"Biz o vaxt bir filmə çəkiləndə gedib “Jiquli” maşın ala bilərdik" - MÜSAHİBƏ

Metbuat.az-da “Söhbət qazanı” layihəsinin növbəti qonağı tanınmış aktyor, xalq artisti İlham Namiq Kamal olub.

- Sənətə ilk addımlarınızdan danışaq.

-Biz o illərdə orta məktəbdə oxuyanda Bakıda bir çox dərnəklər, mədəniyyət saraylarında dram dərnəkləri, xalq teatrları var idi. Məktəbdə oxuduğumuz illərdə xalq teatrlarına gedirdik. Orda böyük müəllimlər var idi. 6-7-ci siniflərdən hazırlaşdım Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə. Ondan sonra da yavaş-yavaş öyrənərək, təhsil alaraq teatrlarda fəaliyyətə başladım.

-O vaxtlar qadın fanatlarınız da çox olub yəqin.

-Əlbəttə çox idi. Teatr sevənlər gəlirdilər, aktyorun ifa etdiyi rollara rəğbət bəsləyib öz münasibətlərini bildirirdilər. Məktublar yazırdılar, gül dəstələri gətirirdilər. Bu, bilavasitə tamaşaçının teatra olan münasibətidir, tək mənə yox.

- Bəs tamaşaçının teatra olan bugünki münasibətindən razısınız?

- O dövrdə də, bu dövrdə də mənə heç bir fərqi olmayıb. Bu gün də səhnəyə çıxıram, rollar ifa edirəm və tamaşaçı ilə yaxın münasibətdə oluram. Şəxsən heç bir fərq görmürəm. Tək fərq odur ki, tamaşaçılar dəyişir və yeni nəsil gəlir. Gənc nəsil və zamanın təlabatı ilə ayaqlaşmaq prinsipini gərək ki, irəlidə tutasan. Zamanla ayaqlaşa biliriksə, deməli tamaşaçı da hər zaman müasir aktyor kimi qəbul edəcək.

- Keçmiş filmlərimiz hələ də maraqla izlənilir, amma müasir filmlər sezonluqdur. Sizcə səbəbi nədir?

- O filmlərə köhnə deməzdim, ona görə ki, onlar çox bahalı filmlərdir. Filmlərə çəkiləndə istər aktyora, istərsə də rejissora yüksək səviyyədə ödəmələr edilirdi. İndi çəkilən filmlərdə bu o qədər də yoxdur. Mən sizə adi bir nümunə çəkim, biz o vaxt bir filmə çəkiləndə gedib “Jiquli” maşın ala bilərdik.

- Siz də olub ki, bir filmdən sonra maşın alasınız?

- Əlbəttə olub.“Qayınana”, “Qəribə adam” və digər bir çox filmlərdən sonra. O zamanlar dövlət filmləri daha çox çəkilirdi. İndi çəkilən serial və kinolarda maliyyə cəhətdən çox da ürəkaçan deyil.

- Hətta bir neçə aktyor bu vəziyyətdən şikayətlənir də...

- Şikayətlənirlərsə gedib çəkilməsinlər.

- Gənc aktyorların rola girə bilməməsi haqqında nə düşünürsünüz?

-İ stər serialın, istərsə də filmin əsas cavabdehi rejissordu. Rejissorun səviyyəsi nə qədər yüksək olarsa, onun filminin də səviyyəsi bir o qədər yüksək olar. Filmində istər aktyorların toplanması, istər rəssamın, operatorun işi rejissorun dünya görünüşü və istedadından asılıdır. Əgər bunlar hamısı bir adamda cəmləşirsə deməli hər şey əla alınacaq. Film çəkmək üçün böyük şəxsiyyət olmaq lazımdır.

- Gənclərə dəstəyiniz nə yerdədir?

- Artıq 25 ilə yaxındır ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Musiqili Teatr kafedrasının müdiriyəm və onlarla gənc aktyoru istedatlı tələbələri teatra gətirmişik. Bu gün də işləyirlər. Düşünürəm ki, gənclərə kömək etmək lazımdır. Kömək edə bilməyəndə isə onlara mane olmaq lazım deyil.

- Hazırda bu sahədə nə çatışmır?

-Bu barədə heç nə deyə bilmərəm, çünki özümə cavabdehəm. Ürəyim tutan bir ssenari olarsa gedib çəkilirəm.

- Teatr yoxsa kino?

- Teatr gövdəli palıd ağacıdırsa bir budağı kinodur, bir budağı televiziyadır, bir budağı estradadır. Amma, sənətin özülü teatrdır.Teatr sənəti qüvvətli olarsa onun budaqlarında olan məshullar da yüksək səviyyədə olacaq. Əgər teatr möhkəm olmazsa bu məshullar da aşağı səviyyədə olacaq.

- Ən yadda qalan çəkilişiniz?

- Hər bir dövrün özünə uyğun hadisəsi olub. Əsas hadisə isə çəkilən kadrlardır. Elə götürək “Qayınana” filmini. Artıq 40 ildən çoxdur ki, çəkilib, amma tamaşaçı onu bu gün də seyr edirsə, maraq göstərirsə deməli bu film aktualdır və aktual film də tamaşaçı üçün bir hədiyyədir. Bütün bunlar rejissorun zövqündən asılıdır. Rejissor zövqlü olarsa, onun seçdiyi aktyorlar, operatorlar və bütün komanda yüksək səviyyədə olarsa, həmin film də yüksək səviyyədə olar.

-Hansı rolun həsrətindəsiniz?

- Bizdə elə aktyorlar var ki, həyatı boyu həsrətdə olurlar. Həsrətdə olurlar ki, mən gərək o rolu ifa edərdim. Amma, mən bunu hər zaman deyirəm ki, qoy o rol həsrətdə olsun ki, onu İlham Namiq Kamal oynayacaq.

Sevinc Kərimova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı