Marketlərdə satılan məhsullar arasında qiymət fərqinin olması hər kəsə bəlli olan məsələdir.

Bazar iqtisadiyyatı şəraitində bu cür fərqlərin olması normal hesab olunur. Lakin bəzi məhsullar arasında yaranan kəskin fərqlər istehlakçıların narazılığına səbəb olur.

Bu kimi qiymət fərqliliklərinin qarşısının alınmasında hansı xarici təcrübədən yararlanmaq olar?

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən iqtisadçı Vüqar Bayramov bildirib ki, ən uyğun metod rəqabətin güclənməsidir:

“Marketlər qiymətləri müəyyənləşdirməkdə sərbəstdirlər. Qiymətlər müəyyənləşdikdən sonra ona təsir etmək mümkün deyil. Qiymətlərin fərqlənməsi, bəzi hallarda isə istehlakçılara məhsulların baha qiymətə satılması arzuolunan deyil. Birmənalı şəkildə qiymətlərin azalmasına ehtiyac var. İnkişaf etmiş ölkələrdə qiymətin müəyyənləşdirilməsi yoxdur. Bu, tənzimlənən iqtisadiyyata malik olan ölkələrdə olur. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, ən uyğun metod rəqabətin güclənməsidir. Adətən, marketlərin sayı az olan ərazilərdə yüksək qiymətlər olur. Market sahibləri belə halda məhsullarını yüksək qiymətə satmağa maraqlıdır. Ona görə də, rəqabət olarsa, hansısa ərazidə bir market hegemon olmazsa, bu, qiymətlərin uyğunlaşması və aşağı düşməsinə səbəb ola bilər”.

İqtisadçı Əli Əhmədov isə qeyd edib ki, belə halda insanlar məhsulu bahalı yox, ucuz marketdən alsınlar:

“İnsanlar bu gün super, hiper marketlərə daxil olaraq istədikləri hər şeyi oradan almağa üstünlük verirlər. Bəzi marketlər də bundan sui istifadə edilər. Məhsulların qiymətindəki fərqlər ona görə yaranır. Marketlər bəzi məhsulları ucuzlaşdırmaqla müştərləri cəlb edir, lakin digər məsulları isə baha qiymətə verirlər. Bu da marketlərin öz siyasətidir. Bazar iqtisadiyyatıdır. Ölkəmizdə çoxlu sayda şəbəkələr var. Kimsə hansısa marketin qiymətlərindən razı deyilsə, başqa yerdən alsın. Ancaq çıxış yolu budur”.

Xəyalə Məmmədova / METBUAT.AZ

İctimai nəqliyyat bu şəxslərə PULSUZ OLA BİLƏR? – AÇIQLAMA – Oxumaq üçün tıklayın!