“Azərbaycanda təhlükəsizliyin qorunub saxlanılmasında Daxili İşlər Nazirliyinin xüsusi rolu var. İnsan alverinə qarşı mübarizə istiqamətində də böyük nəticələrə nail olunur”.
Publika.az xəbər verir ki, bu sözləri millət vəkili Fəzail Ağamalı Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycanın insan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun hesabatına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Azərbaycanda son illər turizm geniş miqyas alır: “Bu, çox yaxşı haldır. Ölkəmizə turistlərin gəlməsi ilə gəlirlərimiz artır. Ancaq biz mənəviyyatımıza zidd olan halları da görürük. Azərbaycana turist sifəti ilə gələnlər içərisində bəzən kifayət qədər mədəni, əxlaqlı şəxslərlə yanaşı, bu və ya digər ölkənin tör-töküntüləri də gəlirlər. Hesab edirəm ki, bu cür insanlara qarşı qanunvericilikdə müəyyən addımlar atılmalıdır. Həmin insanlar ölkəmizdən deportasiya edilməlidir”.
Deputat deyib ki, bəzi saytlarda seksual xarakterli preparatların reklamı aparılır. “Həmin saytlara daxil olan zaman biabırçı mənzərə ortaya çıxır. Belə hallarla tanış olmaq istəyən şəxslər həmin saytlara girib oradakı mənzərəni görə bilərlər. Hesab edirəm ki, bununla bağlı “Reklam haqqında” qanuna da dəyişiklik edilməlidir”.
Gülxar