Kaliforniyadakı Ölüm Vadisindəki qurumuş göl yatağında öz-özünə hərəkət edən nəhəng qayaların sirri elmi araşdırmalar nəticəsində açılıb.

Metbuat.az “Sözçü” qəzetinə istinadən xəbər verir ki, çəkisi 300 kiloqrama çatan daşların heç bir insan və ya heyvan müdaxiləsi olmadan metrlərlə məsafə qət etdiyi müəyyən edilib. Onların arxasında düz səth boyunca uzanan izlər buraxması uzun müddət alimlərin diqqətini çəkib.

Məlumata görə, ölüm Vadisindəki “Racetrack Playa” adlı qurumuş göl yatağında müşahidə edilən bu hadisə “Yeriyən qayalar” adlandırılıb. Alimlər uzun müddət daşların hərəkətini maqnit sahələri və güclü fırtınalarla əlaqələndiriblər. Lakin bu nəzəriyyələr hadisənin səbəbini tam izah etməyib. Tədqiqatçılar qayaların üzərinə GPS cihazları yerləşdirərək əraziyə sürətləndirilmiş çəkiliş aparan kameralar quraşdırıblar. Müşahidələr nəticəsində məlum olub ki, göl yatağında yaranan nazik buz təbəqələri və yüngül külək ağır qayaların hərəkətinə səbəb olur.