On min dollarlıq qulaqcığın səs keyfiyyəti min dollarlıq qulaqcıqdan 10 dəfə artıqdırmı?
Bahalı əşya və təcrübə hər zaman daha keyfiyyətli, daha orijinal və daha çox xüsusiyyətə sahibmiş kimi təqdim olunur. Amma həqiqətən elədirmi?
İnsanlar asan əldə etmədikləri pulu necə bu qədər asan xərcləyə bilir?
Zövqlər, maraqlar və seçimlər fərqli olduğundandır ki, kimi yeməyə, kimi geyimə, kimi gəzməyə daha çox pul xərcləyir.
Bəs görəsən bizim məşhur simalarımız nəyə pul xərcləyirlər?
Metbuat.az tanınmışlarla sorğu keçirərək daha çox nəyə pul xərclədiklərini maraqlanıb.
Söhbətimizə ilk olaraq müğənni Nərmin Kərimbəyova ilə başladıq. Hər zaman yaxşı mənada geyim tərzi və maraqlı aksesuarları ilə seçilən xanım müğənni bildirdi ki, son zamanlar ən çox geyimə pul xərcləyir:
“Son illər ən çox geyimə pul xərcləyirəm. Həyatda heç vaxt çox alış veriş edən olmamışam, amma səhnə bunu tələb edir. Tanınmış insanların bir çoxu geyimə pul xərcləmir, barter edirlər. Mən barter etmirəm, geyimlərim də aksesuarlarım da özümə aiddir. Geyimdən əlavə də mahnılarıma, işimə pul xərcləyirəm”.

Əlaqə saxladığımız növbəti xanım müğənni isə Lətifə Soyuöz oldu. Pozitiv enerjisini telefonun o biri başından da ötürməyi bacaran Lətifə Soyuöz bildirdi ki, gözəl məkanlarda olmağı və yaxınları ilə yaxşı vaxt keçirməyi sevdiyi üçün daha çox pulu buna xərcləyir:
“Geyimə pul xərcləyirəm və bu sənətlə bağlıdır. Səhnəyə çox zaman təkrar geyimləri geyinə bilmirik və hər bir qadın kimi yaxşı geyinməyi sevirəm. Daha sonra kremlərə və zinyət əşyalarına pul xərcləyirəm. Amma ən çox pulu məkanlara xərcləyirəm. Gözəl məkanlarda olmağa üstünlük verirəm. Dostlarımla, yaxınlarımla xoş zaman keçirməyi sevirəm və ən çox pulu da restoranlara xərcləyirəm”.

Səmimi və bir o qədər də cazibədar aparıcı-aktrisa Mələk Heydərova söhbətimiz zamanı kənardan çox pul xərcləyirmiş kimi görünsə də əslində elə olmadığını bildirdi:
“Kənardan sürdüyüm həyat tərzinə baxıldıqda külli miqdarda pul xərclədiyim görünsə də belə deyil. Özümdən çox ailəmə pul xərcləyirəm. Mənim pulum daha çox ailəmin ehtiyaclarına gedir və ailəmin rahat olması üçün istifadə edirəm. Özümə bir o qədər də pul xərcləmirəm. Kənardan baxıb əyləncəyə, geyimə pul xərclədiyimi düşünürlər, amma mən qazancımın qədrini bilirəm, hara gəldi xərcləmirəm”.

Müğənni Elvin Mirzəzadə də pulunu daha çox ailəsinə xərclədiyini bildirdi:
“Pulumu ailəmə və gündəlik ehtiyaclara xərcləyirəm. Artıq nəyəsə pul xərcləməməyə diqqət göstərirəm”.

Yenicə klipinin təqdimatını edən müğənni Eldar Qasımov işinə daha çox pul xərclədiyini dedi:
“Daha çox studia işlərinə pul xərcləyirəm. Geyimə çox pul xərcləmirəm, hamısı xüsusi tikilir. Əsas keyfiyyətli iş və musiqidir”.

Aparıcı Cavid Gül istirahətə düşkün olduğunu bildirdi:
“Daha çox pulu istirahətimə xərcləyirəm. Bu sakit bir mühit də ola bilər, dostlarla da. Əsas olan istirahətdir”.

Sevinc Kərimova // Metbuat.az