"Üstündən 5 il keçir və həyatımın ən böyük zərbəsi elə odur" - Azərbaycanlı müğənnidən FLAŞ açıqlamalar / MÜSAHİBƏ

Metbuat.az-da “Söhbət qazanı” layihəsinin növbəti qonağı müğənni Nərmin Kərimbəyova olub.

- Nərmin Kərimbəyova kimdir ?

- Nərmin Kərimbəyova axtarışda olan incəsənət adamı və yaradıcı insandır. Eyni zamanda Nərmin Kərimbəyova hüquqşünaslığa bağlı olan bir xanımdır.

- Nərmin xanım, nəyi bağışlamazsınız?

- Məncə həyatda bir çox şeyi bağışlamaq olar.

- Elə bir adam varmı ki, deyəsiniz “nə olsa da aramızda mən səni bağışlayaram”.

- Yox, elə bir adam olmayıb. Ona görə ki, adamına görə bağışlayıb və ya bağışlamamaq düzgün deyil. Mənim həmin hərəkətdən sonra özümü necə hiss etməyim önəmlidir. Adamına görə yox, edilən hərəkətə və özümə görə qərar verirəm.

- Bu günə qədərki ən böyük zərbəniz kimdən olub?

-İnsanların vurduğu zərbə gəldi-gedərdir. Ona böyük, ya da kiçik kimi yanaşmıram. Zərbəni həyatın özü vurur. Mənə görə yaxınları itirmək ən böyük zərbədir.

- Həmin o zərbəni hiss edəcəyiniz hansısa yaxınınızı itirmisiniz?

- 2014-cü ildə atamı itirdim. Üstündən 5 il keçir və həyatımın ən böyük zərbəsi elə odur. Biri var insan hər hansısa bir itkiyə hazır ola və özünü hazırlaya, biri də var qəfil baş verə. Bu, çox çətindir və atamı itirməyim mənim üçün çox böyük zərbə olub. O zərbədən sonra mənim özümə qarşı yanaşmam da dəyişib. Bəlkə də səhnədə bu gün olmağımın səbəbi də həmin o zərbədir. Çünki həmin faciədən sonra mən düşündüm ki, həyatımda kəskin dəyişikliklər etməliyəm. Usaqlıqdan səhnədə olmağa can atırdım, amma həyat elə gətirdi ki, mən hüquqa yönəldim, xaricdə insan hüquqları oxudum və 10 il hüquqşünas kimi işlədim.

- “Səs Azərbaycan” yarışmasına qatılmağa da bu hadisədən sonra qərar verdiniz ?

-Tamamilə düzdür. Yarışmanın elanını gördüm və məni cəlb etdi. Fikirləşdim ki, nə yaxşı Azərbaycanda da bu yarışma oldu və özümü mütləq şəkildə sınamalıyam.


- Yarışma həyatınızda nə kimi yer tutdu ?

- 6-7 ay həmin yarışmada iştirak elədim.Bütün bu müddət mənim üçün çox maraqlı və yadda qalan oldu ona görə ki, ilk növbədə yeni insanlarla tanış oldum, heç vaxt əlaqəm olmayan insanlarla əlaqəm yarandı. İştirakçıların 90 faizi bir-birini uzun müddətdir ki tanıyırdı. Mən isə heç kimi tanımırdım, çünki daha əvvəl incəsənətlə əlaqəm olmayıb.Yeni müəllimlərim oldu, dərslər aldım, Tünzalə Ağayeva ilə birlikdə işlədik, evdə məşqlər etdik. Mən həmin ərəfədə heç vaxt olmadığım bir mühitə düşdüm. Əlbəttə ki, mənim üçün çox yadda qalan oldu.

Təəssüf edirəm ki, yarışmada insanlar çox tez dəyişir. İlk əvvəl hər şey çox müsbət olur, sonra isə layihə zamanı bir çox insanın yeni üzləri ortaya çıxmağa başlayır. Bu adamı ruhdan salır.

- Dəyişənləri qoyaq bir kənara. Münasibətinizin hələ də yaxşı olduğu, yarışmadan sizə yaxın olan insanlar var?

- Münasibətim hazırda da hami ilə yaxşıdır. Mən pis insanları da sevirəm, çünki hər bir insanın içində hardasa yaxşı xüsusiyyət var.


- Sizə görə “yaxşı insan” modeli necədir ?

- İnsan vicdanlı olmalıdır. Mənə maraqlı deyil ki, həmin adam kimdir, nə işlə məşğuldur, necə həyat tərzi sürür. Vicdanla yaşayırsa bu mənə bəsdir.

- Bəs hansı insanlardan uzaq durursunuz?

- Paxıl insanlardan uzaq durmağa çalışıram, çünki həmin insanlar mənim enerjimi alır. Paxıllıq göstərənlər yanımda olanda hiss edirəm ki, istədiyim hər hansısa bir şeyi ürəyimdən keçirdiyim kimi edə bilmirəm. Onlar qan soran vampir kimi enerjimi sorurlar və mən hiss edəndə ki, bu, kəskindir, uzaqlaşıram.

- Yaxşı, gəlin o zaman enerjimizi çəkənlərdən uzaqlaşıb, pozitivə köklənək. Hansı hədiyyə könlünüzü xoş edir?

-Qızımın hər bir uğuru mənim üçün böyük bir hədiyyədir və xoşbəxt olmağıma səbəbdir. 6 yaşı olacaq və yəqin ki, bu il məktəbə gedəcək. Hələ ki bu məsələ ilə bağlı qərar verə bilmirəm. Fikirləşirəm ki, 1 il də uşaq qalsın. Onun özünü yaxşı hiss etməsi, sağlam olması və uğurları mənim üçün çox böyük bir hədiyyədir.


- Gələcək üçün məqsədləriniz nələrdir?

- Məqsədyönlü insanam. Səhnəyə ona görə gəldim ki, özümü tapım və mütləq şəkildə sevilim insanlar tərəfindən. Yaxınlarım deyir ki, “Nərmin, sənin öz kütlən olacaq və səni sevəcəklər. Buna hazır ol”, mən isə deyirəm, yox, gərək böyük kütlə üçün çalışım, mahnılarım hər kəs tərəfindən sevilib qəbul olunsun. Məqsədim budur və bunun üçün çox çalışıram.

- Ötən gün yeni ekran işinizi təqdim etdiniz. Bir az o haqda danışın.

- Klipin rejissorluğunu Eko Safari edib. Ekonu ötən yay tanıdım. Mənə onu fotoqraf kimi təqdim etdilər və əl işlərini çox bəyəndim. Xarakterimi şəkillərdə göstərməyi bacardı, bu, mənə çox xoş gəldi. Düşündüm ki, bu insanla mütləq əməkdaşlığa davam etməliyəm. Sonra bir gün Ekonun özündən klip təklifi gəldi və mən dedim ki, niyə də yox? Uyğun mahnı gəlsin və biz birlikdə özümüzü sınayaq. Bir çox ssenarilər müzakirə etdik birlikdə. Gördüm ki, bu insan ətraflı şəkildə düşünür və məsuliyyəti öhdəsinə götürür. Mənim üçün məsuliyyət çox önəmlidir, çünki son 3 ildə insanların məsuliyyətsizliyindən əziyyət çəkirəm. Qarşıma çıxan musiqiçilər, videoqraflar, fotoqraflar adətən məni məyus edirlər və kimləsə əməkdaşlıq edəndə artıq ələkdən keçirirəm. Eko çox məsuliyyətlidir və maraq göstərir ki, ortaya keyfiyyətli iş qoysun.

Fərid Kərimli adlı gözəl bəstəkarımız mənə bu mahnını təklif edəndə sözlərin sadəliyi, yaddaşda qalmasına görə çox bəyəndim və oxumaq qərarına gəldim. Qərarı qəbul etdikdən sonra Ekoya xəbər verdim ki, mən artıq mahnını seçdim.

Ekonun yanaşmasına tam şəkildə güvəndim. Bu onun ilk klip işidir və məncə, yetərincə uğurlu alınıb. Düşünürəm ki, istedadlı insanlara şans vermək lazımdır.

- Klipdəki obrazlarınız da maraqlıdır.

- Əksər fikirlər elə klipin rejissoru Ekoya aiddir. O məni necə görübsə, elə də çəkib. Geyimlər və aksesuarlar Zemfira Qurbanovanın əl işidir.


- Nərmin xanım, hazırda olmaq istədiyiniz yer varmı?

- Dünya səviyyəsində tanınan, sevilən ifaçı olmaq istəyirəm. Mən dünya ulduzlarından ilhamlanıram. Adele, Amy Winehouse, Whitney Houston- mən bu ulduzlardan bəhrələnirəm və özümü o yerdə görürəm. Əminəm ki, böyük səhnə üçün hazıram. Bizdə kütlənin zövqü fərqlidir deyə özünü istədiyin yerdə tapmaq çətindir. İlk əvvəl Azərbaycanda sevilib, sonra dünya səviyyəsində tanınmaq istəyirəm.

- Verilişlərdə niyə az görünürsünüz?

- Efirlərdən qaçıram, çünki enerjimi və vaxtımı alır. İstəyirəm ki, musiqiyə, obrazlara, özümə yönəldim enerjimi Ona görə də, efirlərdə o qədər də çox görünmürəm. Düzdü, hər kəs deyir ki, bu, reklamdır, lazımdır, amma sənətə gəlib, yaradıcılıqla məşğul olan insan gərək özünə, səsinə vaxt ayırsın.

- Hansı ulduzun həyatını yaşamaq istəyərsiniz?

- Heç kimin həyatını yaşamaq istəmərəm. Ən sevdiyim ulduzlar faciəvi həyat yaşayıb və gənc yaşlarında dünyasını dəyişib. Biz onların səhnə həyatını görürük, real həyatda nə baş verdiyini bilmirik. Bizim gördüyümüz onların xoşbəxt həyatıdır, amma bir çoxu pis vərdişlərdən, məişət zorakılığından əziyyət çəkiblər.

- Kiminlə hər yerə gedərsiniz?

- Dostlarımla hər yerə gedərəm. Harda olmağımın fərqi yoxdur, onlarla hər yer mənə maraqlıdır.

- Hansı məqamlarda cəsarətli olursunuz ?

- Harda ki, mən tam sərbəstəm, orda hərəkətlərim də cəsarətli olur. Ona görə də ən cəsarətli olduğum yer evdir (gülür).

- Ən böyük günahınız...

- Ən böyük günahları yalnız özümə qarşı etmişəm. Hansısa məqamlarda özümü çox sıxmışam, kiminsə qarşısında çox zəif olmuşam və indi də özümü günahkar hiss edirəm ki, niyə zəiflik göstərdim və özümü müdafiə edə bilmədim?

- Nədən təsirlənirsiniz?

- Gözəllik, səmimiyyət, musiqi məni yaxşı mənada təsirləndirir. Dünyada baş verən müharibələr, gördüyüm o dəhşətli hadisələrsə məni çökdürür. Uşaqlarla bağlı mövzularda da çox həssasam və müharibədə əziyyət çəkən uşaqları görəndə mənə çox pis təsir edir.


-Onun rahatlığı yoxsa sizin?

-Hər zaman onun rahatlığını düşünürəm. Bəlkə də səhv edirəm, amma bu, mənim xarakterimdir.

-Nədən yorulursunuz?

- Pis insanlardan yoruluram. Bu sənətə gələndən sonra da həmin insanlar ətrafımda artmağa başlayıb ətrafımda. Çıxış yolum yoxdur, məcburam ki, müəyyən insanlarla birlikdə oturum, danışım, iş görüm və bu məcburiyyət məni yorur. Səmimi insanam və özümə qarşı da səmimiyyət gözləyirəm hər zaman.

- Nəyə daha çox pul xərcləyirsiniz?

-Hazırda geyimə çox pul xərcləyirəm və hiss edirəm ki, bu məndə asılılıq yaradıb. Artıq özümə "stop" deyib və 1 ay heç nə almamağa qərar verdim. Amma, bir az çətindir, çünki çəkilişlər, fotosessiyalar və s. görürəm ki, yeni nələrsə almağa ehtiyac var.

- Qadınlarla daha rahat dil tapırsınız yoxsa kişilərlə?

-Kişilərlə daha tez dil tapmaq olur, amma bu, uzunmüddətli və səmimi davam etmir. İndi kişilər də o kişilər deyil (gülür) . İndi kişilər qadınlardan daha çox paxıllıq edirlər.

a

Sevinc Kərimova//Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI