Dünyada əldə edilməsi ən çətin pasportlardan biri heç bir ərazisi olmayan, lakin beynəlxalq hüquqda suveren qurum kimi tanınan təşkilata məxsusdur.
Metbuat.az “Sözçü” qəzetinə istinadən xəbər verir ki, Malta Suveren Hərbi Ordeninin verdiyi bu diplomatik pasportdan dünyada cəmi 500 nəfərin istifadə etdiyi bildirilir. Məlumata görə, İtaliyanın paytaxtı Romada yerləşən Malta Suveren Hərbi Ordeni Katolik köklü qurumdur. Bildirilir ki, Beynəlxalq hüquqda suveren subyekt kimi tanınan təşkilatın öz konstitusiyası, pul vahidi və poçt markaları var. Onun tünd qırmızı üzlü diplomatik pasportu Şengen zonasının əksər ölkələri və bir sıra digər dövlətlər tərəfindən rəsmi səyahət sənədi kimi qəbul edilir. Xəbərdə deyilir ki, bu pasportu pul, investisiya və ya adi müraciət yolu ilə əldə etmək mümkün deyil. Sənəd yalnız ordenin Böyük Magistrinə, rəhbər vəzifəli şəxslərinə, diplomatlarına və xüsusi nümayəndələrinə xidmətdə olduqları müddətdə verilir.
Qeyd edək ki, Vatikanda doğum və ya adi yaşayış əsasında vətəndaşlıq əldə etmək mümkün deyil. Pasport əsasən kardinallara, Müqəddəs Taxt-Tacın diplomatlarına və Vatikanda çalışan müəyyən katolik din xadimlərinə və əməkdaşlarına xidməti vəzifələrinin icrası müddətində verilir.