"Alim Qasımovun yaşadığı evə ocaq yeri bilib gəlmişdim" - "Şaman oğlu şaman..."

Alim Qasımovun yaşadığı evə, həyətə bir ocaq yeri bilib gəlmişdim. Onun şəfaverici səsi, nə qədər ruhumu dincəldib, şüurumun qat kəsmiş süxurlarını dəli su dalğası kimi yalayıb keçmişdir. Qədim şaman oğlu şaman gəlib də yerdən sərilən xalçanın üzərində bardaş qurub da oturur. Yeri tutur. Yeri mehribanlayır. Özünə yerdə yer edir. Bir azdan başalayacaq söhbətimizə də sanki oturduğu yerdəcə yer edir.

Sakral kimliyini işə salır. Yol boyunca nədənsə təkrar-təkrar qafamdan getməyən, onun dilindən səslənən: “ey fələk....” kəliməsinin ifa tərzinin əks sədası da indi hiss edirəm ki, içimdə lazımi şəkildə yer eləyib.

Bütün bu yer eləmələr bir araya gəlib məni onunla üz-üzə gətirib. Onu danışdırmaq olar, amma istəmirəm ki hər dəfə sual yönəldəndə qalxıb da içində cəddimi söyməsin. İlk sualıma başlamaq istədiyimdə, qəfil deyirəm:”bəy, sizə sual vermək mənə nədənsə gülməli gəlir, lütfən bağışlayın”....

O da, sağ olsun, “Allah bağışlasın nə demək, niyə ki, sualınızı verin” dediyi mehriban və istiqanlı səs tonuyla əslində söhbətə özü körpü salır. Öz- özümə düşünürəm ki, axı mən hansı haqla qalxıb bu kişiyə sual vermək istəyirəm.

Ona sual vermək olarmı? Gülməli deyilmi? Ya, o suallıq adammı? Mən nə qədər də cahil birisiyəmmiş? Bu kişiylə sualla danışmaq ən böyük tərbiyəsizliyin yekəsidir. Sual nə qədər xoş və canayaxın olsa da, hər sualın bir başında bir az şübhə, bir az inamsızlıq, bir az soyuqluq öz rüzgarını əsdirmiş olur. Onunla indiyə kimi səsinin metafizikasının həzin dalğalarına qoşulub aşılmazlıqlarda söhbət etməmişəmmi....

Onunla mən çox söhbətlər etmişəm.... Qoy bu da biri olsun.... Səsin alimi Kasıb bir mühitin içi-dışı zəngin bir uşağıdır. Səsinin heç fərqində deyil. Heç özü də bilmir səsi onu haralara, hansı diyarlara, ürəklərə, aləmlərə çəkib aparacaq. Ailəsi kasıbdır, Allahın verdiyi uşaqlığı, hələ kimsələri yerindən qımıldatmayan səsi ki kasıb deyildi. Alim səsdir. Bəlkə də bütün mədəni səslərin sintezindəki faniliyin cəmidir alim.

Onun adını hardasa, nə vaxtsa səs, səs, səs deyə çağırsalar, dönüb cavab verəcəyi inancındayam. Elədir alim səsdir. Alim səsdir alim səsdir, səs. Bu göy qübbəsinin altında səs olmaq rəng, söz, naxış, əlifba olmaqdan betərdir, qafil. Kiminsə xatirinə oxuduğu olmaz.

O, məhz bu dünyada oxuya bildiyi üçün, oxumağın gərəkliliyini hiss etdiyi üçün oxuyur. Kimlərəsə elə gəlir, alim muğamı kökündən qoparıb aparır, daha doğrusu, kökündən ayırır. Onun illərdir apardığı eksperimentlər, elədiyi sənət namlı yeniliklər gəlib muğamın köklərinə dayananda, muğamlarımızın qədim-qayımlığı az qalır desin ki, bağışlayın, biz dünənki uşağıq. Budaq da, gövdə də bizik. Kök elə sənsən ki varsan, Alim Qasımov.

Onun oxusu haqqında xeyli fərqli fikirlər izhar ediblər. Birini də biz təkrar edək, xeyirli olsun: əksər deyənlər doğru deyir ki, ustadın oxusu oxu deyil, zikirdir, meditasiyadır. Ona varmaqda ən incə, ən həssas, ən munis, ən kəsdirmə yoldur. Ancaq bilməyənlər bu yolun əzabını da heç bilməzlər ki, bilməzlər. Ona sənətin bütün yenilikləri yaraşır. Indi təsəvvür edin ki, alim Füzulidən, Nəsimidən, Seyyiddən bir qəzəl deyil, Dədəm Qorqud dastanlarındakı sərbəst şeir parçalarından nələrisə səsinə salır.

Dədəm Qorqud dirilib gəlməzmi onun səsinin iksirindən? Getdikcə adam oğlu adam dərk edir ki, o iksirin varlıq qutu dirilişə, zühura meyilli oduğundan, bəzən günaha girməmək üçün, ustad səsinin ona gətirəcəyi vəsvəsədən, həzzin ekstazından qorxub çox da dərinə getmir. Amma o istəsə səsiylə muğamın dolanbaclarında, qayalıqlarında, çöllüklərində məsihliyini boynuna da alar.

O təkcə oxumur. O təkcə öz səsiylə camaata divan tutmur. Ona baxıb oxuyanlar, ona baxıb tələbəsi olanlar, ona baxıb tələbəliyinə qəbul olanlar da, ustadlarının qəddarlığından betər zülümlə məşğul olurlar. Bunlarınkı deyəsən elə insanlara divan tutmaqdır, qafil.

Olduqca açıq fikirlidir. İnanmırsınızsa, səsinə fikir verin. Səsində də açıqlıq - gülün açılışı, çiçəyin açılışı, zambağın pardaqlanması, suyun ləpələnib gözlərini açması varoğlu vardır. Yetər ki, ”onun yeniliyini bəyənmirəm” deyənlər, onunla üz-üzə oturub ciddi arqumentlər gətirələr. O da ürəkdən bir iç çəkiminə varıb, bir oxqaaaayyy-deyə bilə. Yoxsa bu olmadı ki, qafil.

Bu yaxşı, bu pisdir deməklə, Alimin kefinə, sənət əhvalına da soğan doğramaq asan məsələ deyil. Çoxları musiqini əyləncə kimi anladı və anlatı. Ancaq musiqinin kosmik başlanğıcla təması, onun cana, ruha verdiyi impulslar, gerçəkdən adama deyir ki, budur məqam, budur imkan, qalx da, əxlaqlı ol, mədəniyyətini nümayiş elətdir, ərdəmini göstər, yenilməzliyindən, azadlığından dəm vur. Səsi onu satır. Onun səsi onun bütün gizlinlərini üzə çıxarır, xalqa car çəkir. Onun daha bundan sonra sirli qalması üçün gərək, oxumasın. Alim də oxumadısa, vay bizim halımıza. Onun səsi deyir ki, Alim bərk darıxır.

Bir yerdə durmur, səsiylə aləmləri dolaşıb dönür. O dəqiq bilir ki, dünya duracaq yer deyil, ey can səfər eylə.... misrasının təşnəsi gətirdiyi ənginlik, üstəlik səslə izdivaca girəndə, gəl gör də, bu yeni qalanan ocaq, qoyulan “təməl” sənin kimliyinin hansı üzündən xəbərlər verəcək, qafil... O, muğam oxumur. O, dua edir. O, dua edir yaradılışa. Ən zərrəsindən ən nəhənginə, ən uzağından ən yaxınına, ən damlasından ən okeanına, ən qarışqasından ən filinə.... dua edir ki, Yaradan, Uca olan, Böyük Güc sahibi unudulmasın.

Çünki bizim hamımızın min oyunu bir Onunla, elə BİR olanladı. Uzaqdan yaxından səsinin sehrinə düşüb cazibəsinə qapılanlar ondan öyrəndiklərini heç kimdən heç yandan öyrənməyiblər. Qızı da tələbəsidir. O da onun canından ayrılıb özgə bir canla indi aləmləri yandırıb yaxır səsiylə, ritmiylə, avazıyla, qafil. Durub gözləyir. Səsinə heç əziyyət edən, basqı göstərən kişi deyil.

Səsinin qulu, sənətinin ağasıdır-bəlkə də sözünün ağasıdır Alim Qasımov. Gözləyir ki, aləmləri varlığında cilvələndirən, aləmlərə toy tutan səsindəki haləti-ruhiyə yenidən öz yerində, Alimin ürəyincə olan bir yerdə lövbər salsın. Ondan sonrası, Alimlikdir. Özü bilir, səsiylə hansı sövdələşmələrdən, sevdalardan keçəcəklər.

Güclü inanc sahibidir. Səsi də bizi ONA yönəldir. Səsindəki oxular da, sözlər də ORA yönəlikdir. O gözəl dərk edir, heç nə bizlik deyil. Necə, hansı, nə cür yeniliyimiz, varımız, mülkümüz varsa, hamısı ONUNdur.

Bizə qalan sadəcə bu göy qübbəsi altında həzin bir xatirə, hüzün dolu sevda, ayrılıqlar, hicranlar, təşnə könüllərdir.... Buna da min şükür. Bu şükür sözünü də onun səsini eşitdikcə daha rahat, daha dərindən və içdən hayqırmağı bacarırsan. O inanır ki, burda çəkdiyimiz əzab-əziyyətərimiz, əməyimiz boşuna gedəsi deyil. Eləcə də səs. Eləcə də səsimiz... Eləcə də iman dolu, ayrılıqlar, hicranlar, təşnəliklər gətirən onun dolub daşan səsi.... Elə ORDA da köməyimizə yetəcək, dadımıza çatacaq...

Xanəmir Telmanoğlu


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı