Cari ilin “İnvestisiya Proqramı”na əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Suraxanı rayonu Zığ qəsəbəsində Hətəm Allahverdiyev küçəsində təmir işləri aparılır.

Metbuat.az-a AAYDA-dan verilən məlumata görə, uzunluğu 1000, eni ortalama 6 metr təşkil edən sözügedən küçə torpaq əsaslı olduğu üçün gediş-gəlişdə problemlərə səbəb olurdu, hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi.

Aparılan yenidənqurma işləri çərçivəsində yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunaraq yeni yol yatağının və yolun profilə salınması işləri görülüb.

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən hazırda ərazidə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır.

Xatırladaq ki, Agentlik tərəfindən 2021-ci ildə Suraxanı rayonu ərazisində ümumi uzunluğu 18.5 km təşkil edən küçə təmir edilib. 2022-ci ildə rayon üzrə təmir olunacaq küçə və yolların ümumi uzunluğu isə 12.5 km təşkil edir.