Avropanın ən böyük bazarından REPORTAJ: Bura Lotu Quli də girmək istəyir, amma...- SƏBUHİ MƏMMƏDLİ YAZIR

Avropanın ən böyük bazarından REPORTAJ: Bura Lotu Quli də girmək istəyir, amma...- SƏBUHİ MƏMMƏDLİ YAZIR
16:09 21 Fevral 2018
121 Digər
Ölkə mətbuatı
A- A+

 

- İndi adi bir qanun pozuntusuna görə deportasiya oluna bilərsən. Qarşıdan futbol üzrə dünya çempionatı gəlir. Maksimum çalışırlar ki, miqrantları başlarından eləsinlər. Amma miqrantsız da bunların işi getmir axı.


 

Bunu Moskvada Lent.az-ın əməkdaşına "Fud Siti" meyvə-tərəvəz bazasında satıcı işləyən Kərim deyir. 3 il yarım əvvəl açılıb "Fud Siti". Şəhər içində şəhərdir sanki. 100 hektara yaxın ərazini əhatə edir. Avropanın ən böyük topdan meyvə-tərəvəz bazasıdır. Hətta Paris yaxınlığındakı "Ranjis" bazasından belə böyükdür. İldə 2 milyon tona yaxın meyvə-tərəvəz satılır burada.


 

Kərim deyir ki, minlərlə miqrantın çalışdığı bu bazadan kənara çıxmağa da ehtiyac yoxdur ki, polis səni tutsun, deportasiya ediləsən.


 

- Burada işləyib, burada yaşayan yüzlərlə adam var. Elələri var, tutaq ki, 6 aydır gəlib bura işləməyə, hələ "Tyoplıstanı" görməyib.

 

 

"Tyoplıstan" Moskvanın cənubi qərbində yerləşir, "Fud Sitiyə" ən yaxın metrostansiyadır. Əslində, Kərim bunu bənzətməyçün deyir. Azərbaycanlı miqrantın "Tyoplıstan"da nə işi var ki? Ümumiyyətlə, buranın əsas miqrant kontingenti məhz azərbaycanlılardır. Elə buranın yiyələri də Azərbaycandan çıxmadırlar. Qubalı əmlak kralları Qod Nisanov və Zarah İliyev. Onlar buranın rəsmi sahibləridir. Amma qeyri-rəsmi sahibləri də mövcuddur. Bu sırada isə Moskva rəhbərliyinə yaxın adamlar dayanır.

 

 

***

 

Əslində, "Fud Siti"nin meydana gəlməsinin özü də şübhəli məqamlarla doludur. Söhbət ondan gedir ki, "Fud Siti"yədək Moskvanın ən böyük iki meyvə-tərəvəz bazası vardı. Bunlardan biri "Pokrovsk" bazasıydı. Digəri isə Moskva metrostansiyasının "Vıxıno" stansiyası yaxınlığında yerləşən baza. Birincidə üstünlük şəmkirlilərə məxsus idi. Bazarı Məhərrəm adlı şəmkirli idarə edirdi. İkinciyə isə əslən Ucardan olan Sarıyev qardaşları. Qardaşlardan ikisi artıq öldürülüb və mövqelərini əldən veriblər.

 

 

*** 


 

- Məhərrəm çox təcrübəli menecer idi. Onun vaxtında  "Pokrovsk" bazası saat mexanizmi kimi işləyirdi. Məşhur Orxan Zeynalov olayından sonra baza qapadıldı. Halbuki məişət zəminində baş vermiş bu tip qətllərdən Moskvada gündə neçəsi baş verirdi. Görünür, kimsə mükəmməl plan cızıbmış. Çünki məlum hadisədən az sonra "Fud Siti" meydana çıxdı. Və ən maraqlısı bilirsinizmi nədir?

Həmin Məhərrəm indi də "Fud Siti"ni idarə edir.


 

Bunu isə bizə Arif deyir. Və onu da deyir ki, əslində Məhərrəm bu işdə tək deyil.


 

- Bura, hə, böyük bazadır. Ənənəvi bazarlardan fərqli olaraq səliqə-sahmanlıdır. Ciddi mühafizəsi var. Amma bütün hallarda bazardır axı. Hərə bir dərədən gəlib. Maraqlar var. İstər-istəməz söz-söhbət, dava-dalaş olur. Bu isə nə Qoda lazımdır, nə Zaraha, nə də elə Məhərrəmə. Ona görə də, kimsə, necə deyərlər, asayişi öz boynuna götürməlidir.


 

Və təbii ki "asayişə" zəmanət verən adam da tapılıb. Zaur Əhmədova tapşırılıb bu məsələ. Bəzi mənbələr görə, Rövşən Lənkəranskinin yeznəsinə. Bütün hallarda Zaur Lənkəranskinin yaxın qohumudur. "Fud Siti"nin mövcud olduğu bu illər ərzində vur-tut bir dəfə insindent yaşanıb burada. Söhbət tacik mafiyasıyla olan konfliktdən gedir.


 

Taciklər bazada az söz sahibi deyillər. Düzdür, asiyalılar iri ticarət sövdələşmələriylə məşğul deyillər. Əsasən, təmizlik və xırda ticarətlə məşğuldurlar. Məsələn, kiçik arabalarda çay-kofe satırlar. Bazadan tutaq ki, kiloqramı 20 rubla (təxminən 60 qəpiyə) limon alıb, dənəsini 50 rubla satarlar. Ya da Düşənbə-Moskva qatarıyla gətirilən göy göyərti. Əsil göyərtidən getmir söhbət. Yəqin, bildiz nəyi deyirəm. Və bütün bu çay-kofe-limon-"göyərti" sizə az görünməsin. Burada belə ağlagəlməz paralar dövr edir.


 

Taciklərin də lideri var. Hə, kriminal liderləri.

Söhbət taciklərin öz aralarında Xoca Cabbor və Xoca Samata kimi çağırdıqları əmioğlulardan gedir. Arabaçılar, yükdaşıyanlar, hətta "Fud Siti"yə müştəri daşıyan taksi sürücüləri belə onlara haqq verirlər. Və əvəzində onlar tərəfindən himayə olunurlar.

Amma nə Cabbor, nə də Samet Zaura rəqib olası persona deyillər. Çünki Zaur daha böyük fiqurdur. Ən azı adının yanında Lənkəranskinin adı var.

Zaurun başqa düşmənləri var. Bu xocalar isə onların yanında xırda fiqurlardır. Söhbət Lotu Qulidən gedir. O Qulidən ki, başda "Fud Siti" olmaqla indi Moskvanın əksər bazar və bazalarını ona bac verməyə məcbur etmək istəyir. Bu isə yeni müharibə deməkdir. Bunu isə nə Qod istəyir, nə də İliyev. Heç Məhərəm də istəmir. "Bağdadda sakitlikdir" məntiqi hamıya sərf edir indi. Amma Lotu Quli hər an bu sakitliyi poza bilər. Artıq neçə vaxtdır ki, Rusiyanın İstintaq komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsi "qanuni oğru" Nadir Səlifov barəsində axtarış elan edib. Yəni Qulinin Moskvaya yolu bağlıdır. Ona görə də, Moskvaya qardaşı Namiq Səlifovu ezam edib.

 

İrili-xırdalı bir sıra azərbaycanlı iş adamları ilə görüşən Səlifovun "Fud Siti" və "Sadovod"dan (bu baza da qubalı iş adamlarına məxsusdur) boş qayıtdığı deyilir...


 


 

***


 

"Fud Siti" nəinki Moskvanın, Avropanın belə ən böyük zibilliyinin - məişət tullantıları poliqonunun böyründə yerləşir. Hər gün bu zibilliyə tonlarla çürümüş meyvə-tərəvəz tullanır. "Salaryevsk" zibilliyi adlanan bu poliqon 60 hektar ərazidə yerləşir. Və burada zibil illərdir yığışdırılmır. Üst-üstə qalanmış zibilin hündürlüyü isə 20 mərtəbəli binanın hündürlüyünü keçib çoxdan . Bu məqamı niyə xatırlatdım?

 

Hə, bu barədə sabah.

 

Lent.az-da qalın...Elə ilginc  şeylər oxuyacaqsınız ki...başqa heç harada oxumağınız mümkün deyil...

 

Səbuhi Məmmədli, Moskva

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/295173

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR