Təmiz havanı ciyərlərimizə çəkdiyimiz kimi, onun saksafonda səsləndirdiyi gözəl musiqiləri bütünlüklə qulaqlarına çəkmək və beyninə yazmaq istəyirsən... O, dinləyiciləri təəcübləndirməyə çalışmadan onlarda dərin təəssüratlar oyada bilir. Saksofonçu sanki tamaşaçılarla musiqi vasitəsilə danışır: tempi gah sürətləndirir, gah yavaşıdır, gah da fasilə verərək fikirli halda dayanır və dərhal da mürəkkəb melodiyalar ifa etməyə başlayır. O, gözlərini yumaraq saksafonda elə ifa edir ki, sanki musiqi ibadətinə dalıb... Söhbət məşhur saksafon ifaçısı Teymur Süleymanbəylidən gedir. Yeri gəlmişkən, T.Süleymanbəyli təkcə saksafonda deyil, həm piano, həm klarnet, həm də barabanda ifa edir.
Publika.az məşhur saksafon ifaçısı, həmçinin Əməkdar artist Akif Süleymanbəylinin oğlu Teymur Süleymanbəyli ilə müsahibəsində onun musiqi dünyasının təfərrüatlarını öyrənib.
- Saksafonun həyatınızda mühüm yer tutduğunu nə zaman anladınız?
- Demək olar ki, doğulmamışdan qabaq, çünki atam Akif Süleymanbəyli də saksafon ifaçısıdır. Gözümü açandan onun ifalarını eşitmişəm. 6 yaşımdan musiqi məktəbinə getmişəm, orada klarnet sinfini bitirmişəm. 7-ci sinfdə isə saksafon dərsləri almağa başladım. Saksafonun parıltısı hələ kiçik yaşlarda məni özünə cəlb edib. Saksafon mənim üçün bəzən sözlə ifadə etmək mümkün olmayan emosiyalar doğuran ekzotik musiqi alətidir.
- İstərdim ki, istedadın atadan oğula keçməsi haqqında danışasınız. Necə düşünürsünüz, musiqi istedadı həqiqətən də genetik ötürülür, yoxsa burada insanın özündən də çox şey asılıdır?
- Sözsüz ki, insanın öz istəyi və zəhməti böyük rol oynayır. Elə istedadlı insanlar var ki, üzərində işləməyəndə bir növ paslanır. Ümimuyyətlə, istənilən sahədə müvəffəqiyyət əldə etmək üçün zəhmət çəkməlisən, təkcə istedadlıyam deməklə heç nə alınmır. Bu işdə ən böyük dəstəkçim atam olub, anamsa musiqiçi olmağımın əleyhinə idi. Halbuki, özü fortepiano üzrə müəllim işləyirdi.
Bu barədə maraqlı bir hadisəni xatırladım. Bir dəfə atam qastrol səfərində olanda anam ondan xəbərsiz pianonu satmışdı ki, musiqidən uzaqlaşım. Amma həvəsimin qarşısını ala bilmədi.
- Akif bəy hirslənmədi ki?
- Çox əsəbiləşmişdi, anamın bu hərəkətindən sonra evdə bir neçə gün dava-qırğın olmuşdu (gülür). Sonradan anam başa düşdü ki, bu, ötəri həvəs deyil. Musiqi həyatımda hər zaman önəmli yer tutub. Hələ o vaxt məşhur saksafonçuların kasetlərdə olan səs yazılarını dinləyirdim.
- Peşəkar sakfasonçu kimi formalaşmağınızda atanızın, yoxsa dinlədiyiniz musiqiçilərin təsiri olub?
- Atamın çox böyük rolu olub. Mən uşaq olanda böyük musiqiçilərin səs yazılarını tapmaq olmurdu. Buna baxmayaraq, atam onları bizim üçün çətinliklə də olsa əldə edirdi. Eyni zamanda da klarnetlə məşğul olurdum. Saksafon ifaçılarının musiqilərini klarnetdə təkrarlamağa çalışırdım.

- Saksafon Azərbaycanda populyar musiqi alətidir?
- Son vaxtlar bəli, saksafona maraq artıb. Həm caz, həm estrada-pop, həm də klub musiqisində də saksafondan istifadə edirlər. Elektron musiqi ilə saksafonun miksləri də aktualdır. Musiqi məktəbində dərs deyirəm, tələbələrim də bu aləti çox həvəslə öyrənirlər.
- İstedadlı tərələbələriniz varmı?
- Var, təəssüf ki, məktəbdəki dəsrlərin ağırlığı imkan vermir ki, musiqi ilə daha çox məşğul olsunlar. Mənim oğlumun 7 yaşı var, ikinci sinfdə oxuyur. Görürəm ki, tapşırıqlarını çətinliklə çatdırır. Ona necə deyim ki, musiqiyə çox vaxt ayırsın? Biz ikinci sinfdə oxuyanda heç vaxt 6 dərsimiz olmazdı.
- Belə başa düşdüm ki, oğlunuzu da bu sahəyə yönləndirmisiniz...
- Oğluma heç vaxt ixtisas seçimində təzyiq göstərmərəm, hələ çox kiçikdir. Bununla belə musiqəyə marağı var. Vaqif Mustafazadə adına İnsəsənət məktəbinin fortepiano sinfinə gedir. Qabaq dişləri çıxdığı üçün saksafonla məşğul ola bilmir. Fortepiano ilə 3-4 il məşğul olsun, sonra keçər sakfasona.
- Saksafonu neçə yaşından öyrənməyə başlamaq lazımdır?
- 10 yaşından.
- Caz musiqisi sizin üçün emosiyaların baş qaldırmasıdır, yoxsa qəlb rahatlığı?
- Cazın istiqamətləri müxtəlifdir. Elə ifalar var ki, onlar çox qəlizdir, onları anlamaq çətindir. Elə ifalar var ki, dinlədikcə rahatlaşırsan, elə ifalar da var ki, ovqatı qaldırır, yaxud da xəyallara aparır. Onu bilirəm ki, caz musiqisinə hava və su qədər ehtiyac duyuram.
- Sadaladıqlarınızdan hansı sizə daha yaxındır?
- Əslində, çox dinamik musiqiyə üstünlük verirəm, çünki pozitiv insanam. İstəyirəm ki, ifamla dinləyicilərimin də əhval-ruhiyyəsini qaldırım. Amma nədənsə şən musiqilər bəstələmək məndə alınmır. Tək qalanda romantik duyğular məni sanki əsir alır, özünə cəzb edir.
- Deyirlər ki, ən təsirli mahnılar kədərli olanda yazılır. Bu, həqiqətən də belədir?
- Bəli. Olub ki, depressiyaya düşdüyüm vaxtlarda studiyada oturub ard-arda iki mahnı bəstələmişəm. Depressiv əhvalda olanda mahnı da o ruhda olur. Nəticədə, içindəki hisslərini mahnılara ötürürsən.
- Klassik musiqi ilə cazın fərqi nədir?
- Cazda çərçivələr yoxdur, klassik musiqilər notla çalınır. Caz daha sərbəstdir, hansısa caz ifa etdikdən sonra improvizasiyalar gedir. İmprovizasiyalarda heç bir sərhəd olmamalıdır.
- İmprovizasiyalar etməyi zamanla öyrənirsiz, yoxsa daxildən gələn qabiliyyətdir?
- İmprovizasiyalar etmək üçün müəyyən melodiya xəttləri və yaxşı bazan olmalıdır ki, onları cəmləşdirib yeni fraza yarada biləsən. Həm də texniki baxımdan ifa etdiyin melodiyalar ahəng təşkil etməlidir, bir-biri ilə uğyun olmaldır. Çoxlu musiqiyə qulaq asmaq lazımdır ki, hər birindən nə isə götürə biləsən.
- Siz xarici saksafonçulardan ən çox kimi dinləyirsiniz?
- Kenni Ci, Erik Mariental, Çet Beyker və başqaları. Əminliklə deyə bilərəm ki, onlara qulaq asmasaydım, bu gün siz də məndən müsahibə almazdınız (gülürük).
- Bəs xalq mahnılarımızı sevirsiniz?
- Hər estrada-pop mahnısında çalışıram ki, milli notlara da yer verim.
- Çətin deyil ki?
- Saksafon bizim milli musiqi alətimiz deyil, odur ki, uyğunlaşdırmaq çətin olur.
- Akif Süleymanbəyli ilə sizin saksafonda ifalarınız başqalarının ifa tərzindən kəskin şəkildə fərqlənir. Bəlkə də sizi başqalarından fərqləndirən əsas cəhət yaradıcılığınızda xalq mahnılarımıza, milli musiqilərimizə yer verməyinizdir.
- Ola bilər. Bizdə musiqiçilərin çoxu deyir ki, ya caz, ya milli musiqi, ya da estrada ifa etməlisən. Ancaq bir istiqamət üzrə ifa etməyin əleyhinəyəm. Peşəkar istənilən janrda ifa etməyi bacarmalıdır. Yaradıcılığı çərviyə salmaq olmaz. Ən əsası öz musiqimi sevirəm! Eyni zamanda cazı da sevirəm. Odur ki, onları miks etmək səhv deyil. Hər halda bizim muğamın klassik Amerikan caz musiqisi ilə sintezini yaratmış və bu janrı "caz-muğam" adlandıran Vaqif Mustafayev kimi dahi şəxsiyyətimiz var.

- “Restoranda mahnıya qulaq asa-asa yemək yemək həm musiqiçələrə, həm də yaxşı aşpaza qarşı hörmətsizlikdir”. Bu fikirlə razısınız?
- Sevdiyin mahnılardan, melodiyalardan istənilən məkandazövq almaq olar. İndi restoranlarda da konsertlər təşkil olunur. Gələn qonaqların həm yemək sifariş vermək, həm də musiqi dinləmək imkanı olur. Əgər kiminsə konsertidirsə, musiqiçi elə etməlidir ki, restorana gələn şəxs yemək istəməsin, onun ifasının sehrinə düşsün... Əgər hər hansı şəxs retorana dincəlmək üçün gedibsə, niyə də fonda musiqi səslənməsin?
- Caz sevərlərin çoxu Bakı Caz Mərkəzində toplaşırdı. Bu mərkəzin bağlanması sizi narahat etdi?
- Başqa ölkələrə gedəndə boş vaxtım olan kimi oranın caz klubları ilə maraqlanıram. İnternet vasitəsilə axtarış verib məlumat öyrənirəm və bəyəndiyim birinə gedirəm. Bir musiqiçi kimi mənə pis gəlir ki, Kiyevdə 75 caz klub var, bizdə isə nədənsə elə imkanlar yoxdur.
Azərbaycanda caz klubların çox olması bəlkə də publikanın olmaması ilə bağlıdır. Caz klubu bizdə restoran kimi açırlar, amma oradan qazanc əldə edə bilmir. Çünki oraya məhz musiqi dinləmək üçün gəlirlər, caza qulaq asan da maksimum qəhvə, meyvə suyu və ya çay sifariş verir. Bu da restoran sahibinə sərf etmir.
- Qəhvə demişkən, niyə elə deyirlər cazdan qəhvə, qəhvədən isə caz ətri gəlir? Bildiyim qədəriylə bəzi ölkələrdə caz və qəhvə festivalları birlikdə təşkil olunur.
- Çox çətin sualdır, qəhvə həvəskarı deyiləm (fikrə gedir). Yəqin ki, hər ikisinin təsiri güclüdür, ona görə də onlar birləşməsi gözəl alınır...
- Bu yaxınlarda Dubayda Bakı restoranın açılışı baş tutdu. Açılışda “Rast” qrupu ilə birlikdə konsert proqramı ilə çıxış etmişdiniz. Çox güman ki, orada təkcə azərbaycanlılar deyil, ərəblər də olub. Növbəti sualım da onlarla bağlıdır. Ərəblər çıxışınızı necə qarşıladı?
- Biz böyük bir ticarət mərkəzinin qarşısında çıxış edirdik, xüsusi səhnə quraşdırılmışdı. Musiqimiz cəlbedicidir, təzə başlayanda ətrafda adam az idi, getdikcə dayanıb bizə qulaq asanların sayı artdı, böyük bir izdiham yarandı. Bir saat ərzində yoldan keçən camaatı saxlaya bildiksə, demək ki, sevdilər. “RAST” qrupu həm caz, həm pop, həm də muğam stilində çalışır. Odur ki, onların ifası istənilən auditoriyanı özünə cəlb edir.
- Əminəm ki, doğma səhnədə uğur qazanmış istənilən musiqiçi gec-tez dünyaya çıxmaq barədə düşünür. Siz bunun üçün nə edirsiniz?
- Buna qısa müddət ərzində nail olmaq mümkün deyil. Xarici ölkələrdə müəyyən qədər tanınıram. Mahnılarımı özüm yazıram, aranjimanları da özüm edirəm, festivallarda iştirak edirəm.
İşini sevən insan üçün çətin olmur. 9 yaşım olanda atam sintezator almışdı, amma istifadə qaydalarını bilmirdim. Zamanla özüm öyrəndim.
- Sənətçilərimizdən kimsə sizə mahnı sifariş edib, yoxsa ancaq özünüz üçün yazırsınız?
- Təəssüf ki, vaxtım olmur. Bu yaxınlarda keçirilən Aygün Kazımovanın konserti üçün Rəşad Haşımov və Tərlan Məmmədli ilə birlikdə onun “play back”nı hazırladıq. “Play back” yenidən arenjiman olunmuş mahnıların üstündən canlı musiqinin müşayiət olunmasıdır. Daha sonra türk bəstəkarın Röya üçün yazdığı mahnını aranjiman etmişik.
- Caz musiqisinin sözlərə ehtiyacı var, yoxsa sözlər olmadan daha gözəldir?
- Məncə, olmalıdır. Mənalı sözlər onun təsir qüvvəsini artırır. Elə mahnılar var ki, musiqi xoşuma gəlməsə də, onlara məhz sözlərinə görə qulaq asıram. Hesab edirəm ki, onlar vəhdət təşkil etməlidir.

- Öz sənətinizdən qazanc əldə edə bilirsiniz?
- Əməksevər insanam, dediyim kimi studiyada da çalışıram, toylarda da çıxış edirəm, incəsənət məktəbində dərs də deyirəm.
Toylarda adətən milli mahnılaımız çalınır, camaat da yorulur. Bir neçə saat eyni tərz musiqilər istər-istəməz beyni yorur. Mənim musiqiçilərdən ibarət qrupum var, biz toyda sadəcə caz da ifa etmirik. Müxtəlif janrlarda olan mahnıları səsləndiririk.
- Müasir Azərbaycan toylarında ən çox nə xoşunuza gəlir?
- Diqqət etmişəm ki, toya gələn qonaqlar caz və ya pop-estrada mahnıları səsləndə yemək yemirlər, heç rəqs də etmirlər. Çəngəli bir kənara qoyub bizə qulaq asırlar, əl çalırlar və zövq alırlar. Bundan məmnunluq duyuram.

- Musiqiçilərin də sakitliyini dinləmək ehtiyacı yaranır, yoxsa qulaqlar hər zaman səslər tələb edir?
- Sakitliyi sevmirəm, lakin bəzən elə vəziyyət yaranır ki, beyin çox yorulur. Elə vaxt olub ki, toydan çıxıb klublara getmişəm, işim saat 4-də bitirdi. Ordan da studiyaya yollanıb səhərə qədər aranjimanlar və bəstələr üzərində işləmişəm. Qulaq toyun və klubun səs-küyünə öyrəşdiyi üçün studiyada rahat işləyə bilmirsən. Evə səkkizdə gəlib çıxırdım, bununla belə maşında da Caz dalğası – 107 Fm-də səslənən musiqiləri dinləyirdim.
- Gələcək planlarınızı bilmək istərdik. Konsert verməyi düşünürsünüz?
- Keçən il Heydər Əliyev Sarayında böyük konsert proqramı ilə çıxış etmişdik. Bildiyiniz kimi, Bakıda caz və ya pop stilində baraban və bas-gitarada ifa etməyi bacaran azdır, barmaqla saymaq olar. Bütün kollektivlərdə eyni musiqiçilərdir. Gərgin iş qrafiklərinə baxmayaraq səhər saat 9-da hər gün kornsetin məşqlərinə gələn musiqiçi dostlarıma təşəkkürlərimi bildirmək istərdim. 2 ay ərzində hər gün məşq etmişdik. Konsert yüksək səviyyədə keçmişdi.
Planımda var ki, gələn il Vaqif Mustafazadə adına iki saylı İncəsənət Məktəbinin adından yenidən konsert edim, amma vaxtı və məkanı hələlik məlum deyil.
Hazırda albom üzərində çalışıram və yeni mahnı yazmışam, ona klip çəkdirməyi düşünürəm.
- Özünüzü müğənni kimi də sınamısınız. Bu işlə ciddi məşğul olmaq istəyirsiniz, ya hobbi idi?
- Müğənni deyiləm, hobbi də deyil. Sadəcə oxuduğum mahnılar çox xoşuma gəlmişdi.
- Suallarım bu qədər. Müsahibə üçün minnətdaram, Teymur bəy. Sizə bol yaradıcılıq uğurları arzu edirəm.
- Təşəkkür edirəm, mən də həmçinin.
Aytən,
Foto: Elnur Muxtar