Bakı. Yeganə Laçınzadə - APA-Economics. 2014-cü ildə “Azərsu” ASC-nin xidmət göstərdiyi abunəçilərin sayı 104 min və ya 8,5% artıb.
“Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, 2015-ci ilin yanvarın 1-nə ölkə üzrə 1 309 401 abunəçi su və kanalizasiya xidmətlərinin istifadəçisi kimi qeydiyyata alınıb. İstehlakçıların 1 255 831-i və ya 96%-ini əhali, 53 570-i və ya 4%-ini isə qeyri-əhali qrupu abunəçiləri təşkil edir.
Hesabat dövründə əhali qrupu abunəçilərinin sayı 91 min və ya 7,8%, qeyri-əhali qrupu abunəçilərinin sayı isə 13 min və ya 31% artıb.
İl ərzində abunəçi sayında artım əsasən yeni layihələrin icrası nəticəsində istehlakçıların mərkəzləşdirilmiş su təchizatı və kanalizasiya şəbəkələrinə qoşulması, içməli su və kanalizasiya xidmətlərindən qeyri-qanuni istifadə hallarının aşkarlanaraq qeydiyyata alınması hesabına baş verib.
Yanvarın 1-nə su təchizatı xidməti göstərilən abunəçilərin 750 mini sayğacla təmin olunub, sayğaclaşma səviyyəsi 57%-ə çatıb.