Metbuat.az-da “Söhbət qazanı” layihəsinin növbəti qonağı tanınmış müğənni və cazmen Cavan Zeynallı olub.
-Televiziyadakı verilişlərdən gileylənirsiniz, səbəbi nədir?
-Verilişlər son vaxtlarda çoxalıb, çünki kanallar, radiolar, saytlar da çoxalıb. Ona görə adam müsahibə verəndə gərək hazırlaşıb bilsin ki,həmin müsahibəni kimə verir . Hərdən gəlib deyirlər “Cavan müəllim sizdən müsahibə almaq istəyirik”, amma onların heç xəbəri də yoxdur ki, Cavan kimdir? Nəçidir? Haralarda olub? Bilməyərək müsahibə almaq istəyirlər. Mən belə şeyləri sevmirəm. Gərək həmin adam bilsin ki, Cavan Zeynallı Azərbaycanın, Bakının canlı tarixidir. Bunu hamı deyir, artıq mən də başlamışam deməyə. İndi deyəcəklər ki, “Cavan özündən razıdır”, mənim kimi adam özündən razı ola bilər? – xeyr. Mən ifa edirəm və ifa etdiyim zaman görsəm ki, bir not düzgün deyil, bu, mənim üçün tragediya olar. Ona görə ki, musiqiçiyəm, oxuyanam və notları yaxşı bilirəm.
-Gənc oxuyanların musiqi savadı haqqında nə düşünürsünüz?
-7 il musiqi məktəbində , 4 il Asəf Zeynallı adına musiqi texnikumunda, 5 il konservatoriyada oxumuşam. 16 il mən ancaq oxumuşam, amma indi musiqi təhsili alan azdır. Heç bir musiqi savadı olmayanlar çoxalıb.
- Rəşid Behbudovla tanışlığınız haqqında danışın.
-1969-1970-ci illərdə mənim 21 yaşım olanda Rəşid Behbudov məni axtarırdı ki, öz Mahnı Teatrına dəvət etsin. Rəşid Behbudov kimi bir insan hansı ki, bütün sovet ölkələrində nömrə bir olub.
Mən ondan soruşdum ki, Rəşid müəllim, siz axı məni tanımırsınız, nə üçün axtarırsınız? O mənə “çünki sən konservatoriyada oxumusan” cavabını verdi. İstəyirdi ki, savadlı adamlar gəlsin sənətə və mən orda birinci addımları atdım. 10 il Rəşir Behbudovun Mahnı Teatrında çalışdım.
-“ Qaya” ansamblındakı fəaliyyətiniz…
- “Qaya” ansamblı 3 nəfər qaldı və 4cü oxuyan tapmaq lazım oldu. “Qaya” qrupuna həmin ərəfədə çox adam gəldi, amma alınmadı. Üstündən 1il keçdi və “Qaya” ansamblına məni dəvət etdilər. “Qaya” o vaxt bütün Sovet ölkələri və dünyada çox məşhur idi. 20 il “Qaya” ansamblı ilə çalışdım.
-“YouTube”da baxış sayınız niyə belə azdır?
-“YouTube”da mənim ifalarım var, amma indi gənclər “YouTube”da hardan qaçmaq lazımdırsa, ora girirlər. Səviyyə çox aşağıdır, bayağı mahnıların baxış sayı daha çoxdur. Bu, necə olur ki, mənim gözəl mahnılarıma az adam baxır, amma bu bayağı mahnılara çox adam baxır. Gənclər nəyə qulaq asıb, nəyi izləyirlər, başa düşmürlər.
-Texnologiya ilə aranız necədir?
- İnternet, mobil telefon insanların beynini qarışdırır və yorur. Yeni həyat və yeni əsr belədi. Mən bunu uşaqlıqdan oxumuşam ki, texnologiya insanları öldürəcək.
- Cazın hazırki vəziyyəti…
- Caz elə bir şeydir ki, gərək ifa edənlər onu yaşasın.
Vaqif Musatafazadə ona görə Vaqif oldu ki,o özünü tapdı və istedatlı idi. İndiki bəzi musiqicilər ifa edirlər, amma ortada heç nə yoxdur. Dinləyənlər də yorulur. Ad çəkmək və tənqidçi olmaq istəmirəm. 1965-ci illərdə insanlar gözlərini bağlayıb ancaq caz dinləyib, zövq alırdılar. İndi isə diskoteka mahnıları, “DJ”lər və s. öldürüb cazı. Nə qalıbsa o vaxtladan qalıb. Emin Sabitoğlu, Tofiq Quluyev, Raul Haciyev, Xəyyam Mirzəzadə hamısı rəhmətə getdilər, amma mahnıları hələ də yaşayır. İndi deyirlər ki, “retro”, bunlar retro deyil, yaşayan mahnılardır.
- Nədən narazısınız?
- 1965-1985-ci illərdə musiqi çox yüksək səviyyədə idi. Qara Qarayev, Fikrət Əmirov və s.- o vaxt bəstəkarlar opera yazırdılar, balet yazırdılar. Həmin insanlar dünyasını dəyişəndən sonra nə opera yazıldı, nə balet, ancaq sintezatorla mahnı ifa etməyə başladılar .
Bayaq da dedim, texnologiya insanları öldürəcək. Elə mahnını da öldürüb. O sintezator çıxdı, hansı ki, özü ifa edir, öz ritmləri var. Elə həmin alətə görə bir neçə musiqiçilər işsiz qalıb.
- Sizə paxıllıq edən olubmu?
- Mən Türkiyədə 2 il işlədim. Orda ifa edəndə hamı soruşurdu ki, “haralısınız?” deyəndə ki, “Azərbaycanlıyam” hiss edirdim ki,paxıllıq edirdilər mən niyə oranın musiqicisi deyiləm.
- Nələri sevirsiniz?
- İdmanla məşğul oluram, təmiz havada gəzməyi, təbiəti, dənizi sevirəm.
Sevinc Kərimova/ Metbuat.az
Fotolar: Müzəffər İsmayılov