Avropa Parlamenti deputatı: “Azərbaycanla əlaqələrimizdə yeni dönəm başlayıb”

Avropa Parlamenti deputatı: “Azərbaycanla əlaqələrimizdə yeni dönəm başlayıb”
19:03 18 Dekabr 2017
66 Digər
Ölkə mətbuatı
A- A+

Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının prezidenti, Avropa Parlamentinin deputatı Yan Zahradili qəbul edib.

Milli Məclisdən Publika.az-a verilən məlumata görə, spiker qonağı səmimi salamlayaraq, onu yenidən Milli Məclisdə görməyindən şad olduğunu söyləyib. Yan Zahradilin təmsil etdiyi Alyansa növbəti dəfə rəhbər seçilməsi münasibəti ilə ona xoş arzularını çatdırıb. Ötən ilin fevral ayında qonağın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə aparılan fikir mübadiləsinin əhəmiyyətini vurğulayıb. Qeyd edilib ki, Yan Zahradilin başçılıq etdiyi Alyansın Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası ilə əlaqələri və nümayəndə heyətimizin üzvlərinin Alyansın təmsilçiləri ilə beynəlxalq təşkilatlarda mütəmadi görüşləri təqdirəlayiqdir.

Sədr istər AŞPA-da, istərsə də Avropa Parlamentində Alyansın üzvlərinin Azərbaycana yanaşmada obyektiv mövqe tutmasını yüksək dəyərləndirib. Bildirib ki, ölkəmiz Avropa İttifaqı və onun qurumları ilə əməkdaşlığın hərtərəfli inkişafında maraqlıdır. Spiker ümidvar olduğunu söyləyib ki, bu səfər də münasibətlərimizi daha da dərinləşdirmək baxımından əhəmiyyətli olacaq.

Səmimi qəbul üçün minnətdarlığını bildirən Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının prezidenti, Avropa Parlamentinin deputatı Yan Zahradil rəhbərlik etdiyi Alyansın və Avropa Parlamentinin Cənubi Qafqazın bu bölgəsinə böyük maraq göstərdiyini söyləyib. Qeyd edib ki, müxtəlif dönəmlərdə Avropa Parlamenti ilə Azərbaycan arasında münasibətlərdə müəyyən anlaşılmazlıqlar olsa da, tezliklə bu məsələlər aradan qaldırılmış, əlaqələrimizdə yeni dönəm başlayıb.

Qonaq rəhbərlik etdiyi Alyansın ölkəmizlə bağlı məsələlərə həssaslıqla yanaşdığını xüsusi vurğulayıb. Bildirib ki, bölgə həqiqətlərinin olduğu kimi Avropa ictimaiyyətinə çatdırılması çox önəmlidir.

Qəbulda Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev, deputat, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev və digər rəsmi şəxslər iştirak edirdilər.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/224754.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR