Qüdrət Həsənquliyev: "Bu seçkilərdə hamımız mübarizə aparmalıyıq" - FOTOLAR

Qüdrət Həsənquliyev: "Bu seçkilərdə hamımız mübarizə aparmalıyıq" - FOTOLAR
14:03 19 Fevral 2018
96 Digər
Ölkə mətbuatı
A- A+

Fevralın 18-də Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) Ali Məclisinin növbəti iclası keçirilib.

Ənənəvi olaraq Azərbaycan dövlət himninin ifasından sonra iclası açan Ali Məclisin sədri Vaqif Abışov gündəlikdə duran məsələlərlə bağlı məlumat verdikdən sonra Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkisində BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin namizədliyinin irəli sürülməsi ilə bağlı 12 fevral 2018-ci ildə BAXCP İdarə Heyətinin qərarı təsdiq edilib.

Publika.az xəbər verir ki, iclasda 11 aprel 2018-ci ildə Azərbaycanda keçiriləcək prezident seçkisi və partiyanın qarşısında duran vəzifələr haqqında BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev çıxış edib.

Qüdrət Həsənquliyev əvvəlcə Azərbaycanda keçiriləcək prezident seçkilərinin vaxtından əvvəl təyin olunması məsələsinə toxunaraq bildirib ki, partiyanın qurultayına hazırlıq və qurultayda prezidentliyə namizədin seçilməsi planlaşdırlırdı: “Təəssüflər olsun ki, Azərbaycanda prezident seçkisinin təyini qurultaya hazırlıq işini arxa plana saldı. Amma qərara alınıb ki, martın 1-dən başlayaraq qurultaya nümayəndələrin seçilməsi ilə bağlı bölgələrdə konfranslarar keçirilsin”.

Millət vəkili bütün bunlara rəğmən bildirib ki, siyasi partiya hər zaman ölkədə baş verən və verəcək hadisələrə, o cümlədən seçkilərə hazır olmalıdır: “Ona görə də biz İdarə Heyətinin iclasında növbədənkənar prezident seçkilərində iştirakımızla bağlı qərar qəbul etdik. Xatırlayırsızsa, referendum keçirildikdən sonra növbədənkənar prezident seçkilərinin keçirilməsinin mümkünlüyü barədə danışan şəxlərdən biri də mən idim. Düşünürdük ki, ölkədə növbədənkənar prezident seçkiləri keçirilməli, ardınca yeni hökumət formalaşdırılmalı, birinci vitse- prezident və vitse-prezidentlər təyin olunmalıdır və s. Bəzi iqtidar mənsubları ölkədə prezident seçkilərinin vaxtında keçiriləcəyini dedi və bununla da söz-söhbətə nöqtə qoyuldu. Bəzi müxalifət partiyaları bəyan ediblər ki, seçkiyə altı ay qalmış ölkədə Secki Məcəlləsinin dəyişdirilməsiylə bağlı böyük kampaniya aparacaqlar və oktyabrda seçkilərə yeni Seçki Məcəlləsi ilə gedəcəklər. Milli Şuranın payızda keçirdiyi mitinqində hər şeydən danışıldı, Seçki Məcəlləsinə əlavə dəyişikliyin edilməsindən başqa. Seçki Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi təklifini etmək istəyən qüvvə bunu 2013-cü ildə keçirilən seçki bitəndən sonra dərhal gündəmə gətirərdi. 4 il 6 ay bu məsələyə toxunmayan radikal müxalifət hansı məntiqə əsaslanıb deyə bilər ki, seçkiyə altı ay qalmış Seçki Məcəlləsinə əlavə və dəyişiklikliyə nail olduqdan sonra prosesə qatılacaqdım. Bəlkə də prezident seçkilərinin növbədənkənar kecirilməsinə ən çox sevinənlərdən biri elə Əli Kərimlidir. Çünki, bu vaxta kimi prezident seçkilərində kiminsə yanında görünən, kimisə dəstəkləyən, seçkini boykot edən Əli Kərimli oktyabrda prezident seçkiləri keçirilsəydi prosesə qatılmaq məcburiyyətində qalacaqdı. Bu seçkidə isə biabırçı məğlubiyyət onun siyasətdən çəkilməsiylə nəticələnəcəkdi. Hesab edirəm ki, Əli Kərimli indiki statusu, özünü radikal düşərgənin lideri kimi qoruyub saxlaması, qohum-əqrəbasının, ailəsinin yüksək səviyyəli həyatını təmin etməsi onu tam qane edir. Seçkinin vaxtı elan olunandan sonra müsahəbələrimdə vurğulamışdım ki, o, seçkilərə qatılmayacaq. Amma biz heç vaxt bu kimi məsələlərə partiya və şəxsi maraqlardan yanaşmamışıq”.

Qüdrət Həsənquliyev vurğulayıb ki, indiki şərtlər altında partiyanın seçkilərdə qalib gəlmək şansı real deyil: “Amma bu bizi ruhdan salmamalıdır, bu seçkilərdə hamımız mübarizə aparmalıyıq. Xalqa alternativ ideyalarımızı, fikirlərimizi çatdırmalı, ictimaiyyəti öz ideyalarımızla xalqımızın gələcəyi, dövlətimizin idarə olunmasıyla bağlı düşünməyə vadar etməliyik. Dövlət strukturlarının formalaşdırılması, hakimiyyət bölgüsü və sair məsələlərlə bağlı fərqli fikir və ideyalarımızı xalqa çatdırmalıyıq. Əlbəttə, həmin düşərgənin seçkiyə qatılmaması imkan verəcək ki, əleyhimizə xarici qüvvələrin apardığı kampaniya genişlənsin. Amma düşünürəm ki, seçki kampaniyası şərçivəsində seçki debatları, qarşıdurmasız, maneəsiz keçəcək. Hesab edirəm ki, biz o debatları əsasən seçki platformalarına yönəltməliyik. Namizədlər mövcud problemlərin yaranma səbəblərindən daha çox, onun həlli yollarını göstərməlidir”.

Qüdrət Həsənquliyev onu da vurğulayıb ki, belə seçkilərə qatılmaqda əsas məqsədlərdən biri də partiyanın siyasi həyatda, siyasi proseslərin mərkəzində yerini qoruyub saxlamaqdır. Millət vəkili seçkidə müxalifətin vahid namizədlə iştirak edə biləcəyi ehtimalına da toxunub. Bildirib ki, onun tərəfindən belə bir təşəbbüs irəli sürülüb: “Hər halda, əgər seçkilərə vahid namizədlə qatılmaqla bağlı ümumi razılıq əldə etsək, bunu partiya rəhbərliyində müzakirə edib qərar qəbul edəcəyik. Yox, danışıqlarımız bir nəticə verməzsə, o zaman proses indiki qaydada davam edəcək”.

BAXCP sədri seçkinin ertələnməsi məsələsinə də toxunub. Bildirib ki, seckiyə qatılmayan qüvvələr təbliğat aparır ki, hakimiyyət bu seçkini oğurlayır: “Amma Milli Şuranın öz içindən bu seçkinin mart ayında keçiriləcəyi ilə bağlı fikirlər səsləndirilib. Radikal müxalifət düşərgəsi belə proseslərə hazır olmaq gücündə olmadığından ənənəsinə uyğun olaraq müxtəlif bəhanələr gətirir. Prezidentin növbədənkənar seckinin keçirilməsiylə bağlı sərəncamından sonra iqtidarın açıqlaması ictimaiyyət tərəfindən bir o qədər inandırıcı qəbul olunmadı. Bunun ardınca yerli mətbuatda mən öz fikirlərimi bölüşdüm. Əvvəla bilirsiniz ki, mart ayında Rusiyada, apreldə isə Ermənistanda prezident seçkiləridir. Bu hərbi müttəfiq olan iki ölkədə seçkilər keçiriləndən sonra Azərbaycanda prezident seçkisi payıza qalacaqdı və bu da bizim xeyrimizə deyildi. Ən azından Dağlıq Qarabağ münaqişəsinin həlli danışıqları dondurulacaqdı ki, Azərbaycanda prezident seçkisi keçirilsin, xalq öz prezidentini seçsin, hakimiyyət formalaşsın və s. Bu gecikmə də Dağlıq Qarabağ probleminin həllini bir il də geri atacaqdı. Xalq isə bu problemin həllini gözləyir. Azərbaycan xalqı hakimiyyətdən münaqişənin həllini, Qarabağın nə zaman azad ediləcəyini tələb edir. Bu nə zaman baş verəcək sualı ictimaiyyəti maraqlandırır. Nə qədər ki, Azərbaycan tərəfi bu məsələ ilə bağlı konkret mövqe ortaya qoymayacaq, Ermənistan və onun müttəfiqləri bu danışıqların vaxtını uzadacaq. Azərbaycan bu məsələdə qətiyyət nümayiş etdirməlidir. Dəfələrlə demişəm ki, indiki aparılan siyasət vəziyyətin dondurulmasına xidmət edir. Əgər 25 ildir bu siyasətin bir nəticəsi yoxdursa, o zaman dəyişdirilməlidir, daha ciddi, sərt siyasət yürüdülməlidir”.

Partiya sədri rəsmi Bakıdan Moskva qarşısında bu məsələylə bağlı ciddi və qətiyyətli mövqe nümayiş etdirməyin vacibliyini vurğulayıb.

Daha sonra Qüdrət Həsənquliyev regional siyasi hadisələrin də Azərbaycanda növbədənkənar prezident seçkisinin ertələnməsinə zəmin yaratdığını bildirib. Partiya sədri qeyd edib ki, Rusiyanın Suriyadakı yürütdüyü siyasətin iflasa uğraması, üstəlik regionda və dünyada mövqeyi, Krım və Donbası zəbt etməsi və s. ölkədə vəziyyəti gərginləşib. ABŞ-ın Rusiyanın iş adamlarına, ölkəyə tətbiq etdiyi iqtisadi sanksiyaların ölkə iqtisadiyyatına böyük zərbə ola biləcəyini deyən millət vəkili bildirib ki, bu daxildə parçalanmaya və vəziyyətin daha da ağırlaşmasına gətirib çıxaracaq: “Rusiyanın subyektlərində də iqtisadi vəziyyət ürəkaçan deyil. Rusiyada çalışan 2 milyon azərbaycanlının 500 mini vətənə deportasiya olunarsa görün burada vəziyyət necə gərginləşə bilər”.

Deputat Azərbaycandakı proseslərə təsir edəcək hadisələrin Türkiyədə də baş verdiyini də vurğulayıb: “Türkiyənin Afrin əməliyyatının tez bir zamanda başa çatacağı proqnozlaşdırılmışdı. Amma bir aya yaxındır ki, Türkiyə Afrində hələ də tam qələbəyə imza atmayıb. Türkiyə bu əməliyyatı aparmaqda haqlıdır. Amma rəsmi Ankara Afrin bataqlığına girib. Bəzən dünya xəritəsini cizən hegemon, söz sahibi olan dövlətlərlə anlaşmayanda böyük fəlakətlərlə üzləşirsən. Baxın, SSRİ heç bir dövlətin razılığı olmadan Əfqanıstana girdi, 10 ildən sonra məğlubiyyətə düçar olub oradan çıxdıqdan 2 il sonra süqut etdi. Türkiyədə də vəziyyətin gərginləşməsi bizim üçün arzuolunmaz nəticələr verə bilər. ABŞ dövlət katibi Trillsonun Türkiyəyə səfəri, əldə olunan razılıq, Türkiyənin baş naziri Binəli Yıldırımın Almaniyada kansler Merkelle görüşməsi, rəsmi Ankara ilə ABŞ və Avropa arasında münasibətlərin istiləşməsinə gətirib çıxaracaq. Türkiyə başa düşdü ki, 26 günlük Afrin əməliyyatında ABŞ və Avropanın dəstəyi olduqca vacibdir”.

Qüdrət Həsənquliyev məhz baş verən hadisələrin Azərbaycanda növbədənkənar prezident seçkisinin keçirilməsini zərurətə çevirdiyini deyib: “Ona görə də baş verəcək hər bir siyasi prosesin nəticəsini proqnozlaşdırıb ona hazır olmalıyıq və reallığa uyğun addımlar atmalıyıq”

BAXCP sədri sonda toplantı iştirakçılarına prezident seçkisi prosesində iştirakla bağlı bir sıra tövsiyyələrini verib.

Qeyd edək ki, fevralın 18-dən etibarən BAXCP-nin rayon və şəhər təşkilatlarında partiya sədrinin prezidentliyə namizədliyinin dəstəklənməsi üçün imzatoplama kampaniyasına başlanılıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/231721.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR