"Manchester United"in sabiq baş məşqçisi ser Aleks Ferqyuson çərşənbə axşamı məşhur aparıcı Rori Makilroyun verilişinin qonağı olub.
Goal.az xəbər verir ki, əfsanəvi şotland mütəxəssis dünyanın ən populyar iki futbolçusu - Ronaldu ilə Messini müqayisə edib. "İki futbolçu - Kriştianu Ronaldu və Lionel Messi haqda bu qədər danışmağımız mənə çox maraqlı gəlir. Məni düzgün başa düşün, Messi fantastik futbolçudur, o sanki küçədə gəzirmiş kimi topa nəzarət edir. Ancaq Lionel "Barcelona"da çıxış edir və fərq də elə bundadır. Ronaldu hətta "Stockport County"də oynasaydı belə, hər həftə het-trikə imza atacaqdı. O bunun üçün bütün keyfiyyətlərə sahibdir. Kriştianu hər iki ayağıyla zərbə endirə bilir, "ikinci mərtəbə"də inanılmaz oynayır, üstəlik, ildırım kimi sürətli və şir kimi cəsarətlidir. Bədən quruluşu haqda isə danışmağıma belə ehtiyac yoxdur! Ronaldu müasir dövrün Adonisidir. Bütün bunlar onun əmək etikasından xəbər verir. Onun evinə qonaq getsəniz, trenajor zalı, velosipedlər, soyuq və isti su ilə dolu hovuzlar və bir sıra başqa şeylər görəcəksiz. Kriştianu dünyanın ən yaxşısı olmaq istəyir və buna görə inanılmaz intensivliklə işləyir. "Manchester United"də işlədiym vaxt komandamda daha da inkişaf etmək üçün məşqlərdən əlavə üzərində saatlarla çalışan futbolçular olmuşdu. Məsələn, Qari Nevill və Devid Bekhem işinə sevgisinə görə ortabab oyunçulardan əla futbolçulara çevilmişdilər. Ancaq Ronaldu gücü tam tükənənə qədər işləyirdi və indi də bunu edir. O, sadəcə, dünyanın ən yaxşısı olmaq istəyir", - deyə Ferqyuson qeyd edib.
Milli.Az