​Müdafiə Nazirliyinin Mərkəzi Ərzaq Anbarından REPORTAJ / FOTOLAR

Metbuat.az-ın “Hərb” layihəsində ötən dəfə reportajımız Müdafiə Nazirliyinin Mərkəzi Əşya Bazasından oldu. Bu dəfə isə Müdafiə Nazirliyinin Mərkəzi Ərzaq Anbarından reportaj etmişik.

Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin Arxa Cəbhə İdarəsinin Ərzaq Xidməti rəisi, polkovnik-leytenant Eldəniz Yəhyayev deyir ki, Azərbaycan dövləti öz müstəqilliyini qazandıqdan sonra ordumuz formalaşmağa başladı. Ərzaq xidməti elə bir xidmətdir ki, bunsuz ordu mümkün ola bilməz. Əsgər yeməlidir, geyinməlidir, bütün təminatı olmalıdır ki, döyüşə bilsin:

“Bizim xidmət də həmin tarixə bağlanır. Bu xidmət yolunda ordumuz uzun, keşməkeşli yollardan keçib. Müxtəlif dəyişikliklər olub, istər ştat kateqoriyasında, istər fəaliyyətdə, istərsə də təminatda. Hazırda Azərbaycan ordusunun təminatı və ona verilən ərzaqlar göz qarşısındadır, çeşidliliyinə, müxtəlifliyinə görə fərqlənir. Biz müstəqillik dövründə xidməti təhvil alandan sonra Sovet ordusunda istifadə olunan ərzaqların sadəcə adını tərcümə edib bizim orduda tətbiq edirdik, çeşidlilik yox idi. Bu bir müddət belə davam elədi. Bizim millətimizin, eyni zamanda da əsgərlərimizin ağız dadı bəzi yeməkləri qəbul eləmir.

Məsələn, “perlova” eşitmisiz, biz buna bütöv arpa yarması deyirik. Bu Sovet dövründən qalma ən sevimli yarma idi. Əslində bu yarma kalorisinə görə güclüdür, amma Azərbaycan əsgəri bu yarmanı sevmir, yemir, bundan imtina edir. Ona görə biz bunu menyuda tamamilə azaltmışıq, cəmi 1% saxlamışıq. Tam çıxarmamışıq menyudan, çünki hospitallarımız var, orada pəhrizli xəstələrimiz olur, bundan yeməlidilər az miqdarda da olsa. Hətta hərbi hissələrimizdə onun sıyığını 10-20 gündə bir dəfə veririk. Bundan əlavə, buğda yarması var idi, onu da tamamilə çıxardıq.

İndiki yarmalarımız ən çox yeyilən yarmalardandır. Məsələn, qarabaşaq yarması tam Azərbaycana məxsus olmasa da, sevilən qidadır, hamı tərəfindən qəbul olunub, yaxşı da yeyilir. Bundan əlavə, makaron, qovrulmuş vermeşil veririk. Birinci yeməklərin hazırlanması üçün noxud, lobya, mərci, yumru düyü, uzun düyü kimi yarmalardan da istifadə edirik.


Yumru düyüdən həm birinci yeməklərin hazırlanmasında, həm də bəzi milli yeməklərimizin içərisində istifadə edirik, amma dəmləmə kimi etmirik. Dəmləmə kimi yalnız uzun düyüdən istifadə edirik. Bulqur yarması da son tətbiq olunan yarmalardan biridir, əsgərlərimiz tərəfindən yaxşı yeyilir. Səhərlər mannı yarması südlə bişirilib əsgərlərimizə verilir”.

Daha sonra anbarlarla tanış olduq. Eldəniz Yəhyayev deyir ki, ərzaq anbarları temperaturu sabit saxlamaq üçün soyuducu ilə təmin olunub:

“Anbarlarda temperatur 75% nisbi rütubətdən yuxarı olmamalıdır. Burada quru ərzaq saxlamaq üçün avtomatik quraşdırılmış soyuducu sistemi var. Qışda problem olmur, amma yayda temperaturu sabit saxlamaq üçün soyuducu qurğularımız işləyir. Bu cür iki saxlanc yerimiz tikilib, hər biri 500 olmaqla ümumi 1000 tonluq saxlanc yerlərimiz var, tam standartlara uyğun tikilib. Ümumilikdə saxlanc yerlərimizin hamısı qənaətbəxşdir. Sadəcə get-gedə köhnə tikililəri müasirləşdiririk, söküb yerində yenisini tikirik”.

E.Yəhyayev deyir ki, hər ərzağın özünün yığılmaq qaydası var. Məsələn, balaca kisələrdisə, 10 ədəddən artıq üst-üstə qoymaq olmaz: “Böyük kisədirsə, 6 dənədən artıq yığmaq olmaz. Üst-üstə yığılmaq üçün də qaydaları var, elə yığmaq lazımdır ki, ərzaq kiflənməsin, xarab olmasın. Bundan əlavə 1000 tonluq tərəvəz anbarımız və 1000 tonluq ət anbarımız da var. Bu il üçün 2 anbarın tikilməsi də nəzərdə tutulur. Düşünürəm ki, yaxın 2-3 il ərzində bütün köhnə anbarlar yenilərilə əvəz olunacaq. Hazır olan anbarlar da son 2-3 il ərzində tikilib. Ümumilikdə 20-yə yaxın anbarımız var, hər biri 500 tonluqdur. Biz ikisini birləşdirib 1000 tonluq müasir, yeni anbar düzəldirik”.

Saxlanc yerlərində qarabaşaq, mərci, uzun düyü, birinci yeməklərin hazırlanması üçün yumru düyü, müxtəlif yarmalar saxlanılır. Digər anbarda şirələr və konservləşdirilmiş məhsullar saxlanılır. Temperatur da buna uyğunlaşdırılıb: “Hər bir məhsulun üzərində temperatur və saxlanma şəraiti haqqında məlumat olur, biz də buna uyğunlaşdırıb saxlayırıq”.

Eldəniz Yəhyayevin sözlərinə görə, anbara gələn bütün növ ərzaqların hamısı laborator müayinədən keçirilir: “Bu laboratoriyaların bəziləri üçün uzun müddət vaxt lazım olduğu üçün ərzaq bizə gələn kimi anbara mədaxil olunmur. Bura yaxın Mərkəzi Baytarlıq Laboratoriyası var. Gələn məhsulların hamısı buraxılış məntəqəsində saxlanılır. Bizim öz laboratoriyamız həmin məhsullardan nümunələr götürür, sonra həmin baytarlar da məhsullardan nümunələr götürür. Ərzaqlar Mərkəzi Baytarlıq Laboratoriyasında yoxlanılır, yəni ət konservasıdırsa, içərisindəki ət kütləsi nə qədər olmalıdır, yağlılığı nə qədər olmalıdır, kütlənin qabın çəkisinə uyğunluğu kimi bir çox yoxlamalar keçirilir.


Bütün bioloji analizlərdən sonra bizə məlumat verilir. Hər bir məhsulun da yoxlanma müddəti var, məsələn, yarmaya 1 gün ərzində ekspertiza rəyi verilirsə, konservalar üçün analiz cavabı 3-5 günə verilə bilir. Bütün məhsullar hətta radiasiya şüalanmasına qədər yoxlanılır. Ekspertiza rəyi veriləndən sonra ki, bu ərzaq yararlıdır, ondan sonra ərzaq məhsulu anbara mədaxil olunur. Düzdür, məhsulu anbarda saxlayırıq ki, xarab olmasın, amma bu zaman anbara müvəqqəti saxlama aktı yazırıq, ekspertiza müsbət rəy verəndən sonra həmin məhsulu sistemə oturduruq ki, bizdədir, malı qəbul etdik. Bütün gələn məhsullarla bağlı standartlarımız var, əgər o standartarların birinə belə cavab verməsə, hətta 1000 ton məhsul da olsa geri qaytarılacaq”.

Ərzaq Xidməti rəisi deyir ki, tez xarab olan məhsullar üçün ayrıca soyuducu qurğularımız var: “Bu qurğular müsbət 5 dərəcəyə qədər işləyən soyuduculardır. Saxlama temperaturu eyni olmayan məhsullar bir anbarda saxlanılmır. Bölgələrdə də anbarlarımız var, ərzaq paylamaq daha asan olsun deyə anbarların içərisindən dəmir yolu xətti keçir. Eyni zamanda lazım olsa, avtomobillərimiz də var. Vacib olan məhsulları yükləyirik, tez bir zamanda lazım olan yerlərə çatır. Ancaq məsələn, 10 gün sonraya hansısa məhsul lazımdırsa, bölgələrdə olan anbarlarda da mini formalı soyuducular var. Həm gündəlik ərzaq məhsulları, həm tərəvəz saxlamaq üçün anbarlar var. Tez xarab olan məhsulları çox zaman birbaşa özləri götürə bilirlər. Digərlərini maşınlar və ya qatar vasitəsilə göndəririk. Plana uyğun daşımalarımız olur”.

Eldəniz Yəhyayev deyir ki, bütün məhsullar mal qonşuluq prinsipinə uyğun saxlanılır: “Məsələn, ədviyyatlar üçün ayrıca otaq olmalıdır, çünki onun iyi digər məhsullara çökə bilər. Qurudulmuş tərəvəzlər var ki, onları da yenə ayrı anbarda saxlayırıq. Bu onun üçündür ki, hər hansı bir hadisə baş verərsə, yaş tərəvəz tapmaq mümkün olmazsa, quru ərzaqdan istifadə edilsin. İlin sonunda anbarlarımıza o qədər məhsul vurmuşuq ki, hamısı doludur”.

Tərəvəz anbarında da tərəvəzlər hamısı saxlanma şəraitinə uyğun olaraq anbarlara yerləşdirilib: “Kifayət qədər tərəvəz məhsulumuz var. Baytar həkimlər gələn malların hamısını əlindəki xüsusi avadanlıqla da yoxlayır.

Məsələn, kartofdursa, əvvəlcə həm ona baxırlar ki, zədəsi yoxdur ki, üstündə, ölçüsü normaldırmı, 5 sm-dən balaca olanı yoxdur ki, bütün bunlardan əlavə əllərindəki aparatla kartofun tərkibindəki nitratın tərkibi və miqdarı yoxlanılır. Yəni gübrə verilibsə, nitratın miqdarı çoxdursa, biz, həmin məhsulu götürmürük. Buna görə də anbarlarımızda keyfiyyətsiz ərzağın olması mümkünsüzdür. Gördüyünüz kimi, kök, kələm, çuğundur bir saxlanılıb. Digər anbarımızda pendir saxlanılır”.

Bura isə meyvə anbarımızdır. Qeyd edim ki, ilin fəslindən asılı olmayaraq, əsgərlərimizə gündəlik mütləq 100 qr alma veririk.

Daha sonra tez xarab olan 1000 tonluq ərzaq anbarı ilə də tanış olduq. Eldəniz Yəhyayev deyir ki, burada ət, balıq, toyuq, kərə yağı və s. məhsulları saxlamaq üçün soyuducu qurğu mövcuddur: “Hər bir məhsul da anbarda ayrı-ayrı saxlanılır. Məsələn, balığın yanına digər ərzaq məshulunu qoymaq düzgün deyil. Bundan əlavə, bizim daha bir 1000 tonluq soyuducu olan anbarımız da var”.

Eldəniz Yəhyayev deyir ki, bütün növ ərzaq məhsullarının üzərində markalanma gedib ki, satışı qadağandır, Müdafiə Nazirliyinə məxsusdur: “Bu ona görə edilir ki, başqa yerlərdə hansısa məqsədlər üçün istifadə olunmasın. Əsasən də qablaşdırılmış məhsullar markalanıb.

Bu gün orduya təxminən 110 adda ərzaq məhsulu qəbul olunur. Bu yaxınlarda cənab nazir bizə göstəriş verdi ki, “başqa ölkələrin orduları ilə müqayisə aparın görək biz daha nə tətbiq edə bilərik?” Biz MDB dövlətləri arasında müqayisə eləmişdik, ordu üçün ən güclü norma Azərbaycan ordusununku çıxdı. Bir çox ölkələrlə müqayisə etdik. Bizim ən az yeyən əsgərimizin kalorisi günlük 4000 kaloridirsə, baxdıq ki, o ölkələrdə heç dağlıq ərazilərdəki əsgərlərin norması 4000-ə çatmır. Bizdə dağlıq ərazilərdə bir əsgərin gündəlik norması 5000 kaloriyə çatır. Bütün bunları müqayisə edəndə digər dövlətlərlə gördük ki, onlardan götürəcəyimiz bir şey yoxdur.


Bundan əlavə, qeyd edim ki, biz bir çox yarışlarda da iştirak edirik, Moskvada hərbi oyunlar olur. Hərbi oyunlarda bizim ərzaqçılarımız da iştirak edir. İki dəfə iştirak etmişik, birinci dəfə 6 komanda arasında üçüncü yer, ikinci dəfə 14 komanda arasında dördüncü yeri tutmuşuq. Bizdən əvvəl isə Rusiya, Çin və Qazaxıstan olub. Ermənistan ümumiyyətlə finala çıxa bilmədi. Bu yarışda İsrail, Serbiya, Belarusiya və s. hamısı bizdən arxada qaldılar”.

Eldəniz Yəhyayev deyir ki, bütün hərbi hissələrdə iki cür xidmət göstərilir, biri servis, digəri isə özünəqulluq: “Əsgərin qarşısına təkcə ərzaq qoymaqla deyil ki, o yeməyi hazırlayıb çıxarmaq da lazımdır. Cənab nazirin təşəbbüsündən sonra orduda harada ki, yaşayış hissələrinə yaxın hərbi hissələr varsa, orada aşpaz vəzifələrinin bir qismini mülki elədik. Ona görə bir qismini elədik ki, sabah nəsə olsa, hərbçi aşpazımız da olsun. Mülki qadınları işə götürürük, yəni əsgər evdə anasının bişirdiyi yeməyi necə yeyirsə, bunu da elə yeyir”.

Servis də müxtəlif cür olur. Qulluq edilən servis təmiz, paslanmayan, zəhərlənmə verməyən metaldan olan qablarda verilir, yağ qalıqlarından da tez bir zamanda təmizlənir: “Bunun üçün də yuyucu maddələr veririk və qablar onunla təmizlənir. Bunlar servis üçündür, yəni əsgər yeməyə gəlməmişdən əvvəl harada özünəxidmət xətti yoxdursa, bunlarla təmin olunur. Salat qabı, sup qabı, isti yemək üçün qab, birinci yemək üçün qazan, ikinci yemək üçün qazan, kompot və ya çay üçün qablar, bir sözlə, əsgər gələnə qədər artıq xidmətçilər tərəfindən qablar hazır vəziyyətdə olur. Əsgərlər gəlir, bir nəfər təyin olunur hamı üçün birinci yeməyi çəkir, sonra əsas yeməyi də yeyib gedirlər, heç nəyə əl vurmurlar.

Aşpazları işə götürəndə, onlardan sertifikat tələb edirik, peşə məktəbi və ya texnikumun sertifikatını təqdim edir ki, bununla bağlı kurs keçib. Bundan əlavə 1 il ərzində artıq 5-ci dəfədir özümüz tərəfindən N saylı hərbi hissəmiz var, orada aşpazlıq kursu təşkil eləmişik. Orada dərsin keçilməsi üçün, yeməklərin bişirilməsi üçün hər cür şərait var. Orada 1 aylıq kurs keçirlər, istər əsgərlər, istər müddətdən artıq hərbi xidmət keçən hərbi qulluqçular və ya işə götürdüyümüz sertifikatlı mülki işçilər də var. Son 1 il ərzində 3-cü dərəcəli aşpaz ixtisası üzrə 400-dən yuxarı sertifikat vermişik. Bu o deməkdir ki, bu adam aşpaz və ya aşpaz köməkçisi işləyə bilər.

Digəri isə özünəxidmət üsuludur, hansı ki, hazırda ən çox buna üstünlük verilir. Görürsünüz ki, digər servisdə nə qədər qab-qacaq var. Onu almaq, yuyub-təmizləmək böyük bir işdir. Bunda isə hər şeyə, eyni zamanda da vaxta qənaət edirsən. Bizdə artıq stasionar hərbi hissələrin hamısında, hətta döyüş bölgəsinin ehtiyat bölməsində yeni yeməkxanalar tikilib və hamısında artıq bu sistemdən istifadə edirik. Əsgərlər düzülür özünəxidmət xəttinə, kombinə olunmuş qablarını götürürlər, gördüyünüz kimi, burada birinci yemək üçün də, ikinci yemək üçün də, salat üçün də, çay və ya kompot üçün də, çörək, çəngəl-qaşıq qoymaq üçün də yer var. İkinci xidmət olan özünəxidmətdə stolun üstü boş olur. Əsgər özü gedib hər şeyini götürür, yeməyini yeyir, sonra gedəndə də qabını aparıb təhvil verir. Birinci sistemlə 1000 əsgər varsa, 1000 stol açırıq, bu sistemlə 1000 əsgərə 250 stol açırıq. Yəni əsgərin bir hissəsi gəlib yeyir, gedəndə digər hissə gəlir. Bu daha operativ, rahat üsuldur, həm də biri var 1000 dənə bu qabdan yuyasan, biri də var o birində hər yemək üçün ayrı qab var, işlər görün nə qədər artır, hələ qazanları da var”.

E.Yəhyayev deyir ki, yeməklər də çeşidlə hazırlanır: “Komanda vermişik ki, bir cür yemək bişirilməsin. Məsələn, nahar yeməyində ən azı iki cür birinci yemək, iki cür ikinci yemək və iki cür salat olsun. Həm də praktikaya baxırıq ki, əsgərlər daha çox nəyə üstünlük verirlər. Əsgərlərin üstünlük verdiyi yeməyi daha çox bişirməyə çalışırıq. Məsələn, tutaq ki, mərci supu və düşbərə bişirilib, baxırıq ki, mərcini az adam yeyir, 30%-nə mərci bişiririk, amma düşbərəni hamı sevir, ona görə 70%-nə düşbərə bişirilir. Elə adam var, xəmir yeməyi yemir, ona görə də 100%-lik düşbərə bişirmək olmaz. Əsgərlərin seçim şansı olur, biri deyir badımcan dolması istəyirəm, o biri deyir kələm dolması və ya biri yeməyin üstündə qiymə istəyir, digəri kotlet.


Ötən ildən yeməklərin resepti, hazırlanma qaydası, içərisinə vurulan ərzaq norması və s. hamısının qeyd olunduğu kitabçalar hazırlanıb. Bu kitabçada 19 adda salat var, yəni həftədə bir dəfə menyu tətbiq edəndə 1 salat bir də 15 gündən sonra təkrarlanır, çeşidlilik təmin olunur. Bundan əlavə, 16 adda birinci yemək var, bunlar sırf milli xörəklərdir. Bunlar sadəcə qeyd üçün deyil, hamısını tətbiq edirik, əsgərlərimizə hazırlayıb veririk. 25 adda ikinci yemək çeşidimiz var. Bu, əmrlə təsdiq olunub orduya göndərilən bir şeydir”.

Eldəniz Yəhyayev deyir ki, 2013-cü ilin sonuna qədər bizim ümumqoşun ərzaq payı norması 3600 kilokalori təşkil edirdi. Müdafiə Nazirliyinin təklifi ilə ərzaq təminat normaları ilə bağlı Nazirlər Kabinetinin qərarına dəyişiklik ediləndən sonra bir əsgərin sutkalıq ərzaq payı norması 4000 kaloriyə çatdırıldı:

“Bundan əlavə, bizim döyüş bölgəsində yerləşən, yəni ön xəttə olan hərbi hissələrimizdə olan əsgərlərimiz daha çox enerji itirirlər, bu səbəbdən onların qidalanmasını daha da yaxşılaşdırmaq üçün onlara gün ərzində əlavə ərzaq payları verilir. Bunlar isə nədən ibarətdir – əsgər döyüş növbətçiliyində durursa, 4000 kaloridən əlavə, 4 addan ibarət 413 kalori ərzaq alır. Əgər bu əsgər həm döyüş bölgəsində, həm də dağlıq ərazidədirsə, onda o əlavə 413-ün üzərinə bir 413 kalori də gəlir. Bu zaman bir əsgər sutka ərzində 4826 kalorilik ərzaqla qidalanır. Əgər bu əsgər 1000 m yüksəklikdən, 1500 m yüksəkliyə gedirsə, əlavə olaraq 13 kalori yenə üzərinə gəlir və 4840 kalori olur”.

Eldəniz Yəhyayev deyir ki, 6 aylıq ərzaq təminatı göndərdiyimiz hərbi hissələrimiz var, hansı ki, yüksək dağlıq ərazidə yerləşirlər, qar yağandan sonra gediş-gəliş çətinləşir: “Onlarda çeşidliliyi təmin eləmək üçün konservləşdirilmiş ərzaq məhsulları göndəririk. Birinci konservamız küftədir, sadəcə konservləşdirilmiş formada saxlanılır. İkinci konservamız ətlə yaşıl noxuddur. Digər konserva qarışıq dolmadır, yəni pomidor, badımcan, bibər dolmasıdır. Birinci yemək olan mərci supunun da konservləşdirilmiş formasını göndəririk. Digər ət konservamız isə arpa yarması və qarabaşaqladır, çox yaxşı yeməklərdir. Bu ildən çeşidliliyi təmin eləmək üçün 4 çeşiddə əlavə konservalar da aldıq. Bunlardan biri kələmli toyuq ətidir. Digəri ətli lobya, qiyməli qarabaşaqdır. Bir konservamız da tas kababdır.

Bundan əlavə, 6 aylıq ərzağı əvvəldən göndərdiyimiz üçün quru tərəvəzlər də göndəririk. Şəraitə uyğun olaraq tərəvəzi 1 aya qədər saxlamaq olur, amma 1 aydan sonra xarab olur. Ona görə quru tərəvəz göndəririk. Bizdə bütün növ tərəvəzlərin qurudulmuşu var, məsələn, quru kök, kələm, soğan, kartof, müxtəlif göyərti quruları, ədviyyatlar və s. Bu tərəvəz qurusu birinci suda yuyulur, isti suya atanda isə şişir və bişir, amma tam təbiidir hamısı. İstehsalın çox hissəsi Azərbaycanda olur”.

E.Yəhyayev deyir ki, ordunun bölmələrinin xüsusiyyətlərinə görə, qidalanmalar da dəyişir. Məsələn, bəzi bölmələrimizə əlavə olaraq halva, zeytun konservi, şokolad verilir. Kolbasa var, kofe var. Şokolad və kolbasa təyyarəçilərimizə də aiddir. Kofenin əvəzetmə normalarından istifadə edib bütün orduya verə bilirik.


Bu isə ümumqoşun quru ərzaq payıdır. Əsgərə ərzaq çatdırmaq mümkün olmayan vaxtı verilir, içərisində bütün növ ərzaqlardan var. İçərisində 2 cür konserva olur, bir ədəd sırf ət konservi olur, bir ədəd paştet. Paştet dediyim ki, 2014-cü ildən əlavələr olanda daxil edilib. Əvvəllər qatılaşdırılmış süd az idi, sonradan onu da çoxaldıb 100 qr etdik. Daha sonra burada vitaminli içki olur. Adi qaynanmış isti suya töküb içirsən. Bu isə həbdir, döyüş vaxtı mənbəyi məlum olmayan yerdə su götürüb içməli ola bilərsən. Bu həbdən birini bir litr suya atırsan, müəyyən müddətdən sonra suyu təmizləyir və o su artıq içməli olur. Bu isə portativ yanacaq dəstidir. Konservləşdirilmiş məhsulu isitmək üçün dəmir altlığı qoyursan, portativ yanacağı da yandırırsan, özü də onun havalanması elədir ki, küləkdə də sönmür. Konservanı onun üzərinə qoyursan, isinir.

Sonda Eldəniz Yəhyayev bildirdi ki, elə hərbi hissələrimiz var yeməkxanadan uzaqda yerləşir. Yeməklər hazırlandıqdan sonra termoslarda hərbi hissəyə aparılır. Bu termoslarda yeməyi ən azı 2 saat rahat saxlamaq olur.


Günay Elşadqızı / METBUAT.AZ

FOTO: Müzəffər İsmayılov


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı