​Övliya kimi aşığa SARI - 5000-dən artıq bayatı gizlədilib

Bu günlərdə Sarı Aşıqla bağlı bir araşdırma aparmağa çalışdım.

İnanmazsınız ki, o qədər gülünc və faciə dolu olaylarla, faktlarla qarşılaşdım. Camaat almanla, yaponla, ingilislə özünü qiyaslayır, tərəziyə qoyur, biz isə məcbur qalıb həqiqəti əldə etmək üçün ermənilərlə özümüzü qarşı-qarşıya gətiririrk. Nədi-nədi onlardan nədənsə üstünük, onlar bunu etdi, biz etmədik kimi... Yüzlərlə səfsəfələrlə dolub-daşan hədyan qoxuyan bənzətmələr, qiyaslamalar, fərqlər... Nə bilim nələr…

Sarı Aşığın kimliyi Azərbaycan mədəniyyəti, ədəbiyyatı üçün məlum və kifayət qədər öyünc verəcək şəkildə hər kəsə məlumdur. Onun 17-ci əsrdə yaşayıb yaratması, Azərbaycanın Ərdəbil yörələrinin Qaradağ mahalından Şimala üz tutması, Azərbaycan şifahi xalq ədəbiyyatında ən zirvə nöqtəyə yüksəlmiş bayatı janrına yeni bir ruh, can, qan verdiyi də kifayət qədər araşdırılıb, tətqiq edilib. Üstəlik, xalqımızın Sarı Aşığa sevgi və sayqısının nəticəsi olaraq, “Yaxşı və Aşıq” dastanını da yaradaraq bu günə kimi yaşatması Aşığın mədəniyyətimizdəki yeri baxımından məsələyə ayrı bir rəng, özgə bir çalar qatır.

5000-dən artıq bayatı gizlədilib

Aşıqla bağlı ədəbiyyat tariximizə ilk məlumatları verən, onun əldə edilən bayatılarını üzə çıxaran ilk şəxsiyyət isə, hamımızın barəsində az bilgiyə sahib olduğumuz əslən Qaradağlılardan olan Həsən bəy Qaradağlının səyi, məsuliyyəti və kişiliyi sayəsində gerçəkləşib. Şəxsən mənim, etibarlı bir mənbədən aldığım məlumata görə, Aşığın 5000-dən artıq bayatısı sovet dönəmində əldə edilsə də, hansısa qaranlıq səbəblərdən dolayı üzə çıxarılmayıb. Azərbaycan ədəbiyyatı o 5000 –dən çox bayatınının yolunu səbirsizliklə gözləyir. Sonralar bir çox düşünür və qələm sahiblərimiz Aşıqla bağlı dərindən ilgilənsələr də, siz deyən ortaya ciddi bir “məhsul” qoya biməmişlər. Tədqiqatlarda göstərilən adlar sırasında Bəhlul Behcətin adıyla yanaşı, ədəbiyyatşünaş Salman Mümtazın da adı sayqı və sevgiylə çəkilir. Sarı Aşıq isə məlumata görə, Zəngəzur mahalının Laçın rayonuna məxsus Güləbirt kəndində yaşayıb yaratmışdır. Xalq arasında onunla bağlı əhvalatlar dolaşıb durmaqdadır. Aşığı elə indi də o yörənin insanları Haqq Aşığı kimi tərif edir, haqqında söhbət açarkən heyətamiz dərəcədəki heyranlıqlarını da gizlətmirlər.

Sarı Aşıq tərsinə dəfn olunub

Sovet dönəmində Sarı Aşığın dəfn olunduğu yerdə, məzarı üzərində türbə inşa edilmiş, onun sevgilisi Yaxşı xanımla gorgahları restavrasiya olunmuşdu. Bu məzarları ziyarət etməyə yaxından-uzaqdan hər gün yüzlərlə insan gələrdi. Hətta, buraya niyyətlənib üz tutan, qəlbindəki xoş arzularla buraya yönələn nə qədər insanların sonralar həyata keçən istəklərindən ağızdolusu danışmaları isə ayrı bir yazı mövzusudur.

Xalqın inancına görə, Sarı Aşığa İlahi tərəfindən vergi verilib. Onun Yaxşıya olan sevgisi sonralar İlahi eşqə dönüşüb. Onu da danışırlar ki, (dastanda da məhz süjetin əsasında bu motiv durur) sevgilisənə qovuşmaq üstə yanıb qovrulan Aşığa, Yaxşının qardaşları qan uddurublar. Qardaşlar onların görüşmələrinə qarşı gəlmək üçün hər vasitədən istifadə ediblər. Gələcəyi görən, qovuşmayacaqlarını əvvəlcədən bilən Aşığın arzu və niyyətini, vəsiyyətini nəzərə alan xalq, Yaxşını dəfn edərkən üzü Qibləyə, Aşığı isə tərsinə, üzü Yaxşıya dəfn ediblər. Elə belə də olur. Aşıq bayatısında deyir:

Əzizim tərsinə qoy,

Tər təni tərsinə qoy

Yaxşını qibləsinə

Aşığı tərsinə qoy.

Bu bayatı real bir yaşantının, hadisənin mahiyyətini açdığı kimi, bir ədəbiyyat nümunəsi olaraq yüksək bədii zövqdən, estetik dünya baxışından, misilsiz poetik incəlikdən xəbər verir.

Sarı Aşığın da məzarı ustad sənətkar Dədə Ələsgərin məzarı kimi yağı tapdağı altındadır. Əsrlərdir sərhədlərimizi bəlirləyən, keçidlərimizi qoruyan bu məzarlıqlar itməməli, üstəlik qorunub gələcək nəsillərə ən azından vətən torpaqlarının bütövlüyü naminə ötürülməlidir. Bu gün o məzarlıqların ermənilər tərəfindən yerlə-yeksan edildiyi məlumatlarını alırıq. Mənim yaxın dostlarım, qohumlarımın əksəriyyəti uçuq damlarda, qışın sazağında qazsız-işıqsız yaşadığı halda, erməni ailəsini gətirib ölkəmizdə barlı-barxanalı otaqlarda bəsləyəndə, erməni qayıdıb o qəbirləri uçuracaq da!!! Axı bu davranışa necə dözmək mümkündür və necə haqq qazandırmaq olar?!

Sarı Aşığın xatirə muzeyi belə yoxdur

Zəngəzurluların simvoluna çevrilmiş Sarı Aşığın hansısa cizgisini ortaya qoyacaq bir xatirə muzeyi də yoxdur. Zəngəzur mahalından bu gün kifayət qədər söz sahibi, əlində maddi imkanları bulunan onlarla insan var. Di gəl ki, bu insanların Dədə Sarı Aşığın xatirə muzeyini yaratmaq indiyə kimi nədən ağıllarının ucundan heç keçməyib.

Kimlərsə Perepüşküldəki toyuq damını xatirə muzeyi saymasınlar. Axı dövlətimizin buna kifayət qədər imkanı çatır ki, Azərbaycan ədəbiyyatının söz xəzinəsini misilsiz bir duruluğa çıxarmış, çatdırmış, özü də övliya kimi qarşılanan bir şəxsiyyətin adına xatirə muzeyi aça bilsin.

Bu qədər qeyri-hökümət təşkilatları ölkədə fəaliyyət göstərir. Bir təşkilar da nəhəg söz sahibinin hər hansı bir nişanəsi ilə əlaqədar zərrə qədər də olsa maraqlanmayıb. Maraqlanmayıblar ki, Sarı Aşığın xatirəsini, irsini nişan verən, yaşadan heç olmasa bir muzeyi açılsa, pismi olardı? Azərbaycanın ən strateji bölgəsi olan Qasrabağı, Zəngəzuru bu gün bir faciə fonunda kimlərəsə, haralarasa, elə özümüzə tanıtmağın ən ilginc, cəlbedici, yaddaş yaradan yolu Sarı Aşıq və onun yaradıcılığından, həyatından, xalqın ona olan sevgisindən keçir.

Biz Sarı Aşığın irsini, yaradıcılığını öyrənməliyik. Onu təbliğ etməyi bacarmalıyıq. Torpaqlar, yurdlar, ərazilər şəxsiyyətlər, dühalar üzərindən kimlik, qutsallıq, mənsubluq daşıyır. Sarı Aşığa bizim olduqca ehtiyacımız var. Çünki onu öyrəndikcə, millət öz torpağının, yurdunun ağrılarını, acılarını içində hiss edəcək.

Ümid edirəm ki, yaxın zamanlarda əlaqədar təşkilatlar səsləndirdiyimiz çox önəmli problemləri layiqli şəkildə həll edəcəklər.

Muğamlarımızı ermənilərin ironiyasından qurtaran kişi - HABİL KAMAN – Oxumaq üçün tıklayın!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı