özümü təriflədiyimi harda görüblər? Səhv edirlər, günaha batırlar. Əksinə, həmişə demişəm, Azərbaycan xalqı istedadlı xalqdır və onun çox gözəl müğənniləri var. Allah Bəxtiyar Vahabzadəyə rəhmət eləsin, deyirdi ki, “Bir ondan razıyam ki, özümdən narazıyam.” Yadınızdan çıxarmayın, nə vaxt özümü tərifləsəm, məni dəlixanada axtararsınız. Mən nə əldə edə bilmişəm ki, özümdən də razı olum?.. Özündən o adam razı olar ki, cəmiyyətə, dövlətə nə lazımdır, edib.

- Yəni “kərə yağının reklama ehtiyacı yoxdur” deyirsiniz...

- Hə, bir dəfə qonaq olduğum proqramların birində tamaşaçılardan biri sual etdi ki, Baloğlan müəllim, niyə özünüzü reklam etmirsiniz? Belə sual gözləmirdim deyə, tutuldum, bilmədim nə deyim. Dedim ki, reklamı keyfiyyətsiz yağlar üçün edirlər, kərə yağının reklama ehtiyacı yoxdur. Bu müqayisə elə o vaxtdan düşdü dillərə.

- Sizcə, Azərbaycan estrada musiqisi son illər inkişaf edibmi?

- Bəli, çox inkişaf edib. Bizim çox gözəl ifaçılarımız, musiqiçilərimiz var. Onları dinləmək lazımdır. Azərbaycan musiqisi inkişaf edir, xüsusilə də estrada sahəsində.

- Baloğlan müəllim, bəzi müğənnilərə niyə “dərs” vermirsiniz? Bəzən yaşlarından-başlarından utanmadan qəribə hərəkətlər edirlər.

- Hərənin öz yolu, öz dəsti-xətti var. Mən o insanları başa düşürəm. Bir müğənni hamının xoşuna gələ bilməz. Bir müğənnini hamı xoşlasa, gərək o müğənni özünü dar ağacından asa. Mənim özümü hamı sevsə, gərək fatihəmi oxuyub, oturum evdə.

- Heç tələbəniz varmı?

- İfa tərzim fərqlidir. Bir mahnını eyni formada oxuya bilmirəm. Eyni mahnını 5 dəfə oxusam, hər dəfə fərqli alınacaq. Buna görə də, ifamı məktəb kimi gələcək nəsillərə ötürə bilmirəm.

- Mərhum Məhəbbət Kazımovu heç yada salırsınızmı?

- Allah ona rəhmət eləsin. Biz sovetlər zamanı bütün rayonları İslam Rzayevin ansamblı ilə qarış-qarış gəzmişik. Hər şeyimiz həmişə bir yerdə olub. Həmişə səfərlərdə olanda bir-birmizlə xoş rəqabətə girirdik ki, görək, kimə daha çox əl çalacaqlar. Çox yaxın idik. Mən onu itirəndə çox pis olmuşdum. Müğənni var ki, zili yaxşıdır, bəmi yoxdur, ya da əksinə. Məhəbbətin səsi isə tamam fərqli idi, yağ kimi, bal kimi süzülürdü.

- Əməkdar artist Elza Seyidcahanın şerlərinə münasibətiniz necədir?

- Mən filologiya fakültəsini bitirmişəm. 6 il də müəllim işləmişəm və qəzetdə redaktor olmuşam. Azərbaycanın çox böyük şairləri olub. Elza xanım gözəl bəstəkardı, gözəl müğənnidir. Allah onun canını sağ eləsin. Onun xətrini çox istəyirəm.

- “Qızıl gülümün rəngi niyə saraldı?” kimin bəstəsidir?

- O mahnı Cənubi Azərbaycan müğənnilərinin ifasında səslənib. Olduğu kimi götürüb ifa etmişəm.

- Niyə heç duet oxumursunuz?

- Vaxtilə çox oxumuşam. Son illər isə... nə bilim, hələlik bir şey yoxdur. Ancaq fürsət düşsün, inşallah, oxuyacam.

- Kiminlə oxumaq istəyərdiniz?

- Kiminlə oxumamışam ki?.. Bir Zeynəb Xanlarovadan başqa, hamı ilə duet oxumuşam. İndi də hansı müğənniyə müraciət etsəm, bilirəm ki, mənə yox deməzlər. Mənim daha çox sual-cavablı duetlərdən xoşum gəlir.

- Toylara hansı qiymətə gedirsiniz?

- Heç vaxt konkret qiymət deməmişəm. Həmişə hamı ilə razılaşmışam. Adam var mərdi-mərdanə deyib ki, pulum yoxdur. Yənə də gedib toyunda oxumuşam. Bunu hamı bilir.

- Şəbnəm Tovuzlu ilə duetiniz olub?

- İnşallah, oxuyacağıq. Keçən dəfə oxumaq istəyirdik, qaldı növbəti dəfəyə.

- Müğənni Xəlil Qaraçöpün ifası ilə bağlı fikriniz necədir?

- Allah hamısının canını sağ eləsin. Hər müğənninin öz nəfəsi, öz səsi, öz ifaçılığı var. Mən bütün müğənniləri bəyənirəm və sevirəm.

- İslam Rzayevin ansamblında Vilayət Bərni vardı... Xahiş edirik, onun haqqında danışardınız.

- Allah onun ruhunu şad eləsin. Çox təəssüf ki, onu tez itirdik. Vilayət sağ qalsaydı, nəinki Azərbaycan, bəlkə də Türkiyədə məşhur musiqiçi kimi sevilərdi. Bu insan təpədən dırnağa kimi yaradıcı idi. O, gitara çalırdı. Ancaq tarda da əla ifa edirdi. Allah onu aparmaqla bizə böyük zərbə endirdi. Çox heyif. Moskvada yolun bu üzündən, o biri üzünə keçərkən maşın vurmuşdu. (Kövrəlir). Nə isə... danışa bilmədim...

- Deyilənə görə, ən çox Sabirabadda olmusunuz.

- Gənclik illərimdə hə. Ən çox pulu da Sabirabadda qazanmışam. Mən onları çox sevirəm. Orda evləndirdiklərim bəlkə də indi babadılar. Azərbaycanda elə bir tanınmış müğənni ola bilməz ki, Sabirabadda çörək qazanmasın.

- Yeni albomunuzu nə vaxt görəcəyik?

- Vallah, albomlarım necə çıxır, satılır, xəbərim olmur. Sovet vaxtı bu işin nizamı vardı. İndi biz oxuyuruq, kim çıxarıb satır, xəbərimiz yoxdur.

- Bir oxucumuz yazıb ki, uşaqlıqda ananızla, nənəniz dava edərkən aralarında oturub qarmon çalırsınızmış...

- Ay fırıldaq... “Gülür”. Hə, hamının ailəsində olur də. O vaxtı 7-8 yaşım olardı, anamla nənəm mübahisə edəndə qarmonu götürüb, otururdum ikisinin arasında. Bərkdən qarmonda ifa edirdim ki, bir-birini eşitməsinlər.

- “Balıqların şahı ölüb dəryada” mahnısının müəllifi Nizami Rəmzidir?

- Allah Nizami Rəmziyə rəhmət eləsin. Ancaq o mahnı Nizaminin deyil. O mahnı Cənubi Azərbaycanda yayılıb. Rəhmətlik özü də bilirdi ki, o mahnını ilk dəfə mən oxumuşam.

- Qaraciyərinin bir hissəsini sizə hədiyyə verən oğlanla görüşürsünüzmü?

- O da mənim ailəmin bir üzvüdür. Əlbəttə, görüşürəm.

- Deyirlər, cavanlığınızda xeyli yeyib-içən olmusunuz.

- Elə indinin özündə də yeyənəm. İçki içmirəm, ama yenə də dostlarım həmişə yanımdadırlar. Onlar mənim yerimə də içirlər.

Pərvin Abıyeva nənəsinin fotosunu paylaşdı və... - FOTO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR