Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd edilir.
Metbuat.az xəbər verir ki, Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı sərəncamla noyabrın 9-u Dövlət Bayrağı Günü elan olunub.
Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli bayraq 1918-ci il noyabrın 9-da hökumətin iclasında qəbul edilib. 1991-ci il fevralın 5-də isə Azərbaycan Respublikasının Ali Soveti həmin bayrağı dövlət bayrağı elan edib.
2009-cu ildə Əmək Məcəlləsinə edilən dəyişikliklə 9 noyabr qeyri-iş günü olan bayramlar sırasına daxil edilib.
“Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” qanuna əsasən, bayraq mavi, qırmızı və yaşıl rəngli üç üfüqi zolaqdan ibarətdir və dövlət suverenliyinin rəmzidir.
Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə sərəncam 2007-ci il noyabrın 17-də imzalanıb. Meydanın açılışı isə 2010-cu il sentyabrın 1-də Prezident İlham Əliyevin iştirakı ilə keçirilib.
Meydanın bayrağı 36 metr enində, 72 metr uzunluğundadır və çəkisi 500 kiloqramdan artıqdır. Burada Dövlət Bayrağı Muzeyi də fəaliyyət göstərir.