"İtimə görə depressiyaya düşərəm, sevgilimə görə yox" - Azərbaycanlı aparıcıdan sərt fikirlər/ MÜSAHİBƏ

Metbuat.az-da “Söhbət qazanı” layihəsinin növbəti qonağı tanınmış aktrisa və teleaparıcı Mələk Heydərova olub.

- Gözəl xanımsınız yəqin ki, eşq təklifləriniz də çox olar.

- Bəli, təkliflər olur. Eşq təklifi deyəndə ki, sevgili olmaq təklifləri gəlir.

- Evlilik təklifi yoxdur hələ?

-Evlilik təklifləri də olur, amma mən o xanımlardan deyiləm bir əldə 5 qarpız tutam. Düşünürəm ki, karyeramı istədiyim kimi inkişaf elətdirim, hər şeyi yoluna qoyum, daha sonra digər addımları atım. Həyatda əldə etmək istədiyim digər şeylər var. Mən də kişilər kimi düşünürəm ki, hər şeyi əldə edim ondan sonra ailə quraram. Mənim üçün evlilik ciddi addımdır istəyirəm ki, evliliyə özümü tam hazır hiss edim.


- Ailə quracağınız insanın maddi vəziyyətinə fikir verəcəksiniz?

- Maddi vəziyyətə hamı fikir verir. Bacarıqlı insan həyatda hər şey əldə edə biləndir. Bəzən deyirlər ki, “bir insan kasıb olub, sonradan varlana bilər” olar ki, mən elə hazır o imkanlıya gedib rahat yaşayım?

Mən oturub gözləməliyəm ki, bu insan nə vaxt imkanlı olub pul qanacaq? Söhbət pul qazanmaqdan gedirsə mən düşünürəm 35 yaşına qədər kişilər özünü evlə və maşınla təmin etməlidir.

-Bir dəfə mənə açıqlama verəndə demişdiniz ki, ötən il sevgidə bəxtiniz gətirməyib.

- Bəli, uzun müddətlik bir münasibətim bitdi. Mən pis olmuram belə şeylərə, düşünürəm ki, insan inkişaf etdikcə həyatında bu cür hadisələr baş verir. Mən yenidən həyatıma davam elədim, daha yaxşı oldu mənim üçün, daha yeni layihələrim oldu, özümü daha çox yaradıcılığa həsr etdim və daha çox vaxt ayırmağa başladım.


- Uzun müddətlik münasibətiniz bitəndən sonra heç depressiyaya düşmədiniz?

- Mənim itim xəstələnmişdi, depressiyaya düşdüm amma ərə görə, sevgiliyə görə depressiyaya düşən insan deyiləm. İnsan münasibətləri başlayır və bitir. İstənilən başlanğıcın bir bitiş nöqtəsi var. Düzdü, hər insan gedəndə özü ilə bir parça qoparıb aparır, amma sonrasında özünü toparlamaq sənin öz məsuliyyətindir.

- Hisslərinizə yenilmisiniz?

- Bilirəm ki, hisslərə yenilsəm və ya hisslərimin arxasınca getsəm həyatımda karyera və digər məsələlərdə uğursuzluq olacaq.

- Qadınlarla daha yaxşı dil tapırsınız yoxsa kişilərlə?

- Kişilərlə.

Paxıllıq olmadan mənim səmimiyyətimə inanırlar. Qadınların isə bütün hisslərinin qarşısını paxıllıq alır. O paxıllığın arxasında mənim kim olduğumu görmürlər və məni özlərinə düşmən bilirlər. Bəzi hallarda mən bunun qarşısını ala bilirəm və həmin münasibəti dostluğa çevirirəm.

Mən xoş ünsiyyəti sevirəm. Bunun üçün heç nə lazım deyil. Bu maddiyyat və əziyyət tələb etmir. Yox, sən bunu bacarmırsansa onda insan adlandırmaq olmaz.


- Özünüzə qoyduğunuz hər hansı bir sərhəd var ?

- Əvvəl yox idi, amma indi var. Məqsədlərim var, o məqsədlərə çatmaq üçün də mən müəyyən şeylərdən uzaqda durmalıyam. İçim nə qədər qaynayıb daşsa da mən artıq bir çox şeyi gizlədirəm ətrafımdan. Əvvəl hər kəsin gözü önündə gülürdüm, əylənirdim düşünürdüm hər kəsə pozitiv aura ötürüm. Sonra gördüm bu pozitivlik insanlar tərəfindən başqa yerə yozulur, o zaman başladım sərhəd qoymağa.

- Elə bir məqam olub ki, bu sahədən uzaqlaşmağı düşünəsiniz?

- Bir müddət əvvəl uzaqlaşdım və başqa bir sahədə işlədim. Amma gördüm yox, bu sahə məni artıq özünə alışdırıb və yenidən bu sahəyə qayıtdım. Düzdü getməyim asan olsa da qayıtmağım çox çətin olub. Mən başlayanda “İnstagram” və sosial şəbəkələr o qədər aktiv deyildi. İndi məşhurlaşmaq çox asandır. Düşünürəm ki həmin vaxt getməsəm və davam eləsəm indi daha yaxşı yerlərdə olardım.

- Nə baş verdi ki uzaqlaşdınız?

-Fikirləşdim k, istədiyim vaxt qayıdaram, gedim istirahət edim. Bu düşüncə ilə 5-6 ay istirahət elədim və sonra qayıtmaq istəyəndə bütün qapılar üzümə bağlandı. Məni heç kəs qəbul etmədi, adicə bir saytda məlumatımın yazılmağı üçün nələr edirdim, amma indi o qədər çox yazırlar ki, zəng edib sildirirəm.


- Baxımlı xanımsınız, buna çox pul xərcləyirsiniz?

- Reklamdı hamısı, barterdi (gülür).

- Düşmənçilik etdiyiniz kimsə var?

- Bir neçə nəfər var. Düşmən demək olmaz sadəcə olaraq danışdırmıram. Düşmənçilik odur ki, sən mənim ayağımın altını qazırsan, mən də sənin. Mənim ayağımın altını qazacaq adam həddindən artıq çox yuxarı adam olmalıdı,r hansı ki, mənim ona gücüm çatmasın.


- Gələcək məqsədləriniz nələrdən ibarətdir?

- Gələcək məqsədlərimdə bundan daha yaxşı layihələrdə iştirak etmək, daha da yaxşı ad qazanmaq var. Bir neçə il sonra istəyirəm ki, ailəm olsun və mən özümü həsr edim kitab yazmağa. İnanmıram ki, mən həyatımın sonuna qədər televiziyada qalım. İndi cavanlığım, şıltaqlığım və enerjim var, bundan istifadə edirəm. Müəyyən yaşdan sonra bunları edə bilməyəcəm.

Sevinc Kərimova / Metbuat.az

Foto: Müzəffər İsmayılov

"Mənə “Sənanın fanatıyam” deyib, yanıma ad yapışdırmayın" - MÜSAHİBƏ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı